Yevlaxda 1,063 ədəd patron aşkarlandı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Yevlax rayonu ərazisində silah və patronların tapılması barədə daxil olan  məlumata  əsasən xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.

 

Xəbərdə qeyd olunur ki, agentliyin mütəxəssisləri və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə “Almalıq” adlanan otlaq sahəsinə baxış keçirilib.

 

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1,063 ədəd 5.45 mm-lik patron və 1 ədəd korroziyaya uğramış avtomat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Patronların ətrafında 1,000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar-18 mart tarixlərində 63 siqnal (əməliyyat çağırışı) əsasında 55 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,189 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə minavə 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 98,295 kv.m ərazi yerüstü və 7,302 kv.m ərazi yeraltı yoxlanılıb.

LENT

23 Aprel 2019

Digər xəbərlər >>>