Tanınmış rektor <span style="color:red;">ÜSYAN ETDİ : “Azal”a məktub yazırıq, deyir pulunu ver...” - <span style="color:red;">MÜSAHİBƏ
01 mart 2019 13:22 (UTC +04:00)

Tanınmış rektor ÜSYAN ETDİ: “Azal”a məktub yazırıq, deyir pulunu ver...” - MÜSAHİBƏ

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi ilə musiqimizin bu günündən, qayğılarından və uğurlarından danışmışıq. Söhbətə nərdivanı isə həmsöhbətimin böyüdüyü mühitdən, ailədən saldıq. Niyə? Bunu sonda bilərsiniz. Hələlik isə, görək Siyavuş Kərimi şöhrət ordenli professor oluncaya qədər kim olub...

 

 - Qeyri-adi uşaq olmamışam. Orta statistik azərbaycanlı ailəsində böyümüşəm. Ailənin tək uşağı idim. Anam əslən Gəncədəndir, evdar qadındı, atam İran demokratı idi, 46-cı ildə Azərbaycana köç etmiş inqilabçılardandır. Atamın gözəl səsi vardı, gözəl muğam oxuyardı. Hətta Əhməd Bakıxanov onu oxuması üçün dəvət etmişdi, atam razılaşmamışdı, “səhnə adamı deyiləm” - demişdi. Atam neftçi idi. Musiqiyə onun da, anamın da maraqları sayəsində mən musiqi məktəbinin tar sinfinə getdim.

 

- Əslində dövrün tələbi idi, o vaxt hər ailədə ən azı bir uşaq musiqi təhsili alırdı

    

- Mikrorayonda olurduq, hər blokda 15 mənzil vardı, hər evdə də piano, tar, hamı musiqi alətində çalırdı, binadan yalnız musiqi səsi gələrdi.

 

- Kaş, yenə elə olaydı...

 

- Bu da bir başqa söhbətin mövzusudu. İndi uşaqların ona heç vaxtı da qalmır. Sizinlə danışıram, uşaqlığım kino lenti kimi gözlərim önündən keçir. Deyəsən, musiqi məndə alınırdı ki, Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olundum.

 

- Və orda Əhsən Dadaşovun tar sinfində oxumusunuz. Mənim üçün bu, tarixdi, sizin üçün xatirə...

 

- Bəli, Əhsən müəllimin şəyirdi olmuşam. O qədər tələbkar müəllim idi ki, onun tərifini qazanmaq, onu razı salmaq üçün çox çalışırdım, uşaqlar həyətdə oynayırdılar, mən evdə gözümün yaşı yanaqlarım boyu süzülürdü, amma yenə çalırdım, məşq edirdim. Sərt, ciddi adam idi. Bülbül adına musiqi məktəbi peşəkarlığın ilk pillələridir. Ordan Azərbaycan musiqisini dünyaya tanıdan adamlar çıxıb. Burda oxuyursansa, demək, istiqamətin artıq müəyyən olunub. Oranı bitirdim, sonra Konservatoriya təhsili aldım. Artıq təhsil alandan sonra səhnə fəaliyyətim başlandı. Tələbə vaxtı icazə verməzdilər.

 

- Əvvəl, deyəsən, Rəşid Behbudovun Mahnı Teatrından başlamısınız?

 

- Mahnı Teatrına Rəşid Behbudovun ansamblına düşmək özü bir prestij idi o zamanlar. Gərək sənin hər hansı bir fəaliyyətin, nailiyyətin olaydı ki, Rəşid müəllimin diqqətini çəkəydin. Ona qədər kiçik kollektivlərdə işləyirdim, mənə dedilər ki, Rəşid müəllim səninlə görüşmək istəyir. Heç ağlıma da gəlməzdi, xülya idi mənim üçün. Yoxladı, qəbul etdi.

 

- İlk musiqini hansı yaşlarınızda yazmışdınız?

 

- Orta məktəb illərində, gecələr hansısa notlar gələrdi ağlıma, evdə hamı yatdığı üçün yalnız qeydlər aparırdım. Artıq sonralar, caz-rok janrlı musiqilərlə məşğul olduğumuz vaxtlarda özümüz yaratdığımız kollektivlərdə hansısa ağlıma gələn musiqini çalıb nota sala bildim. Buna imkan oldu. Dövlət musiqi kollektivlərində yalnız müəyyən olunmuş çərçivədə musiqilər ifa edə bilərdin, əsas inkişaf özfəaliyyət kollektivlərində vardı. İstədiyin janrda ifa edib, inkişafa yönəlirdin. Bu kollektivlərdə formalaşmağa başladım.

 

- Caz-rok istiqamətləri o vaxtlar inkişaf edirdi Bakıda, nə qadağan olunursa, o inkişaf edir, çünki meyl, maraq artır ona.

 

- Bəli, bizi artıq üzdən tanıyırdılar, bu da 19-20 yaşlı gənc üçün böyük stimul idi. Belə-belə, peşəkarlar da bizi görməyə başladılar. Rafiq Babayev də elə tanıdı bizi, sonralar bir yerdə çalışdıq, onun yanında çox püxtələşdim. Gitarada, bas gitarada ifa edirdim. Əsgərlik illərimdə də orkestrdə xidmət etdim, orda da nəfəs alətlərində ifa etməyi öyrəndim. Artıq bir neçə musiqi alətində ifa etməyi bacarırdım. Bakıda xidmət etdiyim üçün başqa kollektivlərdə çıxış etmək, evə getmək imkanlarım olurdu.

 

Ordu sıralarından da bol təcrübə ilə qayıtdım, gələndən sonra dedilər maestro Niyazi yeni qrup yığır. Akif İslamzadə ilə musiqiçiləri də toplayıb, gəldik Filarmoniyaya. Yayın istisində aparatları çiynimizdə daşıyırdıq. Niyazi ilə Rafiq Babayev birlikdə dinlədilər bizi. Mən belə başa düşdüm ki, Rəşid Behbudov bizi onların məsləhəti ilə dəvət etmişdi. Niyazi qrup yaratmadı, amma sənət həyatımda təməli məhz o görüş qoydu. Rəşid Behbudovla iki il işlədik, qastrollarda olduq. Sonra Polad Bülbüloğlu Moskvadan gəldi, qrup toplamağa başladı. Mən də çıxıb onun yanına getdim.

 

- Niyə?

 

- Rəşid Behbudovla işləmək, onun yanında musiqi tərbiyəsi almaq çox böyük xoşbəxtlikdi. Allahımdan razıyam ki, bu xoşbəxtlik mənə nəsib oldu. Onunla bir səhnəni bölüşdüm. Təkcə sənət yox, həyat dərsi aldım. Sadəcə artıq özünü müstəqil təsdiq etmək istəyirsən, özün kimi. Polad Bülbüloğlunun yanında bu imkan vardı, özü də gənc idi, 36 yaşında, bir yerdə haralarda olmadıq, nə improvizələr etmədik.  Özüm yazdım, pozdum, yaradıcılıq imkanları daha çox oldu. Polad Bülbüloğlu nazir oluncaya qədər. Mən artıq ailə qurmuşdum, Polad Bülbüloğlu ilə verdiyimiz təsərrüfat hesablı konsertlərdən yaxşı pul alırdıq. Gənc ailə üçün bu, göydəndüşmə idi.

 

- Ailə demiş, xanımınız da bu sahədən idi?

 

- Mən iki dəfə ailə qurmuşam. Oğlum Eminin artıq 37 yaşı var, indi ondan başqa iki oğlum da var, yaşları hələ azdır. Polad Bülbüloğlu nazir olandan sonra Rafiq Babayev yenə məni yanına çağırdı, qayıtdım Azərbaycan Televiziyasına. İki il sonra onunla birlikdə “Cəngi” folklor ansamblını və öz studiyamızı yaratdıq. 97-ci ilə qədər çox böyük uğurlarımız oldu, yaxşı işlədik. Rafiq dünyasını dəyişəndən sonra o studiyaya mən rəhbərlik etməyə başladım. İndi də o studiyanın rəhbəriyəm, amma konservatoriyadakı fəaliyyətimə görə oranın işi bir az qalıb. Rafiqin vaxtında necə idi, elə də saxlamışıq.

 

- Filmlərə və teatr tamaşalarına çox musiqi yazmısınız. Hələ bir filmə də çəkilmisiniz, “Ailə” filminə...

 

- Teatrda Azərpaşa Nemətlə çox işləmişik. “Hamlet” , “Şah Qacar”, “Sinif yoldaşları”, “Uzun sevda yolu”.  Milli Dramda Vaqif İbrahimoğlu ilə “Lənkəran xanının vəziri” tamaşasında birgə işləmişik. Musiqili Teatrda “Kimyagər” tamaşasının musiqisini yazmışam. 10-a qədər filmdə musiqilərim var. Axırıncı işim “Xeyir və şərin rəqsi”  filmi oldu. Oğlumla birgə yazdıq.

 

- Demək, oğlunuz da bəstəkardır?

 

- Bəli, Hollivudda yaşayır, burda təhsil aldı, orda davam etdirdi, orda işləyir indi. Həyat yoldaşı da Amerikada yaşayan azərbaycanlıdır.

 

-  Sizin möhtəşəm işləriniz var, Norveç xoru ilə, Cənubi Amerika qrupu ilə…

 

- Əslində, bu layihə Norveçlilərin özlərinindir. Gəldilər Bakıya, məni tapdılar. Mənim studiyamda işlədik, başqa bəstəkarlar da işləyib, 5-6 mahnı da mənimkidir. Proqramçı kimi də köməkliyim dəydi. Norveç xoru ilə Azərbaycan musiqisidir, gözəl də alınıb. Sonra bu layihəyə sahib çıxmaq istəyənlər çox oldu, Norveçlilər də dedilər biz sizi tanıyırıq, Bakıda iş gördüyümüz şəxs sizsiniz. Mən Norveçə getdim, daha üç layihə orda işlədik. Onların vasitəsilə Cənubi Amerika musiqiçilərini tanıdım. Onları dəvət etdim Bakıya, bir ay mənim studiyamda işlədik. Cənubi Amerika və Azərbaycan musiqisi layihəsi belə yazıldı. 2013-cü ildə Beynəlxalq Muğam festivalında o layihə ilə iştirak etdik.

 

- Konservatoriyaya rəhbərlik etməyiniz indi o cür layihələri həyata keçirməyə mane olur?

 

- Əksinə, burda çox möhtəşəm layihələr edirik, dünyanın hər yerindən musiqiçilər gəlir, birlikdə konsertlər veririk. Tələbələrin inkişafı üçün bunlar həyata keçirilir. Bir musiqi ocağının missiyası nədir? Əlbəttə, musiqiçilər yetişdirmək. İşimizi əsas bu yöndə qururuq. Gənclərlə xarici musiqiçilərin birgə konsertlərindən onlar çox təcrübə qazanırlar.

 

- Amma hələ də musiqimizi dünyaya lazımınca tanıda bilmirik. Əvəzində bədxah qonşularımız bizim musiqilərimizi öz adlarına çıxıb, dünyaya o cür də tanıdırlar.

 

- Ermənilər Azərbaycan mahnılarını, hətta muğamları öz dillərinə çevirib oxuyurlar. Tüfənglə həll olunmalı məsələ deyil, bunun bir yolu var, onu da həyata keçirən yoxdur. Biz bizim olanı istifadə etmirik, başqası gəlir görür lazımlıdır, amma istifadəsiz qalıb, o da götürüb istifadə edir. Bu saat balabanı düdük adıyla erməni milli aləti kimi dünyaya tanıdır. Amma biz o alətin tədrisini də qadağan etmişdik, mən gələndən sonra bu ocaqda onun tədrisini bərpa etdim, indi yüzlərlə balaban çalanımız var. Milli musiqini qorumaq üçün onu təbliğ etmək lazımdır. Edirik? Yox. Gözəl ifaçılarımız var, müxtəlif festivallara dəvət alırıq, gedə bilmirlər. Pulları yoxdur axı, tələbə maliyyəni hardan alsın? Bizim potensialımızdan niyə istifadə edilmir, niyə hər yerə elə iki nəfər göndərilir. Erməninin iki xoru var, ilboyu dünyanı gəzirlər, Ermənistana ayaqları çox az dəyir. Xor e, 60 nəfərin maliyyəsini onlar niyə tapır? Biz isə yalnız müdafiə mövqeyindəyik. Niyə? Onlar mənimsəyir, biz təkzib edirik. Heç nə də olmasa, lap elə erməniyə qarşı onların öz taktikasından istifadə edək. Deyək ki, sağ olsunlar ki, bizim mahnılarımızı yayırlar dünyaya – mövqeyimiz bu olsun.

 

- Sizlərin görməli olduğu işi siz kimdən umursunuz ki, niyə dediklərinizi eləmirsiniz?

 

- Hər şey maliyyəyə bağlıdır axı, Kiyevə konsertə getmək lazımdır, təyyarə biletlərinin qiymətini bilirsiniz də. Lap götürüb “Azal”a yazırıq, musiqimiz üçün lazımdı deyirik. Deyir pulunu ver, bilet al. Sponsor bizdə yalnız müğənniyə nə isə alır. Sağ olsun Heydər Əliyev Fondu, amma hamısını o eliyə bilməz ki, nümunə göstərir, iş adamları da bir iş görsünlər də Azərbaycan üçün. Desinlər, gəlin xarici ölkələrdə Üzeyir bəy musiqisi ongünlüyü keçirək.

 

- Siyavuş müəllim, xalq artisti, professor, “Şöhrət” ordeni... daha nə qalır?

 

- Onlar üçün işləməmişəm, sevdiyim işlə qəlbimlə çalışmışam, onlar da zamanla yerini alıb. Yenə işimizlə məşğuluq, nə olacaqsa, o da olacaq.

 

 

 

# 2197
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar