Tofiq Tağızadənin yaradıcılıq otağı onun muzeyi oldu
14 mart 2019 16:14 (UTC +04:00)

Tofiq Tağızadənin yaradıcılıq otağı onun muzeyi oldu

Martın 14-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olub.

 

Lent.az xəbər verir ki, açılış mərasimində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və rejissorun ailə üzvləri iştirak ediblər.

 

Mərasimdə çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bildirib ki, görkəmli sənətkarları yad etmək çox böyük şərəfdir.

 

“Kinostudiyanın hər bir qarışı, hər bir otağı kino tariximizi özündə yaşadan xatirələrlə zəngindir. Bu gün tədbirdə korifey sənətkarlarımız iştirak edirlər. Bəzən belə bir sualla müraciət edirlər ki, bu yaradıcılıq otaqlarının yaradılmasının əhəmiyyəti nədir? Köhnə binada bu layihələrin həyata keçirilməsinə nə ehtiyac var? Vaxtilə görkəmli sənətkarların çalışdığı kinostudiya həm bir tarix, həm də gənc nəsil kinematoqrafçılar üçün örnək məkandır. Elə bu səbəbdən də vaxtilə bu binada çalışmış unudulmaz, korifey kino xadimlərimizin xatirəsini əbədiləşdirmək qərarına gəldik. Bu insanların Azərbaycan kinosunda xüsusi xidmətləri var və biz bu ənənəni davam etdirəcəyik”, - deyə M. Hətəmov söyləyib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova layihənin təşəbbüskarlarına təşəkkür edib. Deyib ki, bu işin ənənəyə çevrilməsi, korifey ustadların çalışdığı otaqların bərpa olunması gələcək üçün tarixdir:

 

“Bu gün kinostudiyanın dəhlizlərində bu sənətkarların ruhu və əziz xatirələri yaşayır. Bu otaqda da həmişə xoş xatirələr anılacaq”.

 

Xalq artisti, rejissor Oqtay Mirqasımov Tofiq Tağızadə ilə bağlı xatirələrini bölüşüb:

 

“Mən onunla birlikdə uzun müddət çalışmışam. Daha erkən yaşlarımdan bu gözəl insanla ünsiyyətdə oldum. Onun çox yüksək insani keyfiyyətləri mənim üçün bir məktəb idi. Bu gün xarakterimdə ondan öyrəndiklərimin də təsiri var. O, təbiətən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda bu qəribəliklər vardı. Ustadım hər zaman məğrur və iradəli idi”.

 

Tofiq Tağızadənin rejissoru olduğu “Yeddi oğul istərəm” filminin aktyorları Xalq artistləri Əbdül Mahmudov, Ənvər Həsənov, Rafiq Əzimov və başqaları qeyd ediblər ki, böyük sənətkarlar öz yaradıcılıqları ilə özlərinə əbədi heykəl qoyurlar. Tofiq müəllim də öz filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan rejissorlardandır.

 

Aktyorlar ölkə rəhbərliyinə son günlərdə kino sahəsinə ayrılan diqqətə və kinostudiyanın bu layihəsinə görə minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, Azərbaycan kinosu daim yaşayacaq və bu sənətdə iz qoyan sənətkarların məktəbi gənc nəsil tərəfindən ləyaqətlə davam etdiriləcək.

 

Vurğulanıb ki, rejissorun 100 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən silsilə tədbirlər keçirilir.

 

Sonda sənətkarın ailəsi adından Əməkdar artist Firdovsi Atakişiyev çıxış edərək rejissorun xatirəsinin əbədiləşdirilməsi istiqamətində göstərdiyi diqqətə görə kinostudiyanın rəhbərliyinə təşəkkür edib. Ailə arxivindən dahi bəstəkar Qara Qarayevin vaxtilə “Uzaq sahillərdə” filmi üçün bəstələdiyi “Bakı haqqında” mahnısının not əlyazmasını yaradıcılıq otağına hədiyyə edib.

 

# 899
avatar

Oxşar yazılar