Elşən Nəsibovun YENİ kitabı
18 mart 2019 14:00 (UTC +04:00)

Elşən Nəsibovun YENİ kitabı

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun yeni kitabı çapdan çıxıb.
 
Lent.az-ın xəbərinə görə, “Diplomatiya” (II hissə) adlanan kitab üç fəsildən ibarətdir.
 
Birinci fəsildə diplomatiyanın aid olduğu, əhatələndiyi  və xidmət göstərdiyi dünya siyasətinin əsasları şərh olunur, “Dünya siyasəti” anlayışının tərkib elementləri aydınlaşdırılır. Dövlətlərin dünyada məqsəd və vəzifələri təhlil olunur və tərkib elementlərin sistemlilik xassəsi aşkarlanır. Daxili siyasətlə xarici siyasətin əlaqəsi və bütövlük prinsipləri ifadə edilir. Ölkələrin dünyada maraqları və xarici siyasətin əsasları təhlil  obyektinə çevrilir. Dünya siyasətinin formalaşmasında dövlətlərin iştirak əsasları qeyd olunur.
 
İkinci fəsil diplomatiyanın tərkib elementlərini müəyyən edən təhlillərdən ibarətdir. Burada diplomatın kimliyi (şəxsiyyət kimi), onun bacarığı və peşəyə qadir olması kriteriyaları, peşə tələbləri, diplomatik danışıqların əsaları, diplomatik etiket və protokol, fəxri diplomatiya, eləcə də  immunitet və imtiyazlar fəlsəfəsi ilə əlaqədar müəyyən fikirlər öz əksini tapır. Diplomatik nümayəndəliklərin təşkili  və ləğvi əsasları izah edilir. Həmçinin diplomatik vasitələr və alətlər sistemləşdirilir, onların xassələri aşkarlanır.
 
Əsərin üçüncü fəsli isə  diplomatik strukturlar, hüquqlar, funksiyalar və vəzifələrə həsr olunur. Hakimiyyət qollarının diplomatik funksiyaları təhlil olunur. Diplomatik strukturların aparat xassələri və aparat funksiyaları  izah olunur.  Burada diplomatik qurumların hüquq və vəzifələri əks olunur, diplomatik vəzifələrin və rütbələrin  müəyyən olunmasının əsasları qeyd olunur. Həmçinin diplomatik xidmət əməkdaşlarının təsnifat kriteriyaları, vəzifə və rütbə uyğunluqları şərh olunur. Bu fəsildə diplomatik siniflərin vəzifə və funksiyaları haqqında bəzi fikirlər yer alır. Fəsildə həmçinin diplomatik razılıqlar, diplomatik səfərlər, diplomatik yazışmalar  və beynəlxalq sənədlər haqqında müəyyən analitik fikirlər bildirilir.
 
Kitab diplomatiya peşəsində çalışanlar və bu peşəyə yiyələnmək üçün ixtisas alan tələbələr, həmçinin xarici siyasət sahəsində  elmi fəaliyyətlə məşğul olan mütəxəssislər üçün tövsiyə olunur.
# 957
avatar

Oxşar yazılar