<b>Daha iki ölkə təyyarə boykotuna qoşuldu</b>
13 mart 2019 17:24 (UTC +04:00)

Daha iki ölkə təyyarə boykotuna qoşuldu

Misirin Mülki Aviasiya Nazirliyi Efiopiyada 157 insanın, o cümlədən səkkiz heyət üzvünün həlak olması ilə nəticələnən aviasiya qəzasından sonra “Boeing 737 MAX” təyyarələrinin ölkə ərazisi üzərindən uçuşuna qadağa qoyub.
 
Lent.az Azərtac-a istinadən xəbər verir ki, məlumatda deyilir: “Mülki aviasiya hakimiyyəti orqanları sərnişinlərin və hava gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qabaqlayıcı tədbirlər kimi Misirin hava məkanında və onun bütün aeroportlarında “Boeing 737 MAX” təyyarələrinin uçuşu, enməsi və havaya qalxmasına qadağa qoymaq haqqında qərar qəbul edib”.
 
Bildirilir ki, bu informasiya bütün dövlətlərin diqqətinə çatdırılıb. “Egypt Air” milli aviadaşıyıcısının öz parkında bu sinifdən təyyarələr yoxdur və onları almağı planlaşdırmır.
 
Bu arada, Gürcüstan hökuməti də “Boeing 737-8 MAX” və “Boeing 737-9 MAX” tipli təyyarələrin ölkənin hava məkanında uçuşunu müvəqqəti dayandırıb. ONA xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
 
Bildirilir ki, qərarın məqsədi sərnişinlərin və uçuşların təhlükəsizliyini təmin etməkdir. Agentliyin məlumatına əsasən, Gürcüstanda “Boeing 737 MAX" tipli qeydiyyatda olan təyyarə yoxdur. Buna görə də bu məhdudiyyət ölkənin hava məkanına ciddi təsir göstərməyəcək.
 
 
Bu il martın 10-da Efiopiyada “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması və nəticədə 157 nəfərin ölməsi ilə Çin hava gəmisindən istifadəni rəsmən dayandırıb. Çinin Mülki Aviasiya Administrasiyası İndoneziyada və Efiopiyada eni tipli təyyarənin qəzaya uğramasında oxşarlıq aşkar etdiyini bəyan edib. Martın 12-də bir sıra Avropa ölkələri bu tipli təyyarələr üçün hava məkanların qapalı elan edib. Həmçinin Vyetnam, İndoneziya, Monqolustan, Oman, Rusiya, Qazaxıstan və Sinqapur qəzanın dəqiqi səbəbləri aydınlaşana qədər təyyarənin istifadəsini dayandırıb.
 
“Boeing 737 MAX” – “737” seriyasının buraxdığı 4-cü nəslidir və 2017-ci ildən istismara verilib. 
# 920
avatar

Oxşar yazılar