Türkiyənin ən böyük gözəllik məktəbinin sahibi: "Azərbaycanda 150 tələbəmizin iş yeri var” - <span style="color:red;">MÜSAHİBƏ
27 iyul 2018 11:10 (UTC +04:00)

Türkiyənin ən böyük gözəllik məktəbinin sahibi: "Azərbaycanda 150 tələbəmizin iş yeri var” - MÜSAHİBƏ

MC Akademi eğitim kurumları idarə heyətinin sədri Mustafa Koçun Lent.az-a müsahibəsi

 

Lent.az: Siz kimsiniz, rəhbəri olduğunuz qurum hansı sahədə təhsil verir? Söhbətimizə bu bəsit sualla başlayaq...

Koç: Əvvəlcə sizə “Xoş gəldiniz” deyirəm. Peşəm bərbərlikdir. Həm usta yanında işləmişəm, həm də bu işin məktəbini bitirmişəm. İnsan özü məktəb bitirəndə  bu işlərdə peşəkar insanlar da yetişdirmək istəyir. Mənim yanımda çox insan işləyib, ona görə bu işin təhsilini də vermək məqsədi ilə MC Akademi eğitim kurumları adlı təhsil ocağını qurdum. Bizim üçün başqalarının hansı işlər gördüyü yox, bizim hansı işləri gördüyümüz mühümdür. Biz spesifik sahələrdə təhsil verərək gözəllik sektoru üçün kadrlar yetişdiririk. Bu sahədə nöqsanları görsək də, işimizi ticari məqsəddən çox, təhsil vermək   üzərində inkişaf etdirdik. Biz heç kimin bilmədiyi şeyləri şagirdlərimizə öyrətdik. Hədəflərimizə çatmaq üçün çox çalışdıq, ona görə təhsil müddətimizi 5-6 aya çıxardıq. İnsanlar bizdə təhsil alandan sonra özlərinin gələcəyini qura bilməliydilər. İnsanlar  təhsilin müxtəlif sahələrindən faydalana bilərlər, ancaq peşə qazanmaq fərqli şeydir. Çünki biz insanlara iş və çörək qapısı açırdıq. Çox çətinliklərlə üzləşsək də, onların öhdəsindən gəldik. Universitetdən məzun  olub iş axtarmağa başlayırsınız, bizdən məzun olanları isə iş özü axtarıb tapırdı. Əsas prinsipimiz də bu idi. Məzunlarımızın 98%-i  gözəllik sektorunun bütün sahələrində axtarılan kadrlar oldular. Akademiyamızı bitirənlərin 60%-i  öz iş yerlərini açaraq  böyük  uğurlar qazandılar. Buranı qurandan sonra 1 il özümüzü tanıtdıq, 11 ildə 17 min nəfər akademiyamızdan məzun olub. Buna görə gözəllik sektorunda Orta  Şərqin və Balkan bölgəsinin ən böyük təhsil ocağı halına gəldik. Hal-hazırda İstanbulda 4, Bursada 1 təhsil ocağımız var. Bu şöbələrimizin hamısını öz nəzarətimizdə saxladıq, franchaise üsulu ilə əməkdaşlıq etmək istəyənlərin təkliflərini qəbul etmədik. Çünki insan öz övladını heç kimə verə bilməz. Bizimlə birgə addımlayacaq insanları ancaq özümüz seçməliyik. Bundan sonra bu şəkildə davam edəcəyik. Özümüzü xaricdə də  tanıtdırmağa çalışdıq. Başda qardaş Azərbaycan olmaqla, İran, İraq, Suriya, İordaniya, ABŞ, Kanada, AB, Rusiya, Avstraliya - dünyanın hər yerindən  müdavimimiz oldu. Burada ən böyük  faktor - bizim diplomlarımızın dünyanın hər yerində qəbul edilməsi idi. Bizim  sənətimiz beynəlmiləldir və insanların olduğu  hər yerdə bu iş görülür. Biz insanların məmnun qalması ilə birlikdə pul da qazanırıq. Ona görə bugünə qədər bu sektora girib peşman olan insan görmədim. Mən işimi həmişə prinsipial şəkildə görmüşəm. Dünya, Avropa və Türkiyə çempionu olmuşam. Palata sədri oldum, Federasiyamızın sədr müavini seçildim, gözəllik, saç və  makiyaj müsabiqələrində jüri üzvü olmuşam. Türkiyədə bu işi ən yaxşı bilənlərdən biri mənəm. Və əlbəttə ki, güclü komandam var. Biz sənətkarlarımıza əvvəlcə peşə əxlaqını təlqin edirik. İnsanlar bizdən aldıqları diplomlarla dünyanın hər yerində özlərinə iş qura bilirlər. Bizim diplomlarımız dünyanın hər yerində tərcümə edilib, təhsil nazirliyinə təqdim ediləndə ekvivalentliyi o dəqiqə təsdiq edilir. Bu qədər etibarı olan diplomu Türkiyədə ancaq biz veririk. Türkiyədəki İşkur qurumu vasitəsiylə özlərinə yeni  iş yeri açan məzunlarımıza 50 min Türk lirəsi miqdarında  maddi dəstək verdirə bilirik. Bizdən və universitetlərdən  başqa heç  bir təhsil qurumu bunu edə bilmir. Ondan əlavə, biz İnnovasiya sənədi də verə bilirik. Xaricdən gəlib burada rəsmi yaşayış icazəsi olanlar da 50 min Türk lirəsi miqdarındakı dəstək üçün müraciət edə bilir. Burada Azərbaycandan bir çox tələbəmizə iş yerləri açdıq. Müdavimlərimizin 35%-i əcnəbidir. Səmimi deyirəm ki, indiyə qədər 1000-lərlə azərbaycanlı müdavimimiz olub. İndi təhsilini davam etdirən bir çox azərbaycanlı müdavimimiz var. Azərbaycandakı bütün  müdavimlərimizdən razıyam, bizdə oxuyub gedənlərin hamısı yeni müdavimlər göndərdilər. Xaricdən bizə təhsil almağa gələnlər üçün bizim qurumumuzun mehmanxanaları var, çox az pulla xaricdən gələn müdavimlərimiz orada qala bilir. Sizin vasitənizlə valideynlərə müraciət edirəm: tərəddüd etmədən övladlarını bizə təhsilə göndərsinlər.

Lent.az: Bu iş çox məsrəflidirmi? Qoyduğunuz xərcin və çəkdiyiniz zəhmətin maddi qarşılığını ala bilirsinizmi?

Koç: Biz bu sərmayəni başqa işlərə qoysaq, əmin olun ki, bundan çox pul qazanarıq. Ancaq mən dünyanın hər yerindəki birjaları təqib edərkən çox böyük miqdarda pul qazanacağımı görürəm. Ancaq təhsil işi - eşq kimidir. Orada pul qazanmaqdan çox işin mənəvi tərəfi önəmlidir. Müdavimlərimizin uğurlarını  görəndə özümü xoşbəxt hiss edirəm. Bu işlərdə pul ən axırıncı yerdə olmalıdır. Əlbəttə ki, bu işdən də pul qazanmaq lazımdır. Təhsil işi - könül işidir. Pulu hər yerdə qazana bilərsiniz, ancaq insanların könlünə müraciət edən təhsil işindən aldığınız zövqü heç bir işdən ala bilməzsiniz. Təhsillə insanların gələcəyinə istiqamət verirsiniz. Bizə gələndən sonra insanların həyata baxışı dəyişir, o prosesdə rol oynamaq - gerçəkdən, çox mühümdür.

Lent.az: Yəni “bu sistemin təminatlarından biri də bizik”- deyə bilirsinizmi?

Koç: Tamamilə elədir. Biz bu işi maddi yox, qürur zövqünü yaşayırıq. O mənəvi həzzi hiss etdiyimizə görə, özümüzü xoşbəxt hiss edirik.

Lent.az: Bu işləri görərkən Türkiyədə bürokratik maneələrlə qarşılaşırsınızmı?

Koç: Biz Türkiyə Cümhuriyyəti Milli təhsil nazirliyinin tabeçiliyində fəaliyyət göstəririk. Hər işdə çətinliklər var. Ancaq inanıram ki, ölkəmizdə bürokratiya problemləri ilə ən az qarşılaşan adamlardan biri mənəm. Bu yaradandan sonra peşənin içindən gəlməyim, bu işi ən yaxşı bilən insanlardan biri olmağım çox karıma gəldiyi kimi, bu peşənin milli standartlarının hazırlanmasında da böyük rolum oldu. Bu sahədə nazirliyin bir çox proqramını mən hazırlamışam. Hələ də bəzi məsələlərdə nazirliyin müşaviriyəm, bu işin gələcəyinə dair proqramları hazırlamağın zövqü ilə yaşayıram. Bizdən sonra gələnlər yeni proqramları öyrənməyə başlayana qədər biz xeyli məsafə qət edirik. Ona görə də Türkiyənin bu sahədə diplom verən yeganə təhsil qurumuyuq. Dünyanın harasında gözəlliklə bağlı bir yarmarka varsa, biz orada ya iştirak edir ya da yaxından təqib edirik. Mənə verdiyiniz bu fürsətdən istifadə edərək Azərbaycanda bizim qurumdan məzun olub, öz işini quran bütün bacı-qardaşlarıma salam və sevgilərimi göndərirəm. İnşallah, qismət  olar, bir gün Azərbaycanda da gözəllik məktəbi açarıq.

 

# 572
avatar

Mais Əlizadə

Oxşar yazılar