[b]Dünya Kubokunun ilk günü - 3 gimnastımız FİNALDA[/b]
14 mart 2019 17:39 (UTC +04:00)

[b]Dünya Kubokunun ilk günü - 3 gimnastımız FİNALDA[/b]

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ilk günü başa çatıb. ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışda 5 növ üzrə təsnifat mərhələsinin çıxışları yekunlaşıb. 
 
Kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda bacarıqlarını nümayiş etdiriblər. Azərbaycan millisinin 4 üzvü də final mərhələsi üçün mübarizə aparıb. 
 
Təmsilçilərimizdən Murad Ağarzayev sərbəst hərəkətlərdə 14,066 xal yığaraq, 7-ci yeri tutub. Bu nəticə onu növbəti mərhələyə daşıyıb. Halqalarda qüvvəsini sınayan Nikita Simonov da komanda yoldaşının uğurunu təkrarlayıb. Hakimlərdən 14,433 xal alan gimnastımız final mərhələsinə 8-ci yerin sahibi kimi çıxıb. 
 
Simonov paralel qollarda da mübarizə aparıb. Lakin o, bu dəfə “səkkizliy”ə düşə bilməyib. Bu gün keçirilən hər 3 alətlə çıxış edən İvan Tixonov da yarışa qoşulub. Lakin o, final mərhələsinə vəsiqə qazana bilməyib. 
 
Yarışdakı yeganə xanım təmsilçimiz Mariya Nekrasova 2 hərəkətin icrasında gücünü göstərib. Onun dayaqlı tullanması daha uğurlu alınıb. 13,966 xalla 7-ci olan gimnastımız final mərhələsinə yüksəlib. Müxtəlif hündürlüklü qollarda 11,433 xal yığan idmançımız 13-cü yerlə kifayətlənib. 
 
Qeyd edək ki, təsnifat mərhələsi sabah da avam edəcək. Gimnastlar 5 alətlə qüvvələrini sınayacaqlar. 
 
# 662
avatar

Oxşar yazılar