Trampın şirkəti məhkəməyə verildi - Keçmiş vəkili
08 mart 2019 10:31 (UTC +04:00)

Trampın şirkəti məhkəməyə verildi - Keçmiş vəkili

 
ABŞ prezidenti Donald Trampın sabiq vəkili Maykl Koen ABŞ prezidenti Donald Trampa məxsus “Trump Organization” şirkətini məhkəməyə verib.
 
ONA-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, iddia ərizəsi Nyu-York ştat məhkəməsinə təqdim olunub.
 
M. Koen bildirib ki, “Trump Organization” şirkəti ilə imzaladığı müqaviləyə əsasən onun məhkəmə xərcləri qarşılanmalı olsa da, bu xərclər ödənilməyib.
 
D. Tramp prezident seçilənə qədər “Trump Organization” şirkətinə rəhbərlik edib. Hazırda D. Trampın iki oğlu şirkətin rəhbərliyindədir. M. Koen isə “Trump Organization” şirkətində 10 ilə yaxın çalışıb, D. Trampın məsləhətçisi olub. Vəkil iddia edir ki, razılaşmaya əsasən şirkətdə fəaliyyəti ilə əlaqədar xərclər ödənilməlidir. M. Koen iddianamədə xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə ehtimal edilən müdaxiləsi ilə əlaqədar istintaqa və Konqresdə çoxsaylı dinləmələrə cəlb olunmasının da şirkətdə fəaliyyəti ilə əlaqələndirib. Vəkil “Trump Organization” şirkətinin ona 1,9 milyon dollar ödəməli olduğu qənaətindədir.
 
Qeyd edək ki, xüsusi prokuror R. Müller D. Trampın Moskvada Trump Tower qülləsinin tikintisi ilə əlaqədar Rusiya tərəfi ilə danışıqlarda M. Koeninin iştirakını araşdırıb. Vəkil 2017-ci ildə Konqresdə çıxışında yalan danışıb, Rusiya tərəfi ilə danışıqların 2016-cı ilin yanvarında başa çatdığını bildirib. Sonradan bu danışıqların 2016-cı ilin iyununa qədər davam etdiyi üzə çıxıb. 2018-ci ilin əvvəlində M. Koenə qarşı bir neçə cinayət işi açılıb və vəkil həmin ilin avqustunda məhkəmə ilə əməkdaşlığa razılaşıb, günahını etiraf edib. O, 3 il azadlıqdan məhrum edilib. M. Koen D. Trampın bir neçə qadına susmaları müqabilində pul verilməsi epizodunda iştirakda da günahlandırılıb.  Bu il fevralın 27-də M. Koen Nümayəndələr Palatasında dinləmələr zamanı ifadə verib, D. Trampı irqçi, dələduz və hiyləgər adlandırıb.
# 595
avatar

Oxşar yazılar