İlk nazir, keşiş, ilk təyyarəçi, ilk gəmi kapitanı – SƏBUHİ MƏMMƏDLİ YAZIR
08 mart 2019 14:50 (UTC +04:00)

İlk nazir, keşiş, ilk təyyarəçi, ilk gəmi kapitanı – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Azərbaycan qadını. Müdrik, sədaqətli, vəfalı və əsil ana. Bunu kim

Bilmir ki? Biz sizə tamam başqa mövzudan bəhs edəcəyik. Düzdür, mövzu yenə də Azərbaycan qadınıdır. Amma bir qədər başqa rakursdan.

Dünyada qadınlara ilk seçki hüququnun verildiyi ölkə Yeni Zelandiyadır. Bu ölkə 1893-cü ildə qadınların seçkidə iştirak hüququnu tanıyıb. Amma bununla belə, Yeni Zelandiyada qadınlar namizəd ola bilməzdi. Onların seçki hüququnun tam təmin olunmasına ötən əsrin 20-ci illərindən sonra nail olundu. O vaxtadək Azərbaycanda bütün təbəqələrdən olan qadınların seçkiylə bağlı bütün hüquqları təmin olunmuşdu.

Fransa kimi ölkə qadınların seçki hüququnu Azərbaycandan 24 il sonra – 1944-cü ildə tanınıb.

İsveçrədə qadınlar seçki hüququnu əldə etmək üçün 1909-cu ildən 1971-ci ilə qədər mübarizə aparmalı olub.

Çox uzatmayaq, dediyimiz odur ki, Azərbaycan dünyada heç bir maneə olmadan qadınların seçki hüququnu tam təmin edən ilk ölkələrdəndir.

Amma biz başqa ilklərdən də danışacağıq. O ilklərdən ki, məhz Azərbaycan qadınları ora öz damğalarını vurublar. Odur ki, yaxın oturun və diqqətlə oxuyun.

Onun adı Nigar Şıxlinskaya. Ali təhsil alan ilk azərbaycanlı qadın odur.

Sona xanım Vəlixan isə 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın idi.

 

Hənifə Məlikova ilk qadın xeyriyyə cəmiyyəti yaradıb.

 

Oğlanlarla qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını da qadın qoyan isə Həmidə Məmmədquluzadədir. Ağcabədi rayonunun Kəhrizli kəndində.

 

Gövhər Qazıyeva səhnəyə çıxan ilk azərbaycanlı qadın olub.

İlk azərbaycanlı qadın opera müğənnisi Şövkət Məmmədova özünün ilk səhnə performansını edib.

İzzət Oruczadə bədii filmdə rol alan ilk azərbaycanlı qadın aktrisa olur.

Adilə Şahtaxtinskaya professor dərəcəsi əldə edən ilk azərbaycanlı qadındır.

Leyla Məmmədbəyova təyyarə ilə ilk uçuşunu edib, ilk azərbaycanlı qadın təyyarəçi olur.

İlk azərbaycanlı balet rəqqasəsi Qəmər Almaszadədir, “Şahsənəm”də debüt edib.

Azərbaycan SSR-in maarif üzrə xalq komissarı Ayna Sultanova ilk azərbaycanlı qadın naziridir.

Validə Tutayuq AMEA-ın ilk azərbaycanlı qadın üzvü olub.

Səkinə Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Prezidiumunun Sədri olaraq ilk azərbaycanlı qadın parlament başçısı olur.

Bu da maraqlıdır - Mənzər İsmayılova azərbaycanlı ilk və hələ ki son qadın keşişidir.

Şövkət Səlimova ilk azərbaycanlı qadın gəmi kapitanıdır.

Şəfiqə Əfəndizadə - Cümhuriyyət dövrünə işıq salan, parlamentin tək qadın əməkdaş olub.

Pərixan Sofiyeva - 1918-ci ildə öz yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə daxil olan ilk qadın deputatdır.

Maral Rəhmanzadə isə ilk qadın xalq rəssamı.

Azərbaycanin ilk geoloq qadını, görkəmli paleontoloq, geologiya-mineralogiya elmləri doktoru, professoru Dünya Ağalarovadır.

Kübra Fərəcova isə ilk səhiyyə naziri.

İlk qadın stomatoloqumuz Xavər Rəştiyevadır.

İlk qadın tarzənimiz Hökumə Nəcəfova.

Ağabacı Rzayeva isə ilk qadın bəstəkarımız olub.

Tahirə Tahirova ilk xarici işlər nazirimiz, həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssisdir.

Xurşid Ağayeva ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın əməkdar incəsənət xadimi olub. O, Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir.

Şərqdə ilk opera yazan bəstəkar qadın - Azərbaycanın xalq artisti Şəfiqə Axundova.

Salamzadə Qəmər - Azərbaycanın ilk qadın kinorejissoru. “Molla Nəsrəddinçi” Əli Qəmkusarın qızı.

Və nəhayət, Azərbaycan Respublikasında ilk dəfə Birinci vitse-prezident - Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva. O, həm də UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan ilk azərbaycanlı qadındır.

 

 

# 1153
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar