Gürcüstan prezidenti Qaxda  tarixi abidələri ziyarət edib
28 fevral 2019 16:52 (UTC +04:00)

Gürcüstan prezidenti Qaxda tarixi abidələri ziyarət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.

Lent.azın məlumatına görə, Prezidentə tarix-mədəniyyət kompleksi barədə ətraflı məlumat verilb. Bildirilib ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin əyani sübutudur. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Mərkəzin ərazisindəki açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları Gürcüstan Prezidentinin marağına səbəb olub. Burada tətbiqi sənət nümunələri, xalçaçı, toxucu, ağacoyma sənətkarlıq emalatxanaları, Şərq şirniyyatı dükanı, təndirxana fəaliyyət göstərir.

Gürcüstan Prezidentinə məlumat verilib ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmmədin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini də ziyarət edib.

Ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verilib. Deyilib ki, bu kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Prezident Salome Zurabişvili kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.

Ali qonağın diqqətinə çatdırılıb ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada öyrənilir və tətbiq edilir. Dövlətimiz tərəfindən başqa dinlərin abidələrinin qorunması, onların bərpası ölkəmizdəki multikultural siyasətin tərkib hissəsidir.

# 962
avatar

Oxşar yazılar