<span style="color:red;">Palçıq içində itib-batan heykəllər:  Cavabdeh kimdir?- <span style="color:red;">FOTOLENT
28 fevral 2019 15:17 (UTC +04:00)

Palçıq içində itib-batan heykəllər: Cavabdeh kimdir?- FOTOLENT

“Vallah, adam Bakıdakı heykəllərə baxmaq istəmir. Heykəllərin üstündəki toz-palçıq uzaqdan görünür. Olmazmı Bakıdakı heykəlləri heç olmasa, ayda bir dəfə yuyub-təmizləyələr…” Bu sözləri Səməd Vurğunun çirkli heykəlinə baxıb şikayətlənən paytaxt sakini Musa Babayev deyir.
 
 
Doğrudan da,  bu gün paytaxtdakı heykəllərin əksəriyyəti elə vəziyyətdədir ki, sanki, hazırlanandan bu yana təmizlənmir.
 
 
Yaxşı əməl sahibləri,  hörmət qazanan insanlar həmişə xatırlanır, yad edilir. Yəqin ki, insanların bir-birləri üçün heykəllər qoymaq ənənəsi də hörmət və yaxşı əməl sahiblərinin əbədi xatırlanması, unudulmamsı üçün atılan addımlardan biridir. 
 
 
Dünyada ilk heykəlin nə zaman və kim tərəfindən yaradıldığı məlum olmasa da, aparılan arxeoloji qazıntılar nəticəsində hələ qədim daş dövrünə aid müxtəlif heykəl nümunələri tapılıb. Azərbaycanda tədqiqatçılar mezolit dövrünü təsviri sənətimizin ilkin mərhələsi hesab edirlər. Qobustan qaya təsvirləri bu sahədə ilk nümunlər sayılır. Abşeron qaya təsvirlərində yaradılmış qabartmalar ilk heykəltəraşlıq əsərlərindəndir. 
 
 
Heykəllər nəinki şərəfinə qoyulan insanların, bəzən bir ölkənin tanınmasında belə böyük rol oynayır.  Məsələn, ABŞ-da - Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl bütün dünyada məşhurdur. Heykəltəraş Frederik Ogüst Bartoldi tərəfindən 1886-cı ildə ərsəyə gətirilən bu heykəli görmək üçün hər il 3 milyondan çox  turist ora axın edir. 
 
 
Hazırda Bakıda da çoxsaylı heykəllər var. Paytaxtımızın ən hündür heykəli hesab olunan Nəriman Nərimanovun heykəli 1972-ci ildə açılıb. Bu, eləcə də Nəsiminin, Füzulinin, Koroğlunun, Axundovun, Cəfər Cabbarlının… heykəlləri Bakıya xüsusi gözəllik verir və şəhərin simvollarından sayılır bu heykəllər. 
 
 
Amma təəssüf ki, bu gün bəzi məkanlardakı heykəllər arasında həftələrlə, aylarla, hətta bəzən illərlə yuyulub təmizlənməyənlər də az deyil. Nəzərə alsaq ki, Bakı küləkli şəhər olduğu qədər də tozlu bir şəhərdir, o zaman həmin heykəllərin mütəmadi təmizlənməsinə ehtiyac yaranır. Şəhərin kifayət qədər ziyarətçisi olduğu Səməd Vurğun bağı və bağda dahi şairin heykəlinin üzərinə hopmuş çirk uzaqdan gözə çarpır. Bağda təmizlik işi aparan qadının dediyinə görə, 
iki ilə yaxındır,  heykəlin yuyulduğunu görmür: "Lap əvvələr su maşınları ilə gəlib heykəli yuyardılar. Amma çoxdandır, bəlkə də iki il olar, heykəlin yuyulduğunu görmümürəm".
 
 
Paytaxt sakini Musa Babayev hər gün bu parkda istirahət etməyə gələnlərdəndir. Deyir ki, hər dəfə də Səməd Vurğunun heykəlini bu vəziyyətdə görəndə xəcalət çəkir: “Baxın, oturduğum yerdən heykələ 20 metr məsafə var, amma heykəlim üstündəki toz qatı buradan görünür. Şəhərin başqa yerlərində qoyulan heykəlləri müşahidə etmişəm, bəziləri  daha təmiz olur. Sanki heykəllər arasında ayrı-seçkilik salırlar. Amma əslində bütün heykəllərə eyni münasibət göstərilməlidir. Bu gün şəhərimiz gözəlləşir, gələn turistləri heykəllər də cəlb edir. Mən uzun illər Rusiyada yaşamışam. Orada parkların və abidələrin təmizliyinə xüsusi diqqət yetilirdi. Cəfər Cabbarlının heykəli isə daha acınacaqlı durumdadır”. 
 
 
Bakı Dəmiryol Vağzalının yaxınlığında Cəfər Cabbarlının heykəli, doğrudan da, çirk içərisindədir. Heykəlin yan-yörəsinin natəmizliyindən isə danışmağa heç dəyməz.  
 
 
Heykəlin qarşısında iki turistin şəkil çəkdirdiyini görüb onlara yaxınlaşdım. İraqlı Kərəm getdiyi ölkələrdə heykəllərə xüsusi maraq göstərdiyini deyir. Şəkil çəkdirdikdən sonra paltarının tozunu təmizləməsi turistin narazılığını açıq-aydın göstərirdi. 
 
 
Məsələylə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bu işlə meriyanın məşğul olmadıqlarını bildirdilər. 
 
 
Mədəniyyət  Nazirliyindən də eyni cavabı aldıq.
 
 
Nəsimi Rayon 15 saylı  Mənzil Kommunal Təsərrüfat Birliyindən isə sorğumuza cavab olaraq qurumun mühəndisi Azər Babayev bildirdi ki, ərazidə olan heykəllərin və ətraflarının təmizlənməsi prosesi onlar tərəfindən həyata keçirilir: “Heykəlləri təmizləməyimiz üçün bizə rayon İcra Hakimiyyətindən göstəriş verilməlidir. Belə göstəriş də bizə verilir. İki-üç aydan bir bizim sahəmizdə olan heykəllərin təmizlənməsi işini həyata keçiririk. Su ilə yuyub təmizləyirik”. 
# 860
avatar

Aygün İbrahimli

Oxşar yazılar