<span style="color:red;">Həlimə Qəmərlinskaya:  "Bu xanımlar üçün təhlükəli olan... " - <span style="color:red;">MÜSAHİBƏ
08 mart 2019 11:26 (UTC +04:00)

Həlimə Qəmərlinskaya: "Bu xanımlar üçün təhlükəli olan... " - MÜSAHİBƏ

Sürətli inkişaf dövrünün tələbləri qadınları kişi rolunu öz üzərinə götürməyə, pul qazanmağa, ailəni maddi baxımdan təmin etməyə və bizneslə məşğul olmağa sövq edir. Bütün bunlar özünə neqativi cəlb edən qadının nitqində əksini tapmağa başlayır. Bəziləri tədricən  unudur ki, o, zərif, daxilən özü ilə harmoniyada və hüzur içində olmalıdır.

Bunların baş verməməsi üçün uğurlu bizneslə məşğul olan xanımlar nələrə diqqət etməlidir?

Psixoloq Həlimə xanım Qəmərlinskaya bu problemlərin  aradan qaldırılması istiqamətində yaranan sualları cavablandırıb...

 

- Həlimə xanım, uğurlu biznes-ledi olmaq üçün nələr vacibdir?

 

- Çex yazıçısı Karel Çapek  vaxti ilə deyib ki, əgər qadın məğlub olmursa, deməli o, qalib gəlir. Əgər məğlub olursa, qalib gələnlərə diktə edir. Deməli, qadının uğurlu biznes-ledi olması üçün o, daha çox yumşaq, adaptasiya olunmağı bacaran olmalıdır. Bütün dəyişikliklərə öz ideyalarıyla, davranışlarıyla daha tez uyğunlaşmalıdır. Ümumiyyətlə, son illər dünyada, eləcə də Azərbaycanda qadınlar öz işlərini qurmağa başladılar. Hətta Azərbaycan üçün çətin olan 90-cı illərdə - kimsə həyat yoldaşını müharibədə itirirdi, yaxud da boşanmalar zamanı ailəyə qadın özü baxırdı və iqtisadi böhranlar zamanı iş yerini itirən kişilərə də ailədə qadın baxmalı idi.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        Elə həmin illərdə xırda biznesdə qadın sahibkarların sayı sürətlə artmağa başladı. Çox xoş haldır ki, son 10 ildə ölkəmizdə minlərlə xırda şirkətlərin başında  qadınlar dayanır. Bunlar əsasən, qida, dəb, tikiş, kosmetika və kosmetik baxımlar, eləcə də idman sahəsində - fitnes və aerobika sferasındadır. Azərbaycanda indi də bu biznesin başında qadınların sayı çoxluq təşkil edir. Lakin onlar da kişilərdə olduğu kimi hansısa problemlərlə qarşılaşırlar. Rusların bir misalı var, “canavarı ayaqları yedirdir”. Onlar uğur dalınca qaçmalı olduqlarından öz stillərində, geyimlərində, davranışlarında, prioritetlərində dəyişiklik etməyə məcbur olurlar.

- Qadınların biznesdə rolu və ona  təsiri... Qadınlar üçün korporativ  şəkildə, yaxud kiçik bizneslə başlayıb böyük işlər görmək üçün uğurlu planlar qurmaq əlverişlidir? Yəni startapla başlamaq daha asandır, ya hazır bizneslə məşğul olanlarla işləyərək öz biznesini qurmaq?

- Əslində, fərqli təcrübə ola bilər. Məsələn, mən 12 il dövlət sektorunda çalışmışam. Daha sonra 5 il korporativ şəkildə davam edib, oradan da ayrıldım. Tək, fərdi formada intellektual biznes konsultasiyaları verirəm. Bu, mənə daha əlverişli oldu. Çünki dövlət sektorunda bir həkim kimi tam incəliklərini bilirsən. Bu təcrübəylə korporativ sektora girəndə görürsən ki, tam fərqli bir sektordur. Daxili prosedurlar, siyasətlər, dress-kod... Mən həkim olaraq dövlət strukturlarında belə şeylərlə tam rastlaşmırdım. Yəni korporativ mədəniyyət, onun meyarları, inkişaf proqramları nədir, bütün bunların hamısını korporativ sektorda əldə elədim. Təbii ki, indi müstəqil konsultant kimi müştərini başa düşmək mənə daha asandır. Həm dövlət, həm də korporativ sektordan müştərilərim olanda onların daxildə olan ehtiyacları nədir, başa düşürəm. Yəni, onların fikrini hazırda müstəqil sahibkar, konsultant kimi çıxış edəndə başa düşmək mənə daha asandır. Biznes-ledilərə kömək üçün onlara haradasa təcrübə toplamaq lazımdır. Digər tərəfdən isə bu xanımlar 20-ci əsrin 90-cı illərindən artıq öz şəxsi bizneslərinə başlayıblar. Onlar hazırda böyük bir təşkilatın başındadırlar. Bax, onlar mənim müştərilərimdir. Onlar da başa düşürlər ki, vaxtın tələbləri nədir. Məsələn, görürlər ki, hazırda keçmiş idarəetmə sistemi keçmir, yeni idarəetmə sistemləri olmalıdır və onlar mənim kimi digər konsultantları da dəvət edirlər. Biz bu keyfiyyətlərin  formalaşması üçün onların əməkdaşlarıyla çalışıb, daxili korporativ  mədəniyyəti, hansısa satış bacarıqlarını artırırıq və xüsusi proqramlar tərtib edib, təlimlər keçirik. 

 

- Biznes qadınları necə dəyişdirir? Bəzən elə olur ki, qadın bizneslə məşğul olanda sanki bir kişi obrazı yaranır və ya qadın qorxur ki, istədiyi kimi  geyinərsə, ciddiyə alınmaz. Bu baxımdan biznes qadınları necə dəyişdirir?

 

- Maraqlı sualdır. Əvvəllər, məsələn, sahibkardan danışanda deyirdik ki, sahibkar obrazı özünəgüvənli, ambisiyalı, xarizmatik kişi... İndi bu təsvirin qarşısından "kişi" sözünü götürüb, yerinə "qadın" sözünü qoymaq qəbul edilib, məqsədyönlüdür. Əvvəllər ancaq Avropa və Amerikada görürdük ki, qadın sərbəst və müstəqil ola bilər. Lakin son illər həm postsovet ölkələrində, həm də bizdə bu, çox normal qəbul olunur ki, bu müstəqil, təkbaşına xanımdır. Əslində, bu çox pozitiv fenomendir ki, artıq öz uğurunu qazanıb, öz siyasətini, hədəflərini, nə istədiyini bilir. Təbii ki, eyni zamanda bu xanım düşür risk qrupuna. Elə belə də adlanır - biznes-vumen. Bu, onun öz risk qrupudur. Birincisi, xanımlar biznesdədir və stress yaşayırlar. Yəni, stressiz biznes yoxdur. Digər tərəfdən, həmin xanımda  yuxusuzluq, və yorğunluq xroniki yuxusuzluq sindromu var. Xüsusilə, ailəlidirsə. Çox hallarda biznes-vumen ailəli olur, övlad sahibidir. Bizneslə 12 saat məşğul olaraq, evə qayıdıb, ən azı 6 saat da ailə-məişət problemlərini həll etməli, evdəkilərlə məşğul olmalıdır. Yəni, bu o deməkdir ki, həmin biznes-vumen 18 saat yatmır, dincəlmir. Hələ yaxşı ki, paltaryuyan, qabyuyan maşınlar, tozsoran və köməkçiləri var, məişət işləri bir az yüngülləşir. Sadəcə, ailədə həyat yoldaşı və övladlarıyla ünsiyyəti, ailədaxili problemlərin müzakirəsinə də vaxt lazımdır. Ailə tanıyıram ki, qadın iş adamıdır, övladı ancaq onun hazırladığı yeməkləri yemək istəyir. O, böyük bir biznes adamıdır, lakin işdən evə gəldikdən sonra  yemək hazırlamağa başlayır. Hələ bundan sonra övladlarının dərsləriylə də məşğul olur, nəzarət edir. Bu da həmin xanımlardan enerji və vaxt tələb edir. Deyir ki, bunu həyat yoldaşı eləsə belə, yenə həmin proseduru özü də həyata keçirir. Gecə saat 1-də yuxuya gedir. Soruşuram ki, siz həmin vaxtadək neyləyirsiniz axı, paltar yumursunuz, ev yığışdırmırsınız. Cavab verir ki, həmin vaxt uşaqlarla dərs hazırlığına, həyat yoldaşımla nəyinsə müzakirəsinə və  ünsiyyətə həsr olunur. Səhər saat 6-da isə yuxudan durur. Təəssüf ki, stresslər, biznes görüşlər, müzakirələr, səfərlər, xanımlarda daha çox guya "relaxs" gətirən  mənbələr axtarışına səbəb olur. Bu da pis vərdişlərə gətirib çıxarır. Siqaret, ya da  alkoqollu içkilərin istifadəsi kimi... Fikir vermişəm, Rusiyada və Avropada biznes xanımlar belə vasitələrdən çox istifadə edirlər. Onlar deyir ki, biznes görüşlərdə kişilərlə içməyə məcburuq ki, müzakirələrdə olaq. Təbii ki, buna görə məcburdurlar hansısa alkoqollu içkidən içsinlər, digər tərəfdən rəfiqələrlə, dostlarla bir araya gələndə dincəlmək üçün şərab və ya alkoqollu içkilərdən istifadə edir, siqaret çəkirlər və bunlar da pis vərdişlərdi. Emosional stabilliyin olmaması da həmin risk qrupuna aiddir. Təbii, əgər xanımlar böyük qərarlar verir, biznesi və ailəni idarə edirlərsə, kişilərlə bərabər bazarda öz adını saxlamalıdırlar. Lakin onun emosional zəkası başlayır zəifləməyə. Belə zamanlarda elementar məsələlərə böyük emosional reaksiya verir. Bu, biznesin qadını necə dəyişdirməsinin nümunəsidir. Digər tərəfdən, xanımlarda kişilərə məxsus  vərdişlər əmələ gəlir; geyim, vücud dili, əl-qolla danışmaq, siqaret çəkmək, içki içmək. Məsələ burasındadır ki, siqaret çəkmək kişilərdə həmişə olub, amma indi baxırsan, Rusiya, Türkiyə işgüzar qadınları da kişilərlə bərabər pis vərdişlərdən asılı vəziyyətdədirlər. Bütün bunlar hamısı bizim təbii kimliyimizi dəyişdirməyə başlayır.

 

- Biznesdə uğur qazanan qadınların psixologiyasında hansı dəyişikliklər baş verə bilər? Bu dəyişikliklər nədən qaynaqlanır?

 

- Belə qadınlarda özgüvən artır. Evdə ya onu sıxırdılar, ya da necə deyərlər, düşmənlərin acığına sübut etmək istəyir ki, mən kiməm, özünü təsdiq etmək istəyir... Yaxud, həyat yoldaşıyla münasibətləri pisiydi, neqativ təsirlər edirdilər, sıxırdılar onu, əgər onlar ayrılıblarsa, yaxud da heç ayrılmayıblarsa, sadəcə həmin şəxsə özünü təsdiq etmək niyyətindədir. Öz üzərində işləməyə başlayır, qabağa gedir. Digər tərəfdən, ailədə qız uşağıdır, ona görə də həmişə olduğu kimi diqqət evin oğlunun üzərindədir,o isə bu diqqətdən kənarda qalıb. Hələ də elə rayonlar var ki, qızlara təhsil almağa ehtiyac belə duymurlar. Hələ üstəlik, qınayırlar ki, təhsil sənin nəyinə lazımdır, ev işlərini gör, ailə qur, vəssalam. Təbii ki, bu situasiyanı qəbul etməyənlər öz üzərlərində ciddi-cəhdlə işləyirlər. Belə xanımlar daha çox uğur əldə edirlər. Amma burada bir nüans da var, qadın bütün həyatını işə həsr edib "işqolik" olmasın. Yəni "mən zəhmətkeş qadınam, hədəfə doğru getməliyəm" istiqamətində olmasın. Həmişə yeni tədqiqatlar aparıram ki, yeni ideyalar olsun. Bu yaxınlarda "İş və həyat" adlı təlimə hazırlaşanda da çox maraqlı fenomenlə rastlaşdım. Başladım düşünməyə ki, məndə o var, ya yoxdur? Buna deyirlər "vaxt nevrozu". Həmin xanımlarda  vaxt nevrozu əmələ gəlir.

 

- Vaxt nevrozu nədir?

 

- Vaxt nevrozu o deməkdir ki,  xanımlar fərqli məqsədlərlə, hədəflərlə o qədər məşğul olurlar ki, onlarda təsadüfən boşluq yarananda başlayırlar nevroz keçirməyə ki, niyə boş qalmışam. Dərhal istəyirlər həmin vaxtı doldursunlar. Həmin vaxtı faydalı işə sərf edənlər də olur, yəni xeyriyyə, idman, aztəminatlı ailələrə başçəkmə, kitab oxuma və s. Təəssüf ki, bunu içki məclisinə, siqaret çəkmə ilə balanslaşdıranlar da az deyil. Hər bir insan vaxtı balanslaşdırmalıdır. İstirahət, iş, yuxu, sağlamlıq, asudə vaxt, biznesin inkişafı... bunlar hamısı işgüzar xanım üçün prioritet olmalıdır.

- Həlimə xanım, fikir vermisinizsə, bu sadaladığımız keyfiyyətlər Avropa ölkələrində yoxdur.  Dünyanı idarə edən xanım liderlər saat 6-dan sonra işləmirlər. Həmin xüsusiyyətlər daha çox postsovet ölkələrində qalmaqda davam edir. Elə götürək bizdə, saat 6-da işdən çıxıb gedən adamlara işəyovuşmaz kimi baxırlar. Niyə?

- Elədir, hətta Avropada tələsən xanımlara çox da uğurlu xanımlar kimi baxmırlar.   Amma 6-da işdən çıxan xanımlar ondan sonra da evə getmir, biznes görüşmələri, hansısa problemlərin həlliylə məşğuldurlar. Bunlar hamısı doğrudur, psixologiyada dəyişiklik olmalıdır.

- Bəlkə imicmeykerə ehtiyacları var?

- Ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrində bütün iş adamlarının məsləhətçiləri, psixoloqları, imicmeykerləri var. Digər tərəfdən, uğurlu xanım odur ki, ilk növbədə sağlamdır, ailədə harmoniyası var, nə üçün çalışdığını bilir və 3 prioriteti də biznesə doğru aparır. Yox, enerjisini itirir, ancaq biznes hədəflərinə görə çalışır, dostlar ailə, sağlamlıq, özünəbaxım, ümumiyyətlə, bunlar kənarda qalırsa, həmin qadın artıq uğurlu biznes-vumen deyil. Hər şey dərketmədən başlamalıdır ki, mən kiməm? Bax biz bu söhbəti ilin əvvəlində aparırıq. Çox istəyərdim, ölkəmizdə bizneslə məşğul olan qadınlar dayanıb baxsınlar ki, onların resursları nədir, nəyə imkan verir? Həqiqətənmi onlar sağlamlığı kənara qoyaraq, biznesi prioritet etməlidirlər? Biznesə qoşulsalar, stress artacaq, bunun da təzahürləri, fəsadları pisdir. Qeyd edim ki, onkoloji xəstəliklərin mənbəyi 90-95 faiz stressdir. Artıq bu xəstəliyin hər kəsdə genetik olmadığı bəllidir. Bu, təkcə onkoloji xəstəlik yaratmır, insultlar, beyin qanamaları da baş verir və gənc insanların ömrünə son qoyur.

 

- "Kişi kimi qadındır" ifadəsinə münasibətiniz? Kişiləşmə sindromunun qadına vurduğu şüuraltı zərbələrin fəsadları nələr ola bilər?  

 

- Fərdi olaraq, çox neqativ baxıram. Şəxsən mənə kimsə desə ki, kişi kimi qadınsan, kompliment kimi də baxmıram, təhqir də saymıram. Amma başa düşürəm ki, bu ifadəyə layiq görülən qadınları hansısa müsbət cəhətə görə kişilərə bənzədirlər. Halbuki, qadınlar özləri sözündə dayanan, məqsədyönlü,  idarəedən, qərarverəndirlər. Gender problemi də yoxdur. Lakin əgər biz deyiriksə ki, bu xanım kişi kimidir, kişi kimi qərarlar verir, o zaman şüuraltı dəyişikliklər başlayır və ən pisi də odur ki, həkim olaraq demək istəyirəm ki, bizim ən əsas   xanımlığımızı saxlayan, kişilərdə bizə qarşı maraq, meyl yaradan estrogen hormonunun ifrazı azalır. Bax, bu problemdir. Testosteron artır, bu da yaxşı göstəricilər gətirmir. Əgər bizdə vücud dili dəyişirsə, məsələn, xanımlar ağır atletika ilə məşğul olursa, ağır çəki qaldırırsa, təbii ki, onda testosteron ifrazı artacaq, estrogen ifrazı azalacaq. Estrogen ifrazı azaldıqda isə avtomatik bütün fəsadlar başlayır, tsikl olaraq gedir. Qadında tüklənmə başlayır, tsikl dəyişmə  ürək-damar sisteminə təsir edir, təbii ki, bu da reproduktiv funksiyaya çox pis təsir göstərir. Klimaks dövrünü yaxınlaşdırır. Əvvəllər klimaks 50-55 yaşlarında baş verirdi, indi isə 40 yaşında. Niyə? Ona görə ki, estrogen azalır. Biznes-vumenlərdə bu tez-tez baş verir. Estrogenin orqanizmdə faizinin yoxlanması özü bir göstəricidir.

 

- Orqanizmdə, psixologiyada, prioritetlərdə, iş və həyat balansında hansı dəyişikliklər yarana bilər?

 

- Əsas odur ki, bizdə hər kəs özünə görə hansısa prioritetlər seçə bilər ki, iş və həyat balansı qorunsun. Axı həyatımız ancaq işdən ibarət deyil. Həkim kimi başlayıram; necə qidalanıram, yatıram, idmanla məşğulammı, çəkim artıb-azalırmı, özümü necə hiss edirəm, həkimə sonuncu müraciət nə zaman olub və s. Digər tərəfdən, hər bir insan öz üzərində işləməlidir, inkişaf etməlidir. Düşünürük ki, hər gün dünyada yeni məhsullar istehsal olunur və mən gündəmdə olmalıyam. Xüsusilə intellektual biznesdə hər gün ortalama 18 000 elmi məqalə dərc olunur.  Bunlardan ən azı birini oxumalıyıq ki, dünyada nə baş verdiyini bilək. Digər tərəfdən biz təkcə fiziki deyil, həm də mənəvi olaraq inkişaf etməliyik.

 

- Bəs mənəviyyat necə dəyişilir?

 

- Mənəviyyatın dəyişilməsi xeyirxahlıqla, yardımlaşma, sərgilərə, teatra-konsertə getməklə baş verir. Özü də elə-belə konsertə yox, həqiqətən yaradıcılığın məhsulu olan teatra, konsertə getmək lazımdır. İnam da mənəviyyatın formalaşmasında böyük rol oynayır. Yəni mənəviyyatı mütləq düşünmək lazımdır. Asudə vaxt... Hamı deyir ki, asudə vaxtımı qoruyum. Bu, həyatımızın 10 prioritetindən 8-dir. Asudə vaxtdan səmərəli istifadə heç də idmanla məşğul olmaq demək deyil.

 

- Deməli, "çox işləyirəm" sözüylə qürur duymaq hələ o demək deyil ki, həmin şəxs çox  uğurlu adamdır...

 

- Elədir, tamamilə düzdür. Uğurlu adam odur ki, həmin bu prioritetləri - orada hələ ailə, dostlar, qohumlar, münasibətlər də var, onları dəyərləndirsin... Onlar yoxdursa, hansı münasibətlərdən söhbət gedə bilər? Əgər bu gün deyirsinizsə ki, mən uğur əldə etmişəm, satışım yüksəkdir, amma tək-tənhayam, sağlamlığımda problem var, enerjim yoxdur, xroniki yorğunluqdan əziyyət çəkirəm, bezirəm, həyat mənə maraqsız gələndə yeni çanta və ya geyim alıram, çox gözəl. Amma sən onlarla hara gedirsən, hansı mənəviyyatı artırırsan? Nələr edirsən ki, uğurlu xanım olasan? Uğurlu xanım üçün bir neçə meyar təmin olunmalıdır.

 

- Vücud dilinə bu sözün birbaşa təsiri nəticəsində hormonal dəyişikliklər yarana bilərmi? Qadın orqanizmində testosteron hormonların səviyyəsini yüksəlməsində bu amillərin təsiri varmi?

 

- Vücud dili dəyişirsə, jestlər xanımlığı itirirsə, təbii ki, bu meyllik yaradır, testosteron artır. Eləcə də kişilərə xas idmanla məşğul olanda da bu baş verir. Estrogen daha çox düzgün qida, meyvə-tərəvəz, yaşıllıq, tərkibində selen olan qidalar vasitəsilə, yoqa ilə, düzgün tənəffüslə artır. Yoqada elə pozalar var ki,  estrogenin ifrazını artırır. Ona görə də qadınlarımız, xüsusilə də işgüzar xanımlarımız bunlara diqqət etməlidirlər.

 

- Ailə ya iş? İkisini bir ortamda tənzimləmək üçün nələrə diqqət edilməlidir? Balansı qorumaq üçün vacib amillər...

 

- Stressi yaradan amillərdən biri də odur ki, insanlar özlərinə prioritet seçə bilmirlər. Bu, xüsusilə işgüzar xanımlara aiddir. Belə xanımlar cavan yaşlarından karyeranı prioritet götürürlər. Elə xanımlar da var ki, onların prioriteti "gözəl ailəm  olsun"dur. Həqiqətən həmin xanımın gözəl, uğurlu ailəsi də olur, dünyaya övladlar da gətirir, həyat yoldaşına dəstək də olur. Lakin 40-45 yaşlarında belə xanımlar özlərini cəmiyyətə lazımsız adam kimi hiss edirlər. Deyinirlər ki, axı niyə 18-20 yaşlarında təhsil almamışam. İndi övladlarım böyükdür. Deməli, xanımların həyatında hər şey paralel getməlidir. Yəni, burada qızıl orta tapmaq lazımdır. Elə seçim etmək lazımdır ki, həm karyeran olsun, həm də ailən. Elə xanımlar tanıyıram ki, onlar həqiqətən uğurlu insanlardır. Onlar hər işi vaxtında görüblər. Hər yeni ilin başlanğıcında köhnə il təhlil edilməlidir, hansı prioritetdə zəiflik olub, bu il onu mütləq aradan qaldırmaq lazımdır.

 

- Neqativ dəyişikliklərin baş verməməsi üçün nələrə diqqət etmək lazımdır?

 

- Təbii, hər şey beynimizdən başlayır. Xarici  görkəm də əsas faktordur. Elementar saçı boyayıb, forma verəndə əhval-ruhiyyədə yüksəliş olur. Sevinc vaxtlarını bol etmək lazımdır. Sevinci mükafat kimi qəbul etməməliyik, buna vərdiş etmək lazımdır. Biz axı nəyə görə özümüzə ayırdığımız vaxtı əvvəlcədən mükafat kimi düşünməliyik? Filan işi gör, filan mükafatı al. Bu, bizim rejimimizdə olmalıdır. Pulu qazanmaq azdır, onu sağlamlığa, istirahətə, asudə vaxta, fərdi inkişafa və ailəyə xərcləməyi də bacarmaq lazımdır.

 

- Qadın üçün biznes sahəsində "yüksəklikdə" dayanmaq azdır, o həm də qadınlıq meyarlarını da qoruyub saxlamağı bacarmalıdır.  Bu sahədə psixoloq kimi məsləhətləriniz...

 

- Çox istəyərdim ki, qadınlarımız vücud dilinə diqqət etsinlər; onlar danışanda simaları nəyi ifadə edir, əl-qolu hardadır, ayaqları hansı formada saxlayıb, duruşu necədir? Onlara uyğun pozalar var; oturuş, duruş, hansı jestlərin uyğun olub-olmaması, maneralar, səs tonu necə olmalıdır... Hansı jestlər kişilərə uyğundur, onlardan qaçmaq lazımdır. Modulyasiya necə gedir, nitqi və səsimizi necə dəyişdiririk, bütün bunlara riayət olunmalıdır.

 

- Şirkətin üzü hesab edilən qadın rəhbərlər üçün onu əhatə edən insanlar arasında avtoritet olması xüsusilə vacibdir. Həmkarları arasında uğur əldə etmək və seçilmək, tərəfmüqabillərinin və əməkdaşlarının hörmətini qazanmaq, müştərilərində yüksək və xoşagələn təəssürat yaratmaq üçün manerada və düzgün seçilmiş qarderobda nələrə diqqət edilməlidir?

 

- Bu gözəl sualın cavabın böyük layihələrin tərkib hissəsi kimi təqdim etmək lazımdır. Şəxsən mən özüm ruhi-əsəb xəstəxanasında çalışarkən istədiyim makiyajdan, saç düzümündən istifadə edə bilmirdim, ya da elə geyimimdə. Ona görə ki, bu, xəstələrdə qıcıq yarada bilərdi, ya da düzgün təəssürat, obraz hesab edilməyəcəkdi. Eyni zamanda, xəstəxanadan ayrılarkən məndə belə problem yaranmışdı, makiyajdan çox istifadə edirdim. Uyğun olub-olmamasını bilmirdim.  İndi isə maşallah, bu haqda informasiya çoxdur, maarifləndikcə, yerinə görə istifadə edirsən. Eləcə də parfümlərdə. Elə xanımlar var ki, ümumiyyətlə, hansı parfümdən nə vaxt və harada istifadə etməyi bilmirlər. Səhər, yoxsa axşam, yaxud biznes görüşünə həmin parfümü necə istifadə etmək olar? Parfümü kostyuma, saça vurmaq olar, ya yox? Layihələr həyata keçirilərkən bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər ekspert qismində təlimlər, master-klasslar keçirlər.  Hətta özümə də maraqlıdır, parfümləri bədənin hansı hissəsinə vuraq ki, ciddi görünək? Ümumiyyətlə, parfümü biznes görüşdən 5 dəqiqə əvvəl istifadə etmək, ya səhər vurmaq uyğundur? Yəni bu kimi suallar əksəriyyət xanımlarda var.

 

- "Boss qadın”ların qarderobunda şalvar-kostyum, ətəklik, ya donlara üstünlük verilməlidir? Yaxud geyim dəvət olunduğu yerə, tədbirə uyğun seçilməlidir? Bu sahədə digər alternativlərə ehtiyac varmı?

 

- Biznes-vumen üçün qarderob, ümumiyyətlə, çox zəngindir. Müxtəlif şalvarlar, ətəklər, donlar, kostyumlar vacibdir. Lakin bu geyimlərdən yerinə görə istifadə etmək münasibdir. Bu haqda ekspertlər danışsa daha maarifləndirici olar.

 

- Bəs makiyajda önəmli çalarlar hansılardır?

 

- Məncə, başlıcası hər bir qadının üzü təravətli olmalıdır, əgər qadın özünə qulluq, baxım etmirsə, bu, dərhal bilinir. Silinməmiş üzə altdakı makiyajın üzərindən yenisini etmək, stressi, yoğunluğu gizlətməyəcək. Xanımın üzü birinci növbədə təmiz, təravətli görünməlidir. Yalnız ondan sonra bu xanım öz biznesinə uyğun makiyaj etməlidir. Boz rəngdə görünməmək, parlaq olmaq üçün. Amma gündəlik makiyajla axşam makiyajının yerini qarışıq salmamaqla...

 

- Biznes-ledilər zinət əşyaları seçərkən nələrə diqqət etməlidirlər?

 

- Hansı tədbirə qatılmasından asılıdır. İş görüşmələrində diqqət yayındıran zinət əşyalarından istifadə məqsədəuyğun deyil. Yerinə görə, az gözə çarpan və ya əksinə ola bilər. Mənə görə, konkret tədbirlərdə əsas qolda saat və qulaqda hansısa xırda sırğalardır. Lakin gecə tədbirə gediriksə, hər şey ona uyğun olmalıdır. Bu sualları da ekspertlərə yönəldəcəyik, onlar bütün bunların izahlarını verəcəklər. 2008-ci ildə Yaponiyada stil qadınların bir ortamda necə dəbli geyinməsini görmüşəm. Məncə, ən dəbli, stilli biznes-vumenlər orada yaşayırlar. Orada fikir verdim ki, xanım gəlir, onun qələmi, kəməri və saçtutanı eyni brenddəndir və eyni formadadır. Çox sadə, açıq rəngli paltar və sadaladıqlarım səni cəlb edir. Yəni bu baxır artıq insanın fərdi zövqünə...

 

 

# 1475
avatar

Gülnaz Qənbərli

Oxşar yazılar