İki oğlunu öldürən “Dağlar Qocası”, dəhşət sektası, sirli məmləkət... – TARİXİN SANDIĞINDAN
13 mart 2019 20:19 (UTC +04:00)

İki oğlunu öldürən “Dağlar Qocası”, dəhşət sektası, sirli məmləkət... – TARİXİN SANDIĞINDAN

1192-ci il aprel ayının 28-də Tirdə Yerusəlimin nominal kralı Konrad Monferrat qətlə yetirildi. Bundan azacıq əvvəl o, bu titulu 1187-ci ildə Sultan Səlahəddinə məğlub olan Gi de Luzinyanın əlindən almışdı. Konradın qətlində hətta kral Şir Ürəkli Riçardı da günahlandırırdılar, çünki o, Luzinyanın tərəfində idi. Lakin əksəriyyət bu fikirdə idi ki, qatil “Dağlar Qocası”nın təbəələri olan assasinlər (həşhaşilər) idi. O zamanadək həmin insanların əli ilə Yaxın və Orta Şərqin bir çox hökmdarları qətl edilmişdi.

 

***

Konrad Monferrat (Korrado del Monferrato) (1145-1192), italyan əsilzadəsi; Yerusəlim kralı titulunu ələ keçirməyə müvəffəq olmuşdu. Amma o zaman şəhər çoxdan Səlahəddinin əlində idi. Konradı “Dağlar Qocası”nın müridləri qətlə yetirmişdi.

Səlahəddin (avropalılar ola Saləddin deyirdilər) (1138-1193) 1175-ci ildən Misir sultanı olub; səlibçilərə qarşı uğurlu yürüşləri ilə ad çıxarmışdı.

 

***

Bu sektanın tarixi çox qədim köklərə gedib çıxır – müsəlmanların iki təriqətə: sünnilərə və şiələrə parçalandığı zamanlara. Şiələr lap əvvəldən peyğəmbərin yeganə qanuni və ruhi varisi kimi, Həzrət Məhəmmədin qızı Fatimənin əri, müsəlman icmasının dördüncü xəlifi Əli ibn Əbu Talibi və onun nəslini – fatimiləri qəbul edirdilər. Birinci imam elə Əlinin özü sayılırdı. Onun varisləri isə şiə sektalarının əksəriyyəti tərəfindən şəksiz qəbul olunurdu. Lakin 765-ci ildə dünyasını dəyişən altıncı imam Cəfəri-Sadiq, ənənəyə zidd olaraq, özünün böyük oğlu İsmayılı imamətdən məhrum elədi və varis olaraq kiçik oğlu Museyi-Kazimi qəbul etdi. Onda şiələrin əksəriyyəti bu addımı qanunsuz sayıb, yeni bir təriqətin təməlini qoydular. Bu təriqətdən olanlar İsmaililər adlandırıldı. İsmaililər öz gizli imamlarına sadiq idilər. Onlar bütün müsəlman dünyasında böyük nüfuz sahibi idilər. 969-cu ildə Misiri fəth edən Fatimilər sülaləsinin əsasını da onlar qoymuşdu. Lakin Misir xəlifi əl-Müstənsir də, ənənələrə zidd olaraq, taxt-tacı kiçik oğlu əl-Müstəliyə verdi; onun böyük oğlu Əbu Mənsur Nizar (əl-Mustafa li-Din il-Lah) isə hakimiyyətdən məhrum edildi. Bu ədalətsizlikdən qəzəblənən ismaililər Nizarın tərəfinə keçdilər; onun ölümündən sonra - 1095-ci ildə isə elan etdilər ki, bu zamandan etibarən, onların əsl gizli imamları Nizarın nəslindən gələn şəxslər sayılacaq. İsmaililər təriqətinin yeni qolu – Nizarilər belə yarandı.

Həsən Səbbah (1055-1124) nizarilər sektasının banisi. “Dağlar Qocası” bütün Yaxın və Orta Şəqri misilsiz qorxu altında saxlayırdı.

 

Nizari ismaililərin ən məşhur lideri Həsən Səbbah 1055-ci ildə İranda, Rey şəhərində anadan olmuşdu. Onun atası Əli ora Yəməndən köçmüşdü. Ailə şiə təriqətində idi, lakin Həsən on yeddi yaşına yaxın ismaili vaizlərinin təsiri altında bu təlimi qəbul etmişdi. O zamanlar İranda səlcuqlar hökmranlıq edirdilər və onlar ismaililərə düşmən münasibəti bəsləyirdilər. Təxminən, 1076-cı ildə müəlliminin iradəsini yerinə yetirməyə çalışan Həsən Qahirəyə yollanır və orada məşhurlaşır, özünə çoxlu tərəfdar toplayaraq, tanınmış bir vaizə çevrilir. 1080-ci ilin əvvəllərində geri dönür. Hakimiyyət isə Misirdə ad çıxarmış təzə vaiz barədə artıq məlumatlı idi və ölkəyə gələn kimi onu tutmağa hazırlaşırdı. Həsən gizlənməyə məcbur olur. O, düz 10 il Şimali İranı gizlincə gəzib-dolaşır, ismaili icmalarının qollu-budaqlı və son dərəcə məxfi şəbəkəsini yaradır.

1090-cı ildə Həsən xeyli pul xərcləyib, Xəzər dənizinin cənubundakı dağlarda yerləşən, “Qartal yuvası” kimi tanınan Ələmut qalasını ələ keçirir. Qala Rudbar adlanan dağ yaylasının ortasında, təxminən, 200 metr yüksəklikdə sal qayanın zirvəsində ucaldılmışdı və hərbi baxımdan əlçatmaz sayılırdı. Rudbar sakinlərinin də böyük əksəriyyəti ismaili təriqətindən idi. 1091-ci ildə Həsənin tərəfdarları Xorasanın dağlıq ərazisi Kuhestanda üsyana qalxır və Dəra qalasını tutub, orada möhkəmlənirlər. Tezliklə, Kain, Tun, Turşiz, Zayzən, Təbəs, Hur və başqa ətraf şəhərlər də onların tabeliyinə keçir və oralarda səlcuq hakimiyyəti ismaililərin hakimiyyətilə əvəz olunur.

İran sultanı I Məlik-şah 1092-ci ilin əvvəlində Həsənin üzərinə əmir Arslan-taşın sərkərdəlik etdiyi qoşunu göndərir. Bu zaman Ələmut qalasının qarnizonu cəmi 60-70 nəfərdən ibarət idi. Mühasirə oktyabr ayınadək davam edir. Axırda qalanın köməyinə ismaililərin 300 nəfərlik dəstəsi yetişir və onlar səlcuq əmiri üzərində qələbə çalırlar.

Mühasirə zamanı Ələmut qalasının şöhrətini aləmə yayan maraqlı bir hadisə baş verir. Həsən Səbbah köhnə düşməni vəzir Nizamülmülklə haqq-hesab çəkmək üçün müridlərindən birinə vəziri öldürməyi tapşırır. Həmin şəxs Tahir Ərrani adlı bir cavan idi. Tahir vəzirin yaşadığı Həmədan şəhərinə yollanır, dərviş libası geyərək, guya sədəqə istəmək üçün Nizamülmülkün kəcavəsinə yaxınlaşır və onu xəncərlə ağır yaralayır. Cavan oğlan hadisə yerindən uzaqlaşa bilmir, onu yaxalayırlar. Zindana aparılanda Tahir Ərrani yolda qaçmaq istəyir, amma gözətçilər tərəfindən qətlə yetirilir. Bir neçə gün sonra yaralı vəzir də ölür.

Nizamülmülkdən bir ay sonra isə Məlik-şah dünyasını dəyişir.

İranda daxili çəkişmələr başlanır. Bundan istifadə edən Həsən Səbbah öz ərazilərini genişləndirməyə girişir. “Dağlar Qocası”nın həyatının axırlarına yaxın ismaililərin əlində Dəmqan, Fars, Xuzistan və Mazandaran əyalətlərinin onlarla qalası vardı. Bütün dünyada məşhur olan Qalalar məmləkətinin ərazisi bütöv deyildi, amma İranın bir çox nahiyələrini öz təsiri altında saxlayırdı. Bu Qala-dövlətin şəksiz ali başçısı isə Həsən Səbbah idi. O, özünü “imamın dayısı” adlandırırdı, amma müasirləri onu Şeyx əl-cibal – yəni “Dağlar Qocası” kimi tanıyırdılar. Həsən Səbbah 35 il ərzində Ələmut qalasından heç çıxmadı və cəmi ikicə dəfə yaşadığı evin damına qalxdı. Öz şeyxlərindən ibrət götürən nizarilər asketik həyat yaşayırdılar. Bu həyatda bütün əyləncələr, musiqi istisna olunurdu, şərab yasaq idi. Bu qanunu pozduğuna görə, “Qoca” böyük oğlunu edam etdirmişdi. Onun digər oğlu isə atasına qarşı qəsddə iştirak ittihamı ilə öldürülmüşdü. Onun günahsızlığı sonradan bəlli olmuşdu.

Həsən Səbbahın qiyabi olaraq ölümə məhkum etdiyi hər kəs gec-tez öldürülürdü. Həmin şəxsləri heç nə – nə pul, nə vəzifə, nə cangüdənlər xilas edə bilməzdi. Belə qətlləri, adətən, özünü şəhid etməyə hazır fədailər həyata keçirirdi. İsmaililər dövlətinin süqutundan sonra Marko Polonun səyahətnaməsində fədailərə necə təlim verildiyi təsvir olunurdu. Cavanları yatırdır və elə yatmışkən gözəl bir bağa keçirirdilər. Onlar ayılanda, öz ətraflarında cənnət hurilərinə bənzər gözəl qızlar görürdülər. Həmin bağda süni çaylar vardı - eynən cənnətdəki çaylar kimi, onlardan da bal, süd, şərab axırdı...

Bir müddətdən sonra həmin cavanları təzədən yatırır və geri qaytarırdılar. Onlara təlqin olunurdu ki, yuxularında cənnətə gediblərmiş. Yalnız bundan sonra onlara növbəti qurbanı öldürmək tapşırılır; tapşırığı yerinə yetirəndən sonra mütləq cənnətə düşəcəkləri vəd olunurdu...

Çox mümkün ki, bütün bunlar Marko Polonun fantaziyaları idi, axı ismaili-nizarilərin asketik, nəfssiz bir həyat yaşaması artıq təsdiq olunmuş bir faktdır. Əslində necə olduğu bəlli deyildi, amma fədailərdən qorxmayan yox idi. Onlar dondan-dona girərək öz qurbanlarını aylarla, hətta illərlə güdə bilərdilər – axırda mütləq məqsədlərinə çatırdılar. XII əsrdə belə hesab olunurdu ki, fədailər öz qətllərini narkotik məstlik vəziyyətində törədirlər. Ərəb sözü olub, həşiş aludəsi anlamını daşıyan “həşhaşi” sözü avropalılar tərəfindən “assasin” şəklinə salınaraq, bir çox dillərə keçmişdi və “qatil” mənasında işlənirdi. Lakin bu sirli qatillər haqda şayiələri ən çox onların qatı düşmənləri - səlibçilər yayırdı.

1118-ci ildə hakimiyyətə gələn İran şahı Mazəndara Həsən Səbbahla üç şərtdən ibarət sülh sazişi bağlayır:

- Nizarilər yeni qalalar tikməyəcək;

- yeni silah almayacaq;

- insanları öz məzhəblərinə dəvət etməyəcəklər.

Həsənin xələfləri bu şərtlərə tam əməl etməsələr də, sülh bir də pozulmur.

Həsən Səbbah 1124-cü ilin may ayında dünyasını dəyişir. Onun varisləri dövləti xeyli müddət idarə edir və aralarındakı ziddiyyətlərə, bəzən hətta ehkamlardan yayınmaqlarına, ondan imtina etmələrinə baxmayaraq, əhəmiyyətli güc mərkəzi olaraq qalırdılar.

İrandakı İsmaili dövlətinə son qoyan daxili deyil, xarici qüvvələr – monqollar oldu. 1253-cü ilin mart ayında onların üzərinə Kitbuki-noyonun rəhbərlik etdiyi monqol qoşunu yeridi. Nizarilər uzun müddət qətiyyətlə müqavimət göstərdilər. Axırda işə Hülakü xanın özü girişdi. 1256-cı il dekabrın 19-da Ələmut qalası süqut etdi; yanvarda isə Lamasar düşmən əlinə keçdi. Nizarilərin qala-dövlət məmləkəti yox oldu, lakin “Dağlar Qocası” haqda əfsanələr indiyədək yaşayır.

 

Nizarilər dövləti Bütün İran və Suriya ərazisinə səpələnmiş qalalar şəbəkəsindən ibarət idi.

 

Bu dağlarda nizarilərin əsas dayaq mərkəzi, Həsən Səbbahın iqamətgahı olan Ələmut qalası ucalırdı.

 

Ələmut qalasının qalıqları.

 

İsmaililər dövləti öz nüfuzunu İranın sərhədlərindən uzaqlara yaymışdı. Suriyadakı məşhur Məsyaf qalası da onlara məxsus idi.

 

 

# 4166
avatar

İlqar Əlfi

Oxşar yazılar