[b]Elbay Qasımzadə: Prezident Bakının tarixi mərkəzi ilə bağlı müvafiq göstərişlərini verib[/b]
10 mart 2019 20:10 (UTC +04:00)

[b]Elbay Qasımzadə: Prezident Bakının tarixi mərkəzi ilə bağlı müvafiq göstərişlərini verib[/b]

Prezident İlham Əliyev Bakının tarixi mərkəzinin ayrıca rayon kimi təşkili ilə bağlı müvafiq göstərişlərini verib.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.
 
E.Qasımzadə qeyd edib ki, bu gün ölkədə quruculuq sahəsində, yaradıcılıq sahəsində çox böyük işlər görülür: "Həm şəhər və qəsəbələrimizin siması müsbət istiqamətdə dəyişir, həm də ümumiyyətlə, Azərbaycan sənətində çox böyük yeniliklər baş verir".
 
O vurğulayıb ki, dünya miqyasında Azərbaycanın tarixi irsi tanınır və yüksək səviyyədə təqdim olunur: 
"Bu gün Bakıda 19-cu əsrlərin axırında tikilən binaların yanından keçərkən, 20-ci əsrin ortalarında tikilən binalara yaxınlaşanda biz hiss etmirik ki, başqa bir dünyada başqa bir zəmanəyə gəlib çıxmışıq. Yəni bu tikililər biri-biri ilə vəhdət yaradıb. Bakının üstünlüyü budur. Başqa tarixi şəhərlərə, məsələn, Avropanın mərkəzinə, paytaxt şəhərlərinə baxanda görürük ki, köhnə şəhərlər olduğu kimi qalıb, yanında isə onlara oxşamayan, uyğunlaşmayan, nə memarlıq tərzi ilə, nə də miqyası ilə uyğun gəlməyən, yeni-yeni şüşədən binalar tikilib. Bizdə də bunlar var, amma bizdə ən müasir, “high-tech” deyilən üslubla retro, qədim tərzin arasında ötən əsrin 50-60-cı illərində yaranan memarlıq əsərləri var ki, onlar bu dövrdən o dövrə keçid təşkil edir. Buna görə də Bakıda tikililər bir memarlıq, şəhərsalma əsəri olaraq, böyük, gözəl vəhdət təşkil edir.
 
Mən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə belə bir təkliflə çıxış etdim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşsin və onu Bakı Şəhər İcra Hakimiyyəti tərkibində ayrıca mərkəzi rayon kimi qəbul etsinlər. Yekun çıxışında cənab Prezident bu təklifə daha çox vaxt sərf etdi, artıq müvafiq göstərişlərini də verib".
 
E.Qasımzadə bildirib ki, hazırda bu məsələnin üzərində çox fəal iş aparılır:
 
"Ötən beş gün ərzində mənim, demək olar, bir saniyə sərbəst vaxtım olmayıb, çünki bu işlə məşğul olan bütün dövlət təşkilatları, nazirliklər, o cümlədən Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi hər gün mənimlə əlaqə saxlayırlar və bu işin reallaşmasına doğru təkliflər və müzakirələr aparırlar. Məncə, bu gün bu məsələ belə yüksək səviyyədə müzakirə olunursa, yəqin ki, qısa müddətdə bu barədə qərar qəbul olunacaq".
# 787
avatar

Oxşar yazılar