Uğur qazanan idmançılarla görüş keçirildi
19 mart 2019 16:11 (UTC +04:00)

Uğur qazanan idmançılarla görüş keçirildi

22 yaşadək boksçular arasında Avropa çempionatı və yeniyetmə ağırlıqqaldıranlar arasında dünya birinciliyində uğur qazanan Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib.
 
Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyində (GİN) təşkil olunan yığıncaqda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katib Rizvan Rəsulov, məşqçilər və idmançılar iştirak ediblər.
 
Boksçuları Rusiyanın Vladiqafqaz, ağırlıqqaldıranları ABŞ-ın Las-Veqas şəhərindəki yarışda qazanılan qələbə münasibətilə təbrik edən İ.İsmayılov millimizin əldə etdiyi medalları tarixi nəticə adlandırıb: "Azərbaycan idmançılarının uğuru bizi sevindirir. Dövlətimizin qayğısını həmişə hiss edirik. İldə 57 beynəlxalq yarışın ölkəmizdə keçirilməsi Azərbaycan adına böyük göstəricidir". 
 
R.Rəsulov bildirib ki, əldə olunan uğurun arxasında böyük zəhmət durur: "Yarışa 5 idmançı ilə qatılmışdıq. Hamısı səfərə tam hazır yollanmışdılar. Uşaqların inadkarlığı, məşqçilərin taktikası sayəsində 7 ildən sonra medal kolleksiyamızı zənginləşdirdik. Bu heyət gələcəyin komandasının formalaşmasında böyük rol oynayacaq". 
 
Ağır atletika üzrə millinin baş məşqçisi Asif Məmmədovun sözlərinə görə, komandamız dünya birinciliyinə tam heyətlə yollana bilmədiklərini deyib: "Yarışa daha böyük heyətdə qatıla bilərdik. Ancaq zədələr bəzi idmançıların ABŞ-a getməsinə əngəl oldu. Amma bu dəfə dünya birinciliyində daha çox medal qazana bildik".
 
N.Səfərov öncə tədbir iştikaçılarını İlaxır çərşənbə günü münasibətilə təbrik edib: "Müqəddəs bir gündə görüşürük. Hər birinizi Novruz bayramı münasibətilə təbrik edirəm. Avropanın ən güclü yığmaları Rusiya və Belarusdur. Biz onlarla rəqabət aparırıq. Nəticə və idmançılarımızın çıxışı qənaətbəxş oldu".
 
O qeyd edib ki, medallarımızın sayı və əyarı daha yüksək ola bilərdi: "Ancaq hakimlərdən narazı qaldıq. Təəssüf ki, hazırda boksda etiraz etmək mümkün deyil. Amma növbəti dünya çempionatında bu problemin aradan qaldırılması planlaşdırılır. Yarışda videotəkrar sisteminin tətbiq olunması da gözlənilir. Bizim uduzduğumuz döyüşlərdə eyni hakimlər yer almışdı. Onların da başında erməni əsilli hakim dururdu. Məsələn, Rüfət Hüseynovun döyüşünə baxsaq, boksçumuz qələbə qazanmışdı. Lakin üstünlük rəqibə verildi və o, növbəti mərhələyə adladı. Bütün bunlarla bağlı AIBA-ya şikayət məktubu ünvanlamışıq".
 
Boks yığmasının böyük məşqçi Nəriman Abdullayev bəzi görüşlərdə hakimlərin ədalətsizlik qərarları ilə üzləşdikərini vurğulayıb: "Hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticədən razıyıq. Bu gənclərin inkişafı üçün önəmli turnir oldu".
 
Baş məşqçi Vaqif Şirinov da nəticənin qənaətbəxş olduğunu söyləyib: "Hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticədən razıyıq. Bu, gənclərin inkişafı üçün önəmli turnir idi. Gələcəkdə əsas yığmanın heyətinin 50 faizi dəyişəcək, yeni adlar olacaq. Bu gün heyətdə yer alanlar gələcəkdə əsas komandanı təşkil edəcəklər. Çempionat göstərdi ki, düzgün yoldayıq".
 
Qeyd edək ki, boksçulardan Məhəmməd Abdullayev (+91 kq) qızıl, Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) bürünc medala yiyələnib. Ağırlıqqaldırma üzrə dünya birinciliyində Ömər Cavadov (55 kq), Rüstəm Qasımov (67 kq) birdən qaldırma hərəkətində, Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda 3-cü olub. Rəhman Kazımov isə +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.
# 566
avatar

Oxşar yazılar