[b]Uşaqlarda burun əti və koxlear implant əməliyyatı nə vaxt icra olunmalıdır? - MÜSAHİBƏ[/b]
02 mart 2019 17:13 (UTC +04:00)

[b]Uşaqlarda burun əti və koxlear implant əməliyyatı nə vaxt icra olunmalıdır? - MÜSAHİBƏ[/b]

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, dünyada 350 milyondan çox insan karlıq və eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Azərbaycanda da eşitmə qüsurlu insanlar çoxdur. Bu qüsurları aradan qaldırmaq üçün bir çox əməliyyatlar icra olunur. Son illərdə isə anadan eşitmə qüsuru ilə doğulan uşaqlar üzərində koxlear implant əməliyyatları aparılır, bununla da problem erkən və köklü şəkildə aradan qaldırılır. Artıq xeyli sayda eşitmə qüsurlu uşaq üzərində bu əməliyyat aparılıb və bu yöndə addımlar atılmaqda davam edir.
 
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının LOR şöbəsinin müdiri, uzman doktor Murad Şıxəliyev e-tibb.az-a müsahibəsində koxlear implantasiya əməliyyatı, eşitmə qüsurlu uşaqların doğulmasının səbəbləri, uşaqlar və böyüklər arasında burun, burun və boğaz əti problemləri barədə danışıb.
 
- Murad həkim, Azərbaycanda koxlear implant əməliyyatını ilk dəfə icra edən həkimlərdən birisiniz. Uşaqlarda koxlear implant əməliyyatı hansı yaşda icra edilməlidir?
 
- Məlumat üçün ilk növbədə onu bildirim ki, ÜST-ün məlumatına görə, dünyada doğulan hər 1000 uşağın 1 və yaxud 2-i kardır. Dünyada koxlear implantasiya, yəni daxili qulağın protezləşməsi əməliyyatı 30 ildən çoxdur icra edilməkdədir. Azərbaycanda bu əməliyyatı 2010-cu ildən icra etməyə başlamışıq. Ölkəmizdə koxlear implantasiya əməliyyatı edilən uşaqların əsasən nitqində və eşitməsində qüsurlar olur. Eşitmə qüsuru ilə doğulan uşağın nitqi də inkişaf etmir. Xüsusi skrinninq müayinələr vasitəsilə, yeni doğulmuş uşaqlarda ciddi eşitmə qüsurunun olub-olmamağını müəyyənləşdirmək mümkündür. Diaqnoz nə qədər tez qoyularsa və koxlear implantasiya əməliyyatı nə qədər tez icra olunarsa, əməliyyatın effekti də bir o qədər yüksək olar. 1, yaxud 2 yaşına qədər əməliyyat olunmayan belə uşaqlar eşitmə və nitq qüsurlu kimi böyüyürdülər. Hazırda isə 1-2 yaşa qədər əməliyyat edilən uşaqlar tam qüsursuz nitqə sahib olurlar və onların eşitmə qüsuru aradan qalxır, eşitmə bərpa olur. Bu isə həmin uşaqların cəmiyyətin tam hüquqlu, sağlam fərdinə çevrilməsinə təkan vermiş olur. Təbii ki, eşitməyən insanın nitqi inkişaf etmədiyindən onun ali təhsil alması, hərbi xidmətə yollanması, bir sözlə cəmiyyətə inteqrasiyası qeyri-mümkündür.
 
- Azərbaycanda bu cür eşidə, hətta danışa bilməyən uşaqların doğulmasına nə səbəb olur?
 
- Ən böyük faktor kimi qohum nikahlarını göstərmək olar. Qohum nikahları bu riski dəfələrlə artırır.
 
- Uşaq, eləcə də böyüklərin burun problemləri ilə bağlı müraciətlərinin sayının artdığı deyilir...
 
- Burundakı problemlərlə bağlı müraciətlərin səbəbləri müxtəlif ola bilər. İqlim, ekologiya burada vacib amillərdir. Digər tərəfdən, allergik xəstəliklərin sayının artmasının buna təsiri var. Bizim ölkə insanlarında burun inkişafı bir qədər sürətlə gedir və buna görə də, burun çəpərinin əyriliyi ilə bağlı problemlərə daha tez-tez rast gəlinir. Burunda estetik əməliyyatların geniş vüsət almasının əsas səbəblərindən biri də budur. Məsələn, Azərbaycanda burun çəpərinin əyriliyi və burunda estetik əməliyyat üçün həkimə müraciət edənlərin sayı Norveçlə müqayisədə çoxdur. Çünki şimal ölkələrinin əhalisinin burunları fərqli olur. Bizdə burnu düz, deformasiyaya məruz qalmayan insan tapmaq çətindir. Amma Norveç, İsveç kimi ölkələrdə insanların əksəriyyətinin burnu düz olur.
 
- Uşaqlarda burun əti əməliyyatı nə vaxt icra olunmalıdır?
 
- Adenoid dediyimiz burun əti burun tənəffüsünün pozulmasına gətirib çıxarır. Əsas şikayət bundan ibarət olur. Eyni zamanda, bu hal orta qulağın havalanmasının qarşısını alır. Orta qulağın havalanmasının qarşısı alınan zaman isə təbil pərdəsinin arxasında yığılan maye axaraq kanal vasitəsilə buruna tökülə bilmir, orada qalır və bu isə eşitmə azlığına gətirib çıxarır. Bu cür eşitmə azlığını hər birimiz özümüzdə hiss etmişik. Məsələn, zökəm olanda burnumuz tutulur, qulağımız zəif eşidir. Burnunda əti olan xəstələrdə bu daimi problemdir. Dediyimiz kimi, təbil pərdəsinin arxasında yığılan maye daimi qalır, mayenin qalması sonradan onun kirəcləşməsinə və davamlı eşitmə azlığına səbəb olur. Bu da öz növbəsində nitqi inkişaf prosesində olan uşağın nitqində problemlərə gətirib çıxarır. Adenoidin də dərəcələri var. Əgər uşaqlar narahat, ağzı açıq yatırsa, burun tənəffüsü pozulursa və aylarla, illərlə davam edirsə, bu artıq kliniki nöqteyi-nəzərdən endoskop vasitəsilə adenoidin görüntülənməsindən sonra əməliyyata göstərişdir.
# 980
avatar

Oxşar yazılar