Aynadakı qadınlar – <span style="color:red;">Lent.az-da yazı serialı  – <span style="color:red;">I BÖLÜM
12 mart 2019 12:08 (UTC +04:00)

Aynadakı qadınlar – Lent.az-da yazı serialıI BÖLÜM

1-ci bölüm 

 

O

 

Aynalar qadınlar üçün yaranıb.

Qadın kişi üçün.

Hər qadın bir kişinin aynasıdır...

 

 

Mənim adım Buluddur.

Bulud Qara.

Bir həftədir ki, sevdiyim qadından ayrılmışam.

Sevdiyim deyəndə ki...

Yox, qoy hər şeyi əvvəldən danışım...

 

***

 

Hər şey bir dostumun ad günündə başlamışdı. Ümumi dostlarımızla şəhərin ən gözəl restoranlarının birində yeyib-içir, əylənirdik. Subaylar sevgililəriylə, evlilər həyat yoldaşlarıyla qatılmışdılar məclisə. Tək gələn mən idim, bir də ən yaxın dostum Surxay. Buna görə də yanbayan oturub, bütün cütlüklərə bir qədər həsədlə baxırdıq.

 

- Bizdən başqa oğlan cütlüyü yoxdur, - zarafatla dedi Surxay.

 

- Karın könlündəki! – Mən onun zarafatına qüvvət verdim və bizə yaxın olub bu qısa dialoqu eşidən hər kəslə birlikdə ucadan güldük.

 

- Doğrudan, siz niyə tək gəlmisiz? - dostlardan biri soruşdu.

 

- Bəyənən yoxdur da, neyləyək? – Surxay mənə göz vurub, cavab verdi.

 

Hə, elə bu an, məhz bu an mənimlə üzbəüz boş stula o gəlib oturdu... hə, o.... o, birdən sanki qəfildən qarşımda peyda olmuş kimi gözlərimə göründü. Bu nə idi? İçkili olduğum üçünmü başım dumanlanmışdı? Yoxsa o qadın elə bayaqdan burada imiş? Axı niyə o stulun boş olduğunu hiss etməmişdim? Niyə indi gördüm ki, o zərif, hündür, saçları çiyinlərində qıvrılan qara donlu qadın da yer üzündə varmış, o da mənim bu ad günü olan dostumun hansısa dostunun yanında ya sevgilisi, ya həyat yoldaşı kimi gəlib yeyib-içir, əylənirmiş? Yox, deyəsən, yanılmışdım axı. O, kədərli idi. Hətta sanki bir az əvvəl ağlamışdı da. Bunu onun qızarmış gözlərindən, hələ də hərdən xəfifcə içini çəkməsindən anlamaq olurdu. Baxışlarını sanki ətrafda heç kimi görmürmüş, tanımırmış kimi qarşısındakı, daha doğrusu, mənim də qarşımdakı, lənət şeytana, yəni aramızdakı şampan şüşəsinə zilləmişdi. Mən qeyri-ixtiyarı onun qədəhinə baxdım. Qədəhin dibində bir-iki qurtum şampan vardı. Deməli, içki təklif etmək və tanışlıq üçün bu bəhanədən yararlanmaq olardı. Elə bu düşüncənin hökmü ilə əlimi şampan şüşəsinə uzadıb qaldırdım və qadının baxışları da şüşənin üzərindən ani olaraq mənim əlimə, sonra üzümə yönəldi. İlahi!.. Mən özümü itirdim! Mən, az qala hər gün bir qadınla tanış olan, az qala hər həftə bir qadınla sevgili olan bir adam, nə edəcəyimi bilmədən əlimdə şampan şüşəsi, key kimi o qadının üzünə baxmağa başladım. Və elə bu vaxt Surxay qoluma toxundu:

 

- Dur tost de!

 

- Nə?

 

- Tost! Dur!

 

- Həə, - özümü toparladım, - elə onun üçün dururdum.

 

Və mən özümə şampan süzüb, ayağa durdum. Əlimdə qədəhim, gözlərimi ad günü olan dostuma zilləyib, bayaqdan fikrimi məşğul edən qadına sarı baxmamağa çalışaraq, indi bu dəqiqə bir kəlməsini belə xatırlamadığım hansısa sözlərlə uzun-uzadı bir təbrik nitqi söylədim. Hələ deyəsən arada bir şeir də dedim. Biabır olum mən! O nə kənd toyu tamadalığı idi edirdim? Mənə nə olmuşdu?

 

Bir də ayıldım ki, sözümü bitirmişəm, hamı əl çalır, şərab içir.

 

O da qədəhini qaldırıb, bir qurtum aldı. Mən yenə ona baxırdım və gözlərimiz  qarşılaşanda ani və xəfif bir işarəylə onun sağlığına içdiyimi bildirdim. Dərhal hiss etdi. Hiss edən kimi gözlərini qaçırdı. Mən son damlasınadək içdiyim qədəhi masaya qoyub qadının sağında və solunda əyləşən kişilərə baxmağa başladım. Görəsən o, bunların hansı ilə gəlmişdi? Sağdakı arıq, uzun, ağ köynəkli iləmi? Yoxsa soldakı dolu, sarışın, bığlı-kəkilli iləmi? Hmm... Qadın kişinin hansı tərəfində oturur etiketə görə? Bilmirdim ki. Mən harda qadınla oturmuşdum ki yan-yana? Ancaq yataq otaqlarındakı və ya otel nömrələrindəki çarpayılarda, vəssalam. Onda da nə fərqi olur, hansı tərəfdə sən oturasan, hansında qadın? Əsas odur ki, mən sevişdiyim qadınlarla sonra çarpayıda oturub siqaret çəkə-çəkə güzgüyə baxmağı sevirəm. Sevirəm? Ya xoşlayıram? Dəqiq bilmirəm ki. Deyəsən, adət etmişəm. Görəsən niyə? Niyə axı geyimi, bəzəyi, makiyajı üstündən tökülmüş, bir az əvvəl özünü mənə təslim etmiş qadının yarıçılpaq bədəni ilə özümün yarıçılpaq görkəmdə siqaret çəkməyim xoşuma gəlib həmişə? İlk dəfə niyə bunu eləmişəm axı, hansı filmin, hansı səhnənin altşüurumda qalmış təsiriylə? İniltilərin, pıçıltıların, nəvazişlərin əks-sədası yay gecələrindəki ilıq dəniz dalğası kimi divarları, tavanı yalayıb üstümüzə qayıdana qədər aynada özümüzü izləmək, siqaret dumanı arxasından xəyal kimi görmək o qədər gözəl hiss idi ki mənim üçün...

 

Surxay qulağımın dibində az qala bağırdı:

 

- Gərək qız tapıb gətirəydik özümüzlə.

 

- Niyə?

 

- Görmürsən, hamı qucaqlaşıb oynayır, mən də istəyirəm.

 

- Hamı oynamır ki. Tap birini oyna da.

 

- Dəlisən? Bıçağı soxsunlar olmayan qarnıma, deyirsən? – gülüb başını buladı, - görmürsən hamısının yiyəsi var?

 

Surxayın “yiyə” söhbəti yenə fikrimi qadına tərəf apardı. Kim idi yiyəsi görəsən? Hmm...tərslikdən heç biri də onunla danışmırdı. Sarının başı ancaq yeməyə qarışmışdı, uzun da ki qaşqabağını töküb oturmuşdu. Elə bil başına qapaz vurub zorla gətirmişdilər bura. Surxay düz deyirdi. Məclisdəki cütlüklərin demək olar ki, hamısı aram rəqs edirdi. Birdən elə istədim ki, durum gedim o qadının yanında dayanım, əlimi uzadım və rəqsə dəvət edim. Lap elə orta məktəbdəki sinif müəllimələrimizi tədbirlərdə dəvət etdiyimiz kimi. Mədəni, ağıllı, tərbiyəli cavan oğlan kimi.

 

- Bəsdir!!!

 

Qulaqlarıma və gözlərimə inanmadım. Bu sözü bağıran o idi!

 

Bir anlıq nə baş verdiyini anlamadım. Sanki fikirlərimi oxuyub mənim üstümə bağırmışdı. Amma qadının sağında oturub bayaqdan qaşqabağını tökən arıq-uzun tip birdən çönüb onun üzünə tərs şillə çəkəndə bildim ki, qadın elə onun üstünə bağırıbmış və qadının “yiyə”si də o imiş.

 

Həmin an məclisə ani bir sükut çökdü. Hamı şokda idi. Mən bir də onda ayıldım ki, masanın üstündən atılıb uzunun yaxasından yapışmışam və yumruğumla onu stul qarışıq yerə yıxmışam. Qadınlar qışqırışdılar. Surxay qolumdan çəkib “qarışma” dedi. Aləm dəymişdi bir-birinə. Qadınlar masadan kənara çəkilmişdilər. Kişilər məni və artıq ayağa durub burnunun qanını ağ köynəyinə silə-silə ana-bacı söyüşü söyən “qadın yiyəsi”ni bir-birimizə yaxın buraxmamağa çalışırdılar. Mən söyüşlərə dözə bilmirdim, qollarımı buraxmalarını istəyirdim ki, gedim salım onu təpiyimin altına, murdar ağzını da qana bulayım, bir də danışmağa ürək eləməsin. Lakin imkan vermirdilər. Bu vaxt Surxayın mənim yanımdan ayrılıb sürətlə o tipi tutanların üstünə getdiyini gördüm. Hamının fikri mənim və o tipin üstündə olduğuna görə kimsə Surxayı saxlamağı düşünməmişdi. Və Surxayın havada qəfil şimşək kimi görünüb itən təpiyi tipin ağzını necə tutdusa, həmin an huşunu itirib onu tutanların qollarından yerə sürüşdü.

 

- Oğraş! Şərəfsiz! – Surxay yerdə sərilib qalmış tipə tüpürüb ətrafa da səsləndi, - kömək eləyən də ondandı!

 

Biz zaldan çıxıb dəhlizdən keçdik və orda-burda iki-bir, üç-bir toplaşıb həyəcanla xısınlaşan qadınların maraq dolu baxışları arasından birtəhər qurtulub, foyeyə çatdıq. Mən həyəcanla onu axtarırdım. O qadını. O murdarın şilləsindən sonra gözümə dəyməmişdi. Görəsən kim idi? Hara getdi? O uzun-arıq tip onun nəyi idi? Hansı statusda “yiyə”si idi?

 

- Gəl də! – Surxay əsəbi halda məni restorandan çıxmağa tələsdirdi, - nə gözləyirsən?

 

- O qız üçün baxıram, görüm noldu, necə oldu.

 

- Əşşi, qızın da elə... – Surxay sözünün dalını gətirməkdən özünü birtəhər saxlayıb məni çölə çıxartdı, - adam balası olsaydı, şillə də almazdı xalxın içində! Allah bilir, neyləmişdi oğlana. Oğlan da ki şərəfsiz! İt oğlu!

 

Çöldə leysan vardı. 

 

Yağışın altında çiyinlərimizi qısıb, üst-başımıza gölməçələrdən su sıçramasın deyə ehtiyatla addımlaya-addımlaya mənim maşınıma sarı getməyə başladıq. Bu vaxt maşınlar dayanan yerdən bir maşın işıqlarını gözümüzə salıb, sürətlə üstümüzə gəlməyə başladı. Nə baş verdiyini anlamağa vaxtımız belə olmadı. Tez kənara çəkilsək də, maşın bir addımlığımıza kimi gəlib qəfil döndü və gölməçənin bütün palçıqlı suyunu üstümüzə sıçratdı.

 

- Sənin nəslinə nəhlət! – Surxay bağırdı.

 

Mənsə başdan-ayağadək su və palçığa bulaşmış halda yerimdə donub, maşının arxasınca baxa-baxa qaldım.

 

O idi... Bayaq məclisdə üzbəüz oturan, gözümü üzündən çəkə bilmədiyim o qadın...

Onun adı nə idi görəsən?

 

(Davam edir)

 

# 2271
avatar

Bulud Qara

Oxşar yazılar