Bakıda “Sevgi şimşəyi” olacaq
27 fevral 2019 08:51 (UTC +04:00)

Bakıda “Sevgi şimşəyi” olacaq

1-9 mart 2019–cu il tarixlərində Bakıda  «Boş məkanın dolğunluğu-2» Eksperimental tamaşalar festivalı keçiriləcək. Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrının,  ümumilikdə 18 tamaşa təqdim olunacaq.

Martın 1-də ilk çıxış edən kollektiv elə Vaqif İbrahimoğlu yadigarı – Yuğ Dövlət Teatrı olacaq. Kollektiv öz məkanında saat 14-də Gümrah Ömərin quruluşunda A.B.Kasaresin “Qəbirqazma üsulu”, saat 18-də Günay Səttarın quruluşunda Səidə Haqverdiyevanın “Metamorfoza” tamaşasını təqdim edəcək.

Festivalın ikinci günü “yuğ”çular V.Klimin “Medeya Seksensiya-01” (quruluşçu rejissor - Mikayıl Mikayılov) və Təranə Vahidin “Quş dili” (quruluşçu rejissor - Əbdülqəni Əliyev) tamaşalarını göstərəcəklər.

 

Martın 3-də ATXİ-nin böyük səhnəsində rejissor İsa Əsədovun müstəqil olaraq S.Mrojekin “Açıq dənizdə” əsəri əsasında hazırladığı tamaşa və Şamil İbrahimovun “Qara adam” müəllif tamaşası (Human teatrı) nümayiş olunacaq.

 

Sonrakı iki gün səhnə Mədəniyyət və İncəsənət Universiteti müəllim və tələbələrinin ixtiyarında olacaq. Martın 4-də rejissor Raulya Türkkanın quruluşunda A.Sipanov və A.Abrosimovun “Səmavi” tamaşası Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində, Əməkdar artist Yaqut Paşayevanın tələbələrinin K.Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırladıqları tamaşa ATXİ-nin böyük səhnəsində göstəriləcək. Martın 5-də isə sıra Azərbaycan klassik dramaturgiyasına müraciət edənlərindir. Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” və Mirzə  Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşaları Xalq artisti Məmməd Səfanın və Əməkdar artist Gülşad Baxşıyevanın tələbələrinin ifasında ATXİ-nin böyük səhnəsində  oynanılacaq.

 

6 mart tarixində Xalq artisti Cənnət Səlimovanın kursu Rus Dram Teatrında Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” tamaşasını təqdim edəcək. Tanınmış rejissor İlqar Safatın quruluş verdiyi və teatr ictimaiyyətinin maraqla qarşıladığı İ.Netanyahunun “Məna axtarışında” tamaşası (“SAFAT” teatrının təqdimatında) ATXİ-nin böyük səhnəsində oynanılacaq.

 

Bakı Uşaq Teatrı Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesi əsasında hazırlanmış “Sevgi şimşəyi” tamaşasını (quruluşçu rejissor - Əməkdar artist İntiqam Soltan) ATXİ-nin səhnəsində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ç.Aytmatovun “Əsrdən uzun gün” romanı əsasında hazırlanan “Manqurt” tamaşasını (quruluşçu rejissor - Anar Sadıqov) isə teatrın Abbas Mirzə Şərifzadə səhnəsində seyr edə biləcəyik.

 

Martın 8-də Şuşa Dövlət Musiqili Dram Teatrı Əməkdar artist Nazir Rüstəmovun quruluşunda M.Qavranın “Aktyor əbədiyyətə qovuşanda” (ATXİ-nin Mustafa Mərdanov səhnəsi), festivalın qonağı – Kutaisi Dövlət Professional Teatrı isə Konstantin Abaşidzenin quruluşunda V.Havelin “Duplet” tamaşasını (ATXİ-nin böyük səhnəsi) təqdim edəcək.

 

Nəhayət, martın 9-da – “Boş məkanın dolğunluğu” festivalının son günündə Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Xalq artisti Ağakişi Kazımovun quruluşunda V.Lyusun “İstədiyim kimi yaşamışam” monotamaşası, Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində isə Kamal Abdullanın (quruluşçu rejissor – Əlif Cahangir) “Bir, iki - bizimki” tamaşası göstəriləcək.

 

Festival günlərində 10 teatrşünasın və 2 teatr yazarının təmsil olunduğu ekspertlər heyəti təqdim edilən tamaşaları müzakirə edəcək, əsər seçimi, rejissor yozumu və aktyor oyunu barədə fikirlərini söyləyəcəklər. Heç bir müsabiqə nominasiyasının nəzərdə tutulmadığı festival iştirakçılarının mükafatlandırılması isə 10 mart – Milli teatr günündə Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək ənənəvi bayram tədbirində olacaq.

 

Qeyd edək ki, “Boş məkanın dolğunluğu-1” festivalı rejissor Vaqif İbrahimoğlunun ideyası və rəhbərliyi ilə keçirilib.

 

# 782
avatar

Oxşar yazılar