[b]Problemli kreditlərin kompensasiya mexanizmi açıqlandı[/b]
01 mart 2019 11:48 (UTC +04:00)

[b]Problemli kreditlərin kompensasiya mexanizmi açıqlandı[/b]

 
Problemli kreditlərə güzəştlərin tətbiq olunmasından sonra kompensasiya mexanizmi müzakirələrə səbəb olub.
 
ONA xəbər verir ki, iqtisadçı Vüqar Bayramov mexanizmi ətraflı izah edib.
 
 Ekspert mexanizmi suallar və cavablar üzrə qruplaşdırıb.
 
1. Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcəkmi?
 
Nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq, kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək.
 
2. Hazırda kreditlər üzrə aylıq ödənişləri olanlar ödənişi davam etdirsinlərmi?
 
Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablaancaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.
 
3. Güzəştlər yalnız dollarla götürülən kreditlərə aiddirmi?
 
Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər.
 
4. Kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyanı necə alacaq?
 
Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək.
 
5. Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək?
 
Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa, vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildəkdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır. Bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollarla kredit bağlanır.
 
6. Avro və ya rubl ilə götürülən kreditlərə güzəşt şamil olunacaqmı?
 
Məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər.
 
7. Bank olmayan kredit təşkilatlarından kredit götürən vətəndaşlarımıza kompensasiya veriləcəkmi?
 
Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər.
 
8. Kompensasiyadan sonra kredit borcu qalanlar borclarını necə qaytaracaqlar?
 
Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardır və onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borc ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir, yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni faktiki olaraq qalıq borca faiz hesablanmır, müddət uzadılır ki, vətəndaş ödəniş edə bilsin.
 
9. Ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və kompensasiya məbləği nə zamanadək bəlli olacaq?
 
Fərmana əsasən, fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq.
 
10. Vətəndaşlar kompensasiyanı nə zaman ala biləcəklər?
 
Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək.
# 1275
avatar

Oxşar yazılar