<b>“İnnabı”nı”, “Şur”u, “Naz eləmə”ni “işğal”dan azad edək </b>
11 mart 2019 09:05 (UTC +04:00)

“İnnabı”nı”, “Şur”u, “Naz eləmə”ni “işğal”dan azad edək

İşğal yalnız torpağa aid deyil, mənəvi işğal ondan daha təhlükəlidir. Məlumdur ki, ermənilər həmişə Azərbaycan musiqilərini dünyaya öz adları altında yayırlar.
 
Hələ Üzeyir bəy Hacıbəylinin sağlığında onun musiqilərini, musiqili komediyalarını müxtəlif ölkələrdə öz imzaları altında təqdim ediblər. Buna cavab olaraq ilk dəfə 1945-ci ildə Üzeyir bəyin Stalinə müraciəti əsasında “O olmasın, bu olsun” bədii filmi lentə alındı. Həm də yalnız çəkməklə kifayətlənməyib onu Sovetlər ölkəsinin sərhədlərindən çox-çox uzaqlarda nümayişini təşkil etdilər.  “O olmasın, bu olsun” bütün dünyaya həm Azərbaycanı, həm onun musiqisini, həm də Üzeyir bəy dühasını tanıtdı.
 
Bu gün torpaqlarımızn erməni işğalı altında olduğu dövrdə belə addıma çox böyük ehtiyac var. Son illər onlarla mahnımız, rəqsımiz, musiqi alətimiz və sair ermənilər tərəfindən işğala, mənimsəməyə məruz qalıb. 
 
Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti  Ariz Abduləliyev mövzunu araşdırıb, əlində onlarla fakt var.  Onun Lent.az-a dediyinə görə,  “Azərbaycan xalq mahnı və rəqsləri erməni saxtakarlığının hədəfində” mövzusunda elmi məqalə hazırlayıb: 
 
“Oğurluq onların xarakterində, milli kimliyindədir.  Bizim işimiz onların saxtakarlıqlarını faktlarla ortaya qoymaq və bunu dünya musiqişünaslarına çatdırmaqdır. İllərdir abunu raşdırıb həqiqəti faktlarla, sübutlarla işləyib hazırlamışam”.
 
Ariz Abdullayevin araşdırmasından bəzi faktları diqqətinizə çatdırırıq: 
 
Erməni klassik bəstəkarı Komitasın fortepiano üçün altı nümunədən ibarət “Rəqslər” toplusunda (Moskva, 1939 ) dörd  Azərbaycan, iki Ərzurum xalq rəqsinin “erməni rəqsi” adı ilə nota yazıldığını müqayisə və təhlillərlə göstərib.  Xalq rəqslərimizin qədim nümunələrindən “Otuziki” (digər adı “Toy rəqsi”), “İnnabı”, “Aşqabadı” (digər adı “Şuşa maralı”) bu məcmuədə “Eranqi Eravanskiy”, “Unabi Şuşinskiy”, “Marali Şuşinskiy” adı ilə yer aldığını yazır və ona əks arqumentlərlə faktlarla cavab verir.  “Nə baxırsan, yanı-yanı” adlı xalq mahnımızı  “Eranqi Vaqarşapatskiy” adı ilə rəqs kimi nota yazdırıblar. Ariz müəllim həmin mahnının Azərbaycan xalq mahnısı olduğunu dəlillərlə göstərir.
 
Bəstəkar, pedaqoq, SSRİ xalq artisti A.Babacanyanın (başqasının musiqisini oğurlamaqla qalxdığı zirvəyə baxın) piano üçün 1978-ci ildə yazdığı “Elegiya” pyesinin xanəndələrimiz tərəfindən Füzulinin məşhur qəzəlinə oxunan “Şur təsnifi”, “Vaqarşapat rəqsi” pyesinin (1948) qədim “Otuziki” rəqsimiz, E.Petrosyanın “Axalsix kadrili”nin isə “Koroğlu havası” olmasını Ariz Abdullayev Bakıda keçirilən elmi  seminarda sübuta yetirib. Bu nümunələrdən vaxtilə Ü.Hacıbəyli öz opera və musiqili komediyalarında sitat kimi istifadə edib.
 
A.Abduləliyev bəstəkar və pedaqoq E.İ.Baqdasaryanın İrəvanda 1974-cü ildə “Ayastan” nəşriyyatında çap olunmuş “Erməni rəqsləri” not məcmuəsi haqqında da danışıb: “Məcmuədə 41 nümunədən 22-sinin Azərbaycan xalq rəqsi olduğunu konkret dəlillərlə aşkar etmişəm. Məsələn, “Əndican” rəqsimiz həmin məcmuədə “Naz par”, “Aşqabadı” rəqsimiz  “Nunufar”, “Qızılgül” rəqsimiz “Djeyranı”, “Naz eləmə” rəqsimiz “Erevanskiy trınqı”, “Vağzalı” rəqsimiz “Qyumriyskiy tanets”, “Şağani” rəqsimiz “Şutoçnıy tanets”, “Dərvişi” rəqsimiz “Zanqequri”, “Xançobanı” rəqsimiz “Zurna trınqi”, “Turacı” rəqsimiz “Javoronok” adı ilə  və erməni rəqsi kimi nota yazılıb “Tərəkəmə”, “Şalaxo”, “Uzundərə”, “Köçəri”, “Ənzəli”, “Fincan” rəqslərimiz isə eyni adla, lakin yenə də erməni rəqsi kimi məcmuəyə daxil olunub”. 
 
Ariz Abdullayev onu da deyir ki, erməni not toplularındakı “eranqi”, “trınqı” sözləri musiqimizdəki “rəng”, “diringi” termin və nümunələrindən əxz olunub: “Bunu da sübut etmək üçün musiqinin dili var”. 
 
Alimin sözlərinə görə, musiqi araşdırmaçıları arasında  bu mövzuda əlində dəlil və təhlil olan insanlar var: “Yalnız əlimizdə olan bu faktlarla təbliğata start vermək qalır. Onun üçün isə dövlət səviyyəsində dəstəyə ehtiyacımız var. Ölkə xaricində elmi konfrans və seminarlara dəvət alırıq, maddi çətinlikdən gedə bilmirik. Bizim xarici ölkələrə ezamiyyətlərimiz təşkil edilsə, heç kimin bizim mədəniyyəti öz adına çıxmasına icazə vermərik”. 
# 1236
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar