Hamiləlikdən qoruyan həblərin ZİYANI
10 mart 2019 19:20 (UTC +04:00)

Hamiləlikdən qoruyan həblərin ZİYANI

Arzuolunmaz hamiləlikdən qorunma üsullarından biri də kontraseptivlər - hamiləlik əleyhinə həblərdir. Bu həblərdən hər qadın istifadə edə bilərmi? Faydalı və ziyanlı tərəfləri hansılardır? Mama-ginekoloq Nərmin Məmmədzamanlı e-tibb.az saytına kontraseptivlərlə bağlı ətraflı məlumat verib.
 
Həkim deyir ki, kontraseptiv həblərin tərkibi qadının yumurtalıqlarında ifraz olunan hormonun sintetik bənzəridir. Kombinə olunmuş (estrogen və progesteron tərkibli) və kombinə olunmamış (yalnız progesteron) tərkibli ola bilirlər. Kombinə olunmuş kontraseptivlərdən daha çox istifadə olunur: “Kontraseptivlərin təsir mexanizmi ovulyasiyanın qarşısını almaqdır və kifayət qədər effektiv üsuldur. Effektivliyinə və az yan təsirinə görə ən çox istifadə olunan qorunma üsulundan biridir. Bu həblər yumurta hüceyrənin inkişafına və spermanın hərəkətinə mane olaraq, hamiləliyin qarşısını alır. Kontraseptivlərin istifadəsinə menstruasiyanın ilk günü başlanılmalıdır. Nizamlı istifadə edildikdə hamiləlikdən qorunma ehtimalı 99 %-dir. Dərmanın qəbulu dayandırıldıqdan sonra hamiləlik yenidən baş verə bilər”.
 
N. Məmmədzamanlı bildirib ki, kontraseptivlər 21 və 28 günlük buraxılış formasındadır. 21 həblik növündə 21 günlük istifadə üçün həb var. Hər bir həb eyni tərkib qədər hormonal aktivliyə malikdir. İlk həb menstruasiyanın ilk 5 günü ərzində istifadə olunmağa başlanmalıdır. Hər gün 1 həb qəbul edilir. Bütün qutudakı həblər qurtardıqda, 7 gün fasilə verilir, 8-ci gün yeni qutuya başlanılır. Bu yeddi günlük arada menstruasiya başlayır. Menstruasiya davam etmiş olsa belə, 8-cı gün yeni qutuya keçilməlidir. 28 günlük həblərdə isə 21 günlük hormonal, 7 gün plasebo effektli (psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) həblərdi. 7 gün ərzində bu həblər içilir, 30-cu gündən etibarən yeni qutudan istifadə olunur. Hər iki növ həb eyni aktivliyə malikdir: “Kontraseptivlər gündəlik həblərdir, qəbul olunmağa başladığı ilk gündən effektivliyi başlanır. Ancaq dərman hər gün mütləq içilməlidir. Bir gün unutmaq çox vacib olmasa da, iki gün ard-arda unudularsa, yeni qorunma pozulmuş sayılır. onu da qeyd edim ki, bu həblər yalnız hamiləlikdən qoruyur, təəssüf ki, cinsi yolla keçən infeksiyaların qarşısını almır”.
 
Ginekoloqun sözlərinə görə, bu həblərdən demək olar ki, bütün qadınlar istifadə edə bilər: “Hamilə olmadığına əmin olan qadın istədiyi zaman həbdən istifadəyə başlayar. Abortlardan, düşüklərdən və doğuşdan sonra da başlana bilər. Bir şərtlə ki, qadın uşaq əmizdirməsin. Lakin yaşı 35-dən yuxarı olan və siqaret çəkən, arterial hipertenziyadan əziyyət çəkən, laktasiya dövründə olan - 6 aydan kiçik uşaq əmizdirən qadınların istifadəsi risklidir. Bir də laxtalanma problemi olan qadınlarda tromboz yarada bilmə ehtimalı olduğu üçün onlara istifadə etmək olmaz. Kontraseptivlərdən istifadə zamanı bəzi məqamlar diqqətdə saxlanılmalıdır. Qadında ürək nahiyəsində ağrılar, təngnəfəslik, görmə problemləri, davamlı baş ağrısı, ayaq və qarın, çanaq nahiyəsində ağrılar yaranarsa, həbdən istifadə təcili dayandırılmalı və həkimə müraciət edilməlidir”.
 
Həkim kontraseptivlərin yan təsirlərindən də danışıb. Məsələn, çəkini artıra bilər. Duyğu, sinir pozğunluğu, əsəblərdə gərginlik, yüngül baş ağrıları yarada, qan təzyiqini yüksəldə bilər: “Bu, kontraseptivlərin yanaşı təsirləridir. Sağlamlığında problem olmayan qadın üçün keçici hallardır. Qadınları ən çox narahat edən çəkini artırma ehtimalı olmasıdır. Son illər istehsal olunan az dozalı kontraseptivlərdə bu təsir azdır. Qadın həb istifadə etməyə başlayan ilk vaxtlardan özündə çəki artımı hiss eləsə, istifadəni dayandırmalı və ginekoloqu ilə məsləhət etməlidir”.
 
N. Məmmədzamanlı kontraseptiv həblərin sağlamlığa faydalı tərəflərini də sadalayıb. Belə ki, uşaqlıq, yumurtalıq və uşaqlıq yolu xərçənginin qarşısını alır. Kombinə olunmuş kontraseptivlərdən süd vəzi xərçənginin müalicəsində də istifadə olunur. Menstruasiya sancılarını azaldır, tsiklin normal gedişini təmin edir. Eyni zamanda uşaqlıq xərçəngi riskini azaldır: “İstənilən halda kontraseptivlərdən istifadəyə ginekoloqla məsləhətləşdikdən sonra başlamaq lazımdır, özbaşına yox”.
# 1000
avatar

Oxşar yazılar