<b><span style="color:red;">Anarın təklifi var:   Birinci vitse-prezidentin yanında Ziyalıların Məşvərət Şurası yaradılsın</b>
02 mart 2019 08:58 (UTC +04:00)

Anarın təklifi var: Birinci vitse-prezidentin yanında Ziyalıların Məşvərət Şurası yaradılsın

“Başqa yaradıcılıq təşkilatları kimi, Yazıçılar Birliyi də Sizin daim qayğınızı və diqqətinizi hiss edir. Yazıçılara – 50 nəfər yaşlı, 20 nəfər cavan yazıçıya Prezident təqaüdünün təyin olunması, 5 il bundan qabaq 80 illiyimizin geniş qeyd edilməsi, Yazıçılar Birliyinin binasının təmiri, klassiklərimizin və müasir yazıçılarımızın yubileyləri bu qəbildən olan işlərdir. Siz bu ili Nəsiminin yubileyi ilə bağlı olaraq “Nəsimi ili” elan etmisiniz. Bu il Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının yubileyləri haqqında Sizin sərəncamlarınız var”.
 
ONA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə Yazıçılar Birliyinin (YB) sədri, xalq yazıçısı Anar deyib.
 
Anar, həmçinin,  C. Məmmədquluzadənin yubileyi ilində onun məzarının səliqəyə salınmasını və Bakıda heykəlinin ucaldılmasını da təklif edib.
 
Ötən ilin dekabrında Prezidentin onu qəbul etdiyini xatırladan Anar Yazıçılar Birliyinin bir çox təklif və xahişlərini çatdırdığını, onların bir çoxunun artıq həllini tapdığını da vurğulayıb.
 
“ Bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişik, artıq 30 ilə yaxındır orada yaşayırlar. İndi Sizin Sərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq. Sizin tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada biz yazıçılar üçün 16 mərtəbəli bina tikiləcək, kooperativ ev. Bununla da bizim yazıçıların mənzil məsələsi demək olar ki, həll ediləcək” deyə, YB sədri qeyd edib.
 
Anar, həmçinin, Prezidentin tapşırığı ilə bəstəkarlar, rəssamlar və yazıçılar üçün Şabran rayonunda yaradıcılıq evləri tikiləcəyini də qeyd edib. O, təklif edib ki, bu şəhərcik Ulu Öndərin şərəfinə Heydərabad adlansın.
 
Anar ədəbiyyatın xaricdə təbliği ilə bağlı bir Füzuli Mərkəzi yaratmağı və xarici ölkələrdə təbliğat işi aparmağı da təklif edib.
 
YB sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın yanında Ziyalıların Məşvərət Şurasını yaratmağı da təklif edib: “Mehriban xanımın yanında ziyalıların məşvərət şurasını yaradaq ki, ara-sıra biz orada toplaşaq, ictimai-siyasi, mədəni hadisələr haqqında söhbətlər edək”.
 
# 748
avatar

Oxşar yazılar