[b]​​​​​​​Homoseksual olmaqda ailənin və yetişmə tərzinin rolu varmı? - MÜSAHİBƏ[/b]
08 mart 2019 21:22 (UTC +04:00)

[b]​​​​​​​Homoseksual olmaqda ailənin və yetişmə tərzinin rolu varmı? - MÜSAHİBƏ[/b]

Homoseksuallıq nədir, formalaşmasının səbəbləri, cinsi oriyentasiyanın psixoterapiya ilə bərpasının mümkün olub-olmaması, oğlan uşaqlarının qızlarla, gəlinciklərlə oynamasının homoseksuallığa gətirib çıxara biləcəyi ilə bağlı suallar hər kəsi maraqlandırır. Psixiatr Orxan Fərəcli e-tibb.az saytına müsahibəsində bu suallara aydınlıq gətirib, eləcə də uşaqların cinsi tərbiyəsi ilə bağlı valideynlərə tövsiyələr verib.

- İllərdir, bütün dünyada homoseksuallıqla bağlı müxtəlif tədqiqatlar, araşdırmalar aparılır. Amma homoseksuallığın əsl səbəbi haqda hələ də dəqiq fikir yoxdur. Homoseksuallıq barədə Siz nə düşünürsünüz? Bu, psixoloji pozuntu, xəstəlik, yoxsa sadəcə həyat tərzidir?

“Homoseksualizm” və “homoseksuallıq” sözləri ilk dəfə 1973-cü ildə Amerikada psixiatrik xəstəliklər siyahısından silinib. O vaxta kimi buna xəstəlik kimi baxırdılar. 1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Xəstəliklərin Beynəlxalq Təsnifatından, 2001-ci ildə də Ruhi Xəstəliklərin Çin Təsnifatından çıxarılıb. Ondan sonra homoseksualığa xəstəlik kimi yox, normanın bir vahidi kimi yanaşılmağa başlandı. Bu nə deməkdir? Yəni hər kəsin cinsi meyli, cinsi seçimi fərqlidir-kişi qadına, qadın kişiyə, yaxud kişi kişiyə, qadın qadına cinsi meyl edə bilər. Homoseksualizm məhz eyni cinslilərin bir-birinə cinsi meylidir. Belə bir fikir yaranıb ki, sanki homoseksuallıq sadəcə, kişilərdə olur. Amma elə deyil. Qadınlarda da homoseksualizm var. Sadəcə, faiz etibarilə azdır. Üstəlik homoseksuallıqla bağlı bütün tədqiqatlar da, təəssüf ki, məhz kişilər üzərində aparılıb. Homoseksuallıq nə psixoloji pozuntu, nə xəstəlik, nə də həyat tərzidir. Sadəcə, cinsi meylin, normanın bir variantıdır. Bu isə xəstəlik hesab olunmur. Necə ki, ürək, yaxud apendisit sağda da yerləşə bilər, solda da - bu xəstəlik deyil, normanın bir variantıdır. Homoseksuallığa da müasir tibbi baxış bu formadadır.

- Bəzi həkimlər hesab edirlər ki, homoseksuallığın formalaşması genetik xüsusiyyətlərlə bağlıdır. Digərləri isə deyirlər ki, bu, mərkəzi sinir sisteminin patologiyasının və endokrin pozulmaların nəticəsidir. Genetik amilin, yaxud hormonların burda hər hansı rolu varmı?

- Bu, o qədər çətin mövzudur ki, ortada konkret fikir yoxdur. Tədqiqatlar var, ciddi araşdırılır, amma heç biri bunu izah edəcək məntiqli cavab ortaya qoymur. Şəxsən mənim fikrimcə və oxuduqlarım qədəri ilə, hormon nəzəriyyəsi artıq tamamən müzakirə olunmur. Yəni homoseksuallığın formalaşmasında hormonların heç bir rolu yoxdur. Bütün hormonları qaydasında olan homoseksuallar çoxdur. Yaxud hormonları pozulan, amma homoseksual olmayan insanlar var. Dolayısıyla, burada hormon məsələsi o qədər də effektiv deyil. Hormonun rolu demək olar ki, yox səviyyəsindədir. Genlə bağlı son vaxtlar sübuta yaxınlaşan, məntiqli nəzəriyyələr ortaya qoyulur. Xüsusən ana tərəfin geniylə ötürülmə ilə bağlı son tədqiqatlar var. Son vaxtlar bunun üzərinə çox düşülüb. Yenə də konkret bir söz demək olmur.

- Sizə müraciət edən pasiyentləriniz arasında belə şəxslər varmı və daha çox hansı yardımı gözləyirlər?

- Var təbii ki. Bizdən nə istəyirlər? Homoseksuallıq iki cür olur – eqosintonik və eqodistonik. Eqosintonik homoseksuallar özləri ilə barışıblar, buna normal baxırlar. Yəni "Mən homoseksualam, kim nə deyir desin, nə danışır danışsın, mənim üçün heç bir problem yoxdur, mən bunu qəbul etmişəm, bu şəkildə də həyatımı davam edəcəm". Bu şəxslər təbii ki, bizə müraciət etmir. Bir də var eqodistonik homoseksuallıq. Onlar homoseksualdır, amma bununla heç cür barışa bilmirlər. Oturuşmuş kişi modeli obrazına uyğun gəlmədiklərini başa düşürlər. Bu hal onları çox narahat edir. İnanılmaz dərəcədə gərgin, depressiv, həyəcanlı, əsəbi, aqressiv olurlar. Vicdan əzabı çəkirlər, cəmiyyətin qınağından çəkinirlər. Homoseksual olduqlarını heç cür qəbul edə bilmirlər. Bizə müraciət etmələrinin səbəbi bu hisslərdən qurtulmaq, homoseksuallıqdan xilas olmaqdır.

- Gözləntiləri arasında cinsi orientasiyanın bərpası var?

- Var, bəli. Xüsusən eqodistonik homoseksuallarda olur bu gözlənti. Bu hal onlara yad gəlir, düşdükləri durumla barışmaq istəmirlər. İnsana məntiqlə elə gəlir ki, cinsi seçimi də digər seçimlər kimi, psixoterapiya ilə düzəltmək olar. Təəssüf ki, o qədər də kömək edə bilmirik.

- Ümumiyyətlə, cinsi oriyentasiyanı psixoterapiyanın köməyi ilə korrektə etmək mümkün deyil?

- Demək olar ki, yox. Buna cəhd etmək də etik sayılmır. Düşünün ki, sağlam adama hansısa tibbi müdaxilə edirsiniz. Məsələn, ürəyi sağdadır, əməliyyat edirik ki, sola keçirək. Bu insanlara cəmiyyətin basqısı o qədər çoxdur ki, onlarda digər insanlarla müqayisədə həddindən çox həyəcan, təşviş, depressiyaya meyl olur. Biz, sadəcə, o insanın həyəcanını, təşvişini azalda bilirik. Amma nə dərmanla, nə də psixoterapiya ilə cinsi orientasiyanı dəyişə bilirik. Qeyd edim ki, onlar özlərini kişi hesab edirlər. Tamamən normal görünüşlü kişidirlər. Xarici görünüşlərini, geyimlərini, cinslərini dəyişmək, makiyaj etmək istəmirlər. Elə pasiyent olub, müraciət edib ki, homoseksualdır, amma heç vaxt cinsi birlikdəliyi olmayıb. Sadəcə, kişi bədəninə baxmaqla, xoşuna gələn kişi obrazı görməklə müəyyən ehtiraslanmalar olur. Amma işində gücündə, normal ailəsi, uşaqları var. Özünü nəzarətdə saxlayır.

- Bəzən homoseksual olmayan, lakin müəyyən davranışları, əl hərəkətləri, jestləri ilə onları xatırladan şəxslər olur. Bu, hansısa psixoloji pozuntuya işarədir?

- Xeyr. Düzdür, homoseksualların müəyyən jestləri olur. Amma o cür jestlərdən istifadə edən hər kəsə homoseksual demək düzgün deyil. Bu, sadəcə, onun jestidir. O da ola  bilər ki, o jestlərdən istifadə edir, həm də homoseksualdır. Yeri gəlmişkən, bir şeyə diqqət çəkim. Obsessiv-kompulsiv pozuntu zamanı da adam düşünür ki, birdən homoseksual olaram. Halbuki heteroseksualdır, normal cinsi həyatı var. Amma bu fikir onun beynindən çıxmır. Bəzən insanlar homoseksuallıqla homoseksuallıq obsessiyasını qarışdırırlar. Bizə müraciətlərdə belə hallar olur. Adam müraciət edib ki, homoseksualdır. Amma müayinə zamanı aydınlaşıb ki, homoseksual deyil. Fikrinə gəlir ki, birdən homoseksual olar. Bu, nevrozun bir formasıdır. Söhbətlə, dərmanla aradan qalxan bir haldır.

- Homoseksual kontaktın həm psixoloji, həm də fiziki baxımdan nə kimi zərərləri var?

- Əhali arasında aktiv və passiv homoseksual ifadəsi yayılıb. Aktivlər özlərini homoseksual hesab eləmir. Əslində, tibbi olaraq hər ikisi homoseksualdır. Bu adamlar o cür əlaqəyə psixoloji olaraq hazırdır. Bəlkə ilk dəfələrdə müəyyən vicdan əzabı, depressiv hal yaşayırlar, amma sonra keçib gedir. Yaxud alışmır, hər dəfə depressiv hal keçirir, amma növbəti dəfə bunu yenə eləmək zərurəti duyur. Yəni psixoloji olaraq o baryeri aşıblar. Sağlamlıq baxımından ən çox görülən zərər cinsi infeksiyalardır. Yayılma faizi ciddi şəkildə artır. Tibbi saytlarda sağlam cinsi əlaqənin necə olması ilə bağlı maarifləndirici yazılar yerləşdirilir. Yəni qoruyucu vasitələrdən istifadə olunmalıdır, hepatitlərə qarşı peyvəndlər edilməlidir və s.

- İnsanlar arasında belə bir fikir formalaşıb ki, oğlan uşağı qızlarla çox oynasa, “qızbibi” kimi böyüyər. Oğlan uşaqlarının qızlarla çox oynaması, gəlinciklərə, qız əşyalarına meyl etməsi həqiqətənmi homoseksual olmasına gətirib çıxara bilər? 

- Ətraf mütin, görüb-götürməyin, təbliğatın homoseksuallıqla əlaqəsi yoxdur. Ona qalsa, ətrafımızda, televiziyada, filmlərdə, seriallarda daha çox heteroseksual münasibətlər yayılıb. Bununla bağlılığı olsaydı, camaat elə bunu görüb götürərdi, homoseksuallıq heç olmazdı. Yəni oğlan uşağı qızlarla çox oynayarsa, homoseksual olmaz, müəyyən qadınsayağı vərdişlər öyrənə bilər. Homoseksuallığın yetişmə mühiti, ətrafda qızların çox olması ilə əlaqəsi yoxdur. Yaxud ailədə kişi rol modelinin olmaması homoseksuallıq yaradacaq demək deyil. Ola bilər kişi obrazına yaxın olan şeyləri öyrənə bilməsin, amma homoseksual olacaq deyə bir şey yoxdur. Ümumiyyətlə, sırf hansısa tərbiyə metodunun homoseksual yetişməyə gətirib çıxara biləcəyi ilə bağlı tədqiqat yoxdur. Ən yaxşı ailə modeli ata-ananın mehriban olmasıdır. Uşaqların yanında söz-söhbətləri minimal səviyyədə etmək lazımdır. Uşaq başa düşməlidir ki, ailəsi sağlamdır. Bu, onları psixoloji travmalardan qoruyur. Qısası, homoseksual olmaqda ailənin, yetişmə tərzinin rolu aşkarlanmayıb.

- Son olaraq uşağın cinsi tərbiyəsi ilə bağlı valideynlərə hansı tövsiyələri verərdiniz?

- İlk növbədə, uşağı dodağından öpməsinlər, uşaqlara da bunu aşılasınlar. İkincisi, 3 yaşından başlayaraq uşağa cinsi tərbiyəni verməyə başlasınlar. Cinsi tərbiyə nədir? Uşağa başa salsınlar ki, bu, sənin özəl nahiyəndir. İcazə vermə kimsə səni soyundursun, ora toxunsun. Kimsə baxmaq istəsə, gəl bizə de, qorxma. Ana, ata, həkim baxsa olar, amma başqaları baxmamalıdır. Bu, uşağın cinsi yöndən sağlam yetişməsinə səbəb olacaq, eləcə də, gələcəkdə zorlanma hallarından, seksual yönlü oyunlardan qoruyacaq.

# 1405
avatar

Oxşar yazılar