“Qarabağ”ın hegemonluğuna son qoymaq istəyirik” - Petrov

"İlk qolu, rəqibə özümüz hədiyyə etdik. “Sumqayıt” demək olar ki, qol vəziyyəti yarada bilmədi. Qol buraxdığımız epizodda isə axmaq səhvə yol verdik”.

Lent.az-ın Qol.az-a istinadən məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqanın 20-ci turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. Oyunla bağlı fikirlərini bildirən ukraynalı futbolçu layiqli qələbə qazandıqlarını bildirib: "Sumqayıt" bizə qarşı heç nə edə bilmədi. Bu gün sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq. Hətta 70-ci dəqiqədə hesabda geridə olarkən belə, qələbə qazanacağımıza əmin idim. Havanın küləkli olması isə rəqib kimi, bizə də təsir etdi".

Petrov bu mövsüm əsas məqsədlərinin Premyer Liqada 5 ildir ardıcıl çempion olan “Qarabağ”ın hegemonluğuna son qoymaq olduğunu bildirib: "Turnir cədvəlinə baxmağa hələ ehtiyac yoxdur. Hər oyun bizim üçün həlledicidir. Gələn tura da final gözü ilə baxırıq. "Neftçi" uzun müddətdir çempion ola bilmir. Çünki "Qarabağ" 5 ildir bu titulu heç kimə vermir. Məqsədimiz buna son qoymaqdır".

Təcrübəli müdafiəçi oyunun 77-ci dəqiqəsində "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovla arasındakı mübahisəyə də aydınlıq gətirib: "Mən həmin epizodda topa vurmaq istədim. O isə mənə qarşı kobudluq etdi. Orda hansısa simulyasiya yox idi. Ukraynada bizə belə öyrətməyiblər. Həmin anda bizi yalnız qol vurmaq maraqlandırırdı".

Petrov bugünkü qarşılaşmada müdafiəçilərin "Neftçi"yə qələbə qazandırmasına da münasibət bildirib: "Meydanda hamımız birik. Qolu qapıçı və ya meydan oyunçusunun vurmasının elə bir fərqi yoxdur. Qalib gələndə hamımız sevinir, məğlub olanda isə üzülürük. Mbodj, demək olar ki, həm öz qapımıza, həm də rəqib qapısına qol vurdu. Bu gün səhvini “yudu”.

LENT

23 May 2019

Digər xəbərlər >>>