Sürüşmə zonasındakı ailələrə növbəti ayın kirayə pulu verildi

Nazirlər Kabineti Bakı şəhərinin Bayıl yamacındakı sürüşmə zonasında evləri olan 98 ailəyə müvəqqəti kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq daha bir ay kirayə haqqı verilməsi barədə qərar qəbul edib.
 
ONA-nın məlumatına görə, qərara uyğun olaraq mart ayı üçün ailələrə kirayə pulu verilməyə başlanıb.
 
Qeyd edək ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti tərəfindən yaradılan Dövlət Komissiyasının qərarı ilə həmin 6 ev köçürülüb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşüb, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
 
Nazirlər Kabineti sürüşmə zonasında yaşayan 98 ailənin də müvəqqəti olaraq həmin ərazidən köçürülməsi və onlara kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq fevral ayından başlayaraq 11 ay müddətində kirayə haqqı verilməsi barədə də qərar verib. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. 2018-ci ilin dekabrında 11 aylıq müddət başa çatıb və Nazirlər Kabinetinin qərarı ilə bu müddət daha 2 ay artırılmışdı. Nazirlər Kabinetinin son qərarı ilə bu müddət daha bir ay artırılıb.

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>