Martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd olunur

Mart ayının 23-ü Dünya Meteorologiya Təşkilatı (DMT) və ona üzv olan ölkələr tərəfindən Beynəlxalq Meteorologiya Günü kimi qeyd olunur.

Lent.az xəbər verir ki, həmin gün 1961-ci ildən etibarən təqvimə salınıb.

Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin əhəmiyyətinə önəm vermək, günümüzün ciddi problemlərindən olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına diqqəti çəkməkdir.

Hər il bu tarixdə insanlara  meteoroloji xidmətin mahiyyətini başa salan yeni şüarlar seçilir.

Bu ilin devizi  isə “Günəş, Yer kürəsi və Hava”dır.

Qeyd edək ki, Dünya Meteorologiya Təşkilatı 1950-ci il martın 23-də atmosfer hadisələri, okeanların atmosferlə əlaqəsi, iqlim və su resurslarının Yer üzərində paylanma nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb.

Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərindədir.

Dünya Meteorologiya Təşkilatı 1873-cü ilin sentyabrında Vyana şəhərində yaradılmış və ən qədim beynəlxalq təşkilatlardan biri olan Beynəlxalq Meteorologiya Təşkilatının sələfidir.

Qurum 1951-ci ildən BMT-nin Xüsusi Agentliyidir.

Azərbaycan Respublikası 1993–cü ildən Dünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulub və sənəddən irəli gələn bütün tələbləri yerinə yetirir, təşkilatın qəbul etdiyi qərarları icra edir.  

Azərbaycan müntəzəm olaraq meteoroloji, hidroloji, iqlim müşahidələri ilə məşğuldur, beynəlxalq və regional miqyasda məlumat mübadiləsi aparır.

Belə ki, 2001-ci ildən fəliyyətə başlayan  Hidrometeoroloji Proqnozlar Bürosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin operativ bölməsidir.

Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat), aylıq proqnozlar, Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli dəniz hidrometeoroloji proqnozlar tərtib edilir.

Hava şəraitində kəskin dəyişiklik, Xəzər dənizində təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr gözlənilirsə, əvvəlcədən hazırlanıb müvafiq orqan və təşkilatlara vaxtlı-vaxtında məlumat çatdırılır.

LENT

20 Aprel 2019

Digər xəbərlər >>>