Bu gün Yel çərşənbəsidir
12 mart 2019 00:01 (UTC +04:00)

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Mart ayında, ümumiyyətlə, çoxlu küləklər əsir. Xalq inancına görə, Yel çərşənbəsində əsən mülayim küləklər yazın gəlişindən xəbər verir.

El arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnanca görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yel çərşənbəsi ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı, 
Atına ver samanı. 
Dən dağılıb dağ olsun,
Mənim canım sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.

Belə bir inam mövcud olub ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər.

Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedər, niyyət edər və Yel babanı çağırarlar.

İnsanlar inanıblar ki, əgər Yel baba niyyət tutanın səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyi yerinə yetər.

Üçüncü çərşənbə bəzi bölgələrdə, xüsusən də Azərbaycanın qərb rayonlarında Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər, məzarlarında şam yandırılar, səməni qoyular.

Digər çərşənbələrdə olduğu kimi bu çərşənbədə də süfrə bəzədilir və həmin gün xoş əhval-ruhiyyə ilə qeyd olunur.

# 1036
avatar

Aygün İbrahimli

Oxşar yazılar