[b]"Bitki içib, əməliyyata düşən o qədər adam olub ki" - Fitoterapevt[/b]
07 mart 2019 22:35 (UTC +04:00)

[b]"Bitki içib, əməliyyata düşən o qədər adam olub ki" - Fitoterapevt[/b]

“Yaşıl çayı hər gün içmək olmaz”

İnsanlar arasında təbii üsullarla müalicəyə inam və maraq hər zaman yüksək olub. Həkimə getməkdən daha çox, evdə təbii vasitələrlə özünü müalicəyə üstünlük verirlər. Bu, bəzi hallarda müsbət effekt versə də, bəzən yanlış nəticələrə səbəb olur. Ümumiyyətlə, fitoterapiya ilə hansı xəstəlikləri sağaltmaq mümkündür? Bütün insanlığın bəlası olan xərçəng xəstəliyinin qarşısını alan bitki varmı? Yaşıl çay, limon şirəsi deyildiyi qədər, faydalıdırmı?

Fitoterapevt, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalının həkimi Elnur Eldaroğlu e-tibb.az-a müsahibəsində bu və digər məqamlara toxunub.

- Çoxları həkimə getməkdənsə türkəçarə üsullara üstünlük verirlər. Sizcə, bunun səbəbi nə ilə bağlıdır - maddi durumla, yoxsa həkimlərə olan inamsızlıqla?  

- Maddi durumla bağlı olsa da, olmasa da, çoxumuz həkimə getməyə yanlış baxmışıq. Avtomobilimizi vaxtlı-vaxtında ustaya aparıb göstərərik, amma canımızın qeydinə qalmarıq. Bir millət olaraq həkimdən qaçağıq. Bir az da qəbullanmaq sıxıntımız var. Qəbul edə bilmirik ki, bəzi xəstəliklərin müalicəsi bütün dünyada tapılmayıb. Hansısa azərbaycanlı həkimin bu xəstəliyi tam müalicə edəcək gücü yoxdur. Amerikaya, Türkiyəyə də getsə, heç nə dəyişməz. Yaxud şəxsi praktikamdan deyim. İllərdir, mədə xorasından əziyyət çəkən xəstə 4 gündən sonra geri dönüb ki, həkim, mən niyə düzəlmirəm. Həzm sistemi xəstəliklərilə gələn xəstəyə izah edirsən ki, 50 faiz mən kömək edəcəyəm, 50 faiz isə səndən asılıdır. Mən müalicəni edirəm, o isə 50 faizin heç 5 faizini də etmir. Deyirsən, xəmir yeməyi olmaz, yeyir. Deyirsən, heç olmasa 2 ay pəhriz saxlamaq lazımdır, saxlamır. Bir nüansı da qeyd edim. Həkimə müraciət edən xəstələrin 70 faizinin nevroloji problemləri var. Məsələn, panik atak var, amma fərqinə varmırlar, yaxud varmaq istəmirlər. Başqa həkimə yönləndirirsən deyir, mən niyə ikinci həkimə getməliyəm, elə hamısını sən müalicə elə. Bir mənfi cəhət də odur ki, xəstə müalicəsini qutarmamış eyni ixtisaslı başqa həkimə gedir. Bu da işi uzadır, inamsızlaşdırır. Xəstə xəstəlikdən bezir, xəstəlik də davam edir. Əslində, türkəçarə dediyimiz üsulların bəziləri öz doğru əksini tapsa da, bəzilərinin tədqiqat zamanı tamamən yanlış olduğu üzə çıxıb. Bu üsulları hansısa qohum, qonşu istifadə edib, yaxşı olub, kimsə də istifadə etmək istəyir. Amma qohum, qonşunun orqanizmində gedən proseslə onun bədənindəki proses eyni deyil axı. Bəzən internetdə, sosial şəbəkələrdə müəyyən reseptlər deyilir. O resept ödqovucudursa, ödündə daş olan adam istifadə edəndə daş düşür kanala, güclü tutmalarla cərraha müraciət edirlər. Bitki içib, əməliyyata düşən o qədər adam olub ki. Belə insanlarla çox rastlaşmışam. Tövsiyəm odur ki, evdə istifadə edəcəkləri istənilən bitki, ot, təbii üsullar haqqında oxusunlar. Təlimatı bilmədən istifadə yanlış nəticələrə gətirib çıxara bilər. Təbii ki, yaxşı nəticələr əldə edənlər də çoxdur.

- Bütün xəstəlikləri bitkilərlə tam müalicə etmək mümkündür?

- Əksər xəstəliklərin müalicəsində bitkilərdən, arılardan, yəni fitoterapiya və apiterapiyadan istifadə etmək olur. Amma bəzi xəstəliklərdə bitkilərdən qətiyyən istifadə etmək olmaz. Məsələn, atopik astmatik xəstələrin bitki tozcuqlarına qarşı allergiyası var. Yaxud arı məhsullarına allergiyası olanlar az deyil. Öd daşı olana itburnunu, böyrək daşı olana cəfərini necə verə bilərəm? Bəzi insanlar cəfərini limona qatıb içməyi xoşlayır. Halbuki limon şirəsi özü də öd kisəsində daş yaradır. Bir də fikir versəniz, hər il hansısa bitki dəbə düşür, hamı onu alır. Bu, dünyanın bazar siyasətidir. Bir neçə il əvvəl mate - paraqvay çayı, Azərbaycanca prikal deyilən bitki dəbə düşdü. Kifayət qədər adam arıqladıcı təsirinə görə onu içirdi. O zaman efirdə, mətbuatda açıqlama verdim ki, mate bitkisi xərçəng yaradır. Açıqlamam səs-küy yaratdı, sonra da bitki satışdan yığışdırıldı. Ardınca yaşıl kofe, qoji berri çıxdı və s. Bunların çoxu bizə yaxşı kimi çatdırılır, amma hansısa prosesə tam təsir göstərdiyi müəyyənləşməmiş bitkilərdir. Sağlamlığa müsbət təsir edən bitkilər çoxdur. Məsələn, mən 1 manat 40 qəpiyə olan 3 bitki ilə bir insanın bağırsağını sağaltmışam.

- Səhərlər acqarına suya limon sıxıb içmək çoxlarının istifadə etdiyi üsuldur. Bunun hər hansı ziyanı varmı?

- Bunu təzyiqi salmaq, arıqlamaq, yaxud detoks məqsədilə çox adam edir. Özü də adətən acqarına içirlər, bu, heç doğru deyil. Heç olmasa yeməkdən sonra içsinlər. Şirənin birinci növbədə mədəyə mənfi təsiri var. Limon və qreypfrut şirəsi efir yağları daha zəngindir. Kəskin şəkildə istifadə etdikdə öd kisəsinin yığılıb-açılmasına təsir göstərə bilir. Öd kisəsi tez-tez yığılıb açıldıqda metabolizmi sürətləndirir. Limon şirəsi öd kisəsinin işini artırdıqca öd daha çox hasilatını verir. Hasilatı çox olduğu təqdirdə belə, qatılaşma qalır. Durğunluq fonunda isə daş yaranmaq riski daha da artır. Amma limonu bəzi bitkilərlə birlikdə istifadə etmək daha təsirlidir. Məsələn, cəfəri, kərəviz ilə. Bir detoks deyim. Limon şirəsi, zeytun yağı, maqnezium-sulfat, yəni ingilis duzu və suyu qarışdırıb hər səhər içmək olar. Bu qarışım bağırsaq funksiyasını yaxşılaşdırır, şlak toksinləri təmizləyir, ödün funksiyasını normallaşdırır, qaraciyər piylənməsini belə, azalda bilir.

- Yaşıl çay son illər xüsusən məşhurlaşıb. Bu içki deyildiyi qədər də faydalıdırmı və onu hər gün içmək olar?

- Bəli, yaşıl çay qara çaydan faydalıdır. Tərkibi antioksidantlarla daha zəngindir. Amma gün ərzində bir stəkandan artıq içilməməlidir və il boyu hər gün içmək də doğru deyil. Çünki kalsium və mineralları bədəndən atmaq qabiliyyətinə malikdir. Tərkibində polifenollar var. Xüsusən qadınlar 48 yaşına çatdıqda onlarda osteoparoz başlayır. O zaman az istifadə etməyi məsləhət görürəm. Əslində yaşıl çaydan da yaxşı bitkilər var. Məsələn, cökə, rozmarin. Rozmarindən gözəl arıqladıcı bitki yoxdur. Çox faydalıdır. Ona ətotu da deyirlər. Əvvəllər ət xörəkləri bişirəndə onun suyunda bişirərdilər. Naxçıvanda buna mərzəbərə deyirlər. Türkiyədə biberiye adı ilə daha çox tanınır. Yağından kosmetik vasitə kimi də istifadə olunur. Rahat becərilən bitkidir. İstənilən yerdə əksən, bitər. Həyəti olanlar da əkə bilər.

Adam var deyir, hər gün çobanyastığı içirəm. Olmaz! Çobanyastığının tərkibində xamazolen çoxdur. Bu da bağırsaqlara büzüşdürücü təsir edərək, qəbizlik yarada bilər. Qəbizliyi olan adam niyə hər gün çobanyastığı içsin? Ondansa kəcəvər, kətan toxumu içsin. Siqaret çəkən daha çox siqaretin yaratdığı problem aradan götürən bitkilərdən istifadə etməlidir. Birisi sidiyə tez-tez gedirsə, niyə qarğıdalı saçağı içsin? Əksinə, quş üzümündən istifadə etsin. Bütün oynaq xəstəliklərinə duzlaşma deyirlər. Halbuki duzlaşma adlı termin yoxdur heç, bu, osteofitlərin olmasıdır. Bu zaman qığırdağın funksiyasına yaxşı təsir edəcək itbrunu, qızılçətir, mərcangilə bitkilərdən istifadə etmək olar. Yoxsa 10 otu qarışdırım, görüm dadı yaxşı çıxacaqsa içim, filankəsə filan ot kömək etdi, mənə də edəcək deyə bir şey yoxdur. Hər kəs probleminə uyğun olaraq bitkidən istifadə etməlidir.

- İnternetdə müxtəlif bitkilər, qidalar haqqında xərçəngin qarşısını alır deyə yazılır. Fitoterapiyada elə bir bitki varmı həqiqətən xərçəngin qarşısını ala bilsin?

- İki il əvvəl bir illik yovşan haqqında məqalə yazmışdım. Təəssüf ki, axıra qədər oxumadan qərar çıxarmışdılar ki, azərbaycanlı həkim xərçəngin müalicəsini tapdı. O məqaləyə görə başım çox ağrıdı. Yazmışdım ki, bir illik yovşan xərçəng hüceyrəsinə təsir göstərir, onun xərçəngin inkişafını dayandırmaq xüsusiyyəti haqqında Amerika alimləri uzun müddət tədqiqat aparıblar. Amma Nobel mükafatını yapon alimi aldı - yovşanın antiparazitar xüsusiyyətinə, yəni malyariya əleyhinə bir dərman kimi kəşf etdiyi üçün. Fikrimi elə təqdim etdilər ki, bir illik yovşanla xərçəngin müalicəsi mümkündür. Həmin vaxt Azərbaycanda hamı yovşan yığırdı. Bəli, yovşanın xərçəng əleyhinə təsiri var. Ümumiyyətlə, antioksidantla çox zəngin bitkilər var, onlardan biri də adını çəkdiyim yaşıl çaydır, yovşandır... Amma çirkli hava və təbii olmayan qidalarla xərçəngin qarşısını almaq mümkündürmü?

- Belə çıxır ki, köklü xəstəlikləri bitkilərlə tam aradan qaldırmaq mümkündür? Məsələn, sonsuzluğu müalicə etmək olar?

- 8 il övlad sahibi ola bilməyən cütlük mənə müraciət etmişdi. Süni mayalanma da etmişdilər, nəticəsiz olmuşdu. Oliqospermiyası olan kişiyə keçibuynuzu meyvəsi, güləm və erkək arı sürfəsi, polikistik yumurtalığı olan qadına isə “borovaya matka”, yəni ortiliya - ərküdə bitkiləri ilə müalicə təyin etdim. Müalicənin köməyi oldu və övladları dünyaya gəldi. Amma bu o demək deyil ki, bütün sonsuz cütlüklərdə bu müalicə müsbət olacaq. Demək, onların probleminə uyğun imiş. Elə sağalmaz xəstəliklər olub ki, sağalıb. Mən biyan kökü, keçibuynuzu ilə astma xəstələrini sağaltmışam. Buğda cücərtisi ilə saç tökülməsi problemini aradan qaldırmışam. Oynaq ağrısından əziyyət çəkənləri meymun almasından - makluredən hazırlanan cövhərlə sağaltmaq mümkün olub, bütün ağrıları, şişkinliyi keçib. Heç bir dərman istifadə etmədən böyrək daşını bitkilərlə əritdiyim kifayət qədər xəstə olub.

- Ümumiyyətlə, dərmandan istifadə etmirsiniz?

- Qeyd edim ki, mən tamamlayıcı tiblə məşğulam, alternativ tiblə yox. Dünyada cəmi 3 ölkənin tibb universitetində belə kafedra var. Bu günlərdə Azərbaycan Tibb Universitetindən təklif almışam. Bizdə də belə bir kafedranın yaranmasında maraqlıdırlar. Və doğru da edirlər. Nə vaxta qədər insanlar tibbi biliyi olmayan bitkiçilərin, qeyri-həkimlərin yanına gedəcək? Bəlkə də deyilın kimi, kiminsə əli düşərli olub, bitki xəstəyə kömək edib. Amma hər kəsə eyni müalicəni tətbiq etmək doğru deyil axı. Vaxt vardı bəzi həkim dostlarım deyirdi, getdin, nə qədər əziyyət çəkib oxudun, gəldin, indi də ot yazırsan. Amma indinin özündə həmin həkimlər valideynlərini yanıma göndərirlər. Mənim əsas məqsədim qeyri-professionalların bu sahədən uzaqlaşmasıdır. Kimə nə lazımdır öyrətməyə hazıram. Heç bir reseptimi də gizlətmirəm. Bəlkə kimsə xeyir tapacaq.

- Nə qədər bitki sadaladınız. Azərbaycanda bu bitkiləri tapmaq, becərmək asandır?

- İbn Sinanın belə bir sözü var – “Sağlamlığınız ayağınızın altında, yaşadığınız mühitdədir”. Bizim ölkənin iqlimi elədir ki, bitkilərin 90 faizi bu torpaqda yetişir. Çox şükür, Azərbaycanda bitkini torpağın ümidinə buraxıb becərənlər hələ var. Yəni süni yolla yetişdirmirlər. Amma bir nüansı deyim. Qabaqlar insanlar çox gözütox idilər. Bir kisə bitkini 1 manata satırdılar, indi isə 5 manata satırlar. Amma Avropada 2 dollara satırlar. İstehsalçı əlbəttə, gedib Avropadan gətirər. Bir də tövsiyə edirəm ki, bitkini gözlə görüb, sonra alsınlar. Çünki bəzi bitkilər doğru qurudulmur. Kök adı ilə satırlar, baxırsan ki, zibilə oxşayır, kökdən əsər-əlamət yoxdur. Heç tanımaq olmur bu bitkinin hansı hissəsidir. Ona görə də diqqətli olsunlar. Hər bitkinin növü, yığılma, qurudulma, saxlanma dövrü var. Məsələn, Azərbaycanın şah bitkisi, ən çox istifadə olunan çobanyastığıdır. Azərbaycanda tonlarla çobanyastığı satılır. Çobanyastığının 72 növü var. Hər gördüyün çobanyastığını içmək olmaz. Bizdə daha çox iri dağ çobanyastığı bitir. Ondan vanna prosedurunda istifadə etmək olar, daxilə qəbul üçün deyil. Azərbaycana çobanyastığı daha çox Rusiya və Polşadan gətirilir, çünki onların tərkibində efir yağları daha çoxdur...

# 3022
avatar

Oxşar yazılar