X Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək
24 iyul 2018 11:37 (UTC +04:00)

X Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il öz 10 illik yubileyini qeyd edir.

Lent.az-ın məlumatına görə, Heydər Əliyev Fondu və Gilan Holding tərəfindən təşkil edilən festival 30 iyul - 7 avqust tarixlərində Qəbələ şəhərində keçiriləcək.

Sıx meşə örtüyünə sahib dağların əhatəsində keçiriləcək festival həm klassik musiqi həvəskarları, həm də şəhər istisindən dincəlmək və bütün həftəni təmiz havada keçirmək istəyənlər üçün ideal seçimdir.

Festivalın təntənəli açılış mərasimi 31 iyul 2018-ci il tarixində baş tutacaqdır. Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edəcək.

Festivalda Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər – Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları iştirak edəcək.

 

Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Qaytağı” ansamblı, “Clarte” klarnet kvarteti, “Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəl-zadə, Yeganə Axundova, Şükür Səmədov,Ənvər Sadıqov, Samir Cəfərov, Əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları və s. çıxış edəcək.

Festivalda Xalq artisti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəl-zadə tərəfindən təşkil olunan və Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən “Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər konsert proqramı ilə çıxış edəcək.

Builki festival daha bir əlamətdar hadisə ilə yadda qalacaqdır. Belə ki, bu il dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. Bəstəkar yad edilərək, festival çərçivəsində onun ölməz əsərləri səslənəcək.

Maraqlı və rəngarəng musiqi proqramının təqdim olunacağı builki festival qonaqların yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaq.

# 703
avatar

Oxşar yazılar