<span style="color:red;">XALQ ARTİSTİ:  "Butulka yığıb satırdım... barmaqlarım çürüyə bilərdi"
05 iyun 2018 16:57 (UTC +04:00)

XALQ ARTİSTİ: "Butulka yığıb satırdım... barmaqlarım çürüyə bilərdi"

... Gözlərinizi yumun. Təsəvvür edin ki, çəmənlikdə oturmusuz. Bir az aralıdan çay axır. Qulaq kəsdirib, suyun şırıltısını dinləyin. Hansı ahənglə axdığını eşidirsinizmi?

 

... Gözlərinizi yumun. Təsəvvür edin ki, mənzilinizin pəncərəsindən şəhəri seyr edirsiz. Göyün üzü tutulub, günəş qara buludların arasında gizlənib. Qəfil gur yağış başlayır. Yağışın pəncərəni döyəcləməyini, yerdəki gölməçəyə tökülən damcıların səsini duyursunuzmu?

 

... Gözlərinizi yumun. Təsəvvür edin ki, qışın sazağında meşəlikdə, taxtadan düzəlmiş daxmada, odun sobasının qarşısında oturub, kitab oxuyursunuz. İndi kitabı bağlayın və sobaya baxın, ocağın yanmağına diqqət edin. Çırtıltının ritmini tuta bilirsinizmi?

 

... Gözlərinizi yumun. Təsəvvür edin ki, bir qatarda yol gedirsiniz. Qatarın səsi, sürəti, axışı sizə mahnı ritmini xatırlatmırmı?

 

... Gözlərinizi yumun. Təsəvvür edin ki... Yox, təsəvvür etməyin, sadəcə gözlərinizi yumun və ürəyinizin səsinə qulaq asın. Necə ahənglə döyündüyünü, hansı ritmlə vurduğunu dinləyin... Bax, həyatımız da bu ritmlər üzərində qurulub.

 

***

 

Onun üçün ritm elə həyatın özüdür. Həyatının ritmini isə nağarayla tutub. O ritmlə yaşayır sanki. Hər gün o ritmləri tutmasa, vurmasa, həyat da maraqsız olar, anlamını itirər. Ona görə də hər gün mütləq bir neçə saat məşq edir. Yəqin ki, söhbətin “Natiq” ritm qrupunun yaradıcısı və rəhbəri, xalq artisti Natiq Şirinovdan getdiyini deməyə ehtiyac yoxdu. Çünki ritm, nağara dedikdə ağıla gələn ilk ad məhz odur. Onunla söhbətimiz elə açdığı məktəbdə məşq prosesi zamanı oldu.   

Öz aləmindədi... Balabanın müşayiəti ilə nağaranı qucağına alıb, yeni ritmlər axtarışına çıxıb. Gah beynindəki ritmi nağaraya köçürə bilir, gah da alınmır, əlini dizinə çırpıb əsəbiləşir. İstədiyi səs tonunu almaq üçün ara-sıra nağaraları dəyişir. Hər nağara barədə bizə məlumat verməyi də unutmur.

 

- Bu nağaram o birilərdən görüntü etibarilə tam fərqlidi. Üzərinə şəbəkələr, onların da içinə şüşə əlavə olunub. Səslənməsi, çalğı qaydası da adi nağara kimi vurulmur.

 

 

Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın qədim alətləri haqqında ensiklopediya nəşr olunmuşdu. Orda eramızdan 4 min il əvvəl olub mövcud olmuş saxsı nağara haqda məlumat vardı. O nağaranı bərpa elədim, səhnəyə gətirdim. Baxın, üstündə adım, tarix və Azərbaycanın xəritəsi qeyd olunub. Bu, nağaranın Azərbaycana məxsus alət olmasının sübutudur. Azərbaycanın 7 növ nağarası var. Mən onlardan 2-sini bərpa eləmişəm. 12  yeni nağara icad etmişəm. Bundan başqa, qaval daşını səhnəyə gətirmişəm. 2012-ci ildə “Eurovision”un açılışında səhnəyə qaval daşını çıxardanda bizim özümüzünkülər soruşurdu ki, o, nə daşdı? Mən qaval daşı ilə çalmaq üçün il yarım Qobustana gedib-gəlmişəm. Hər gün səhərdən axşama kimi orda olurdum. Bu il konsertimiz olacaq. Orda qaval daşını artıq bir alət kimi səhnəyə gətirəcəyik. Onunla ifa etməyin tam başqa dünyası var. Yaxud qatar ritmim var. O ritmi yaradana kimi qatarda nə qədər gəzmişəm. Kənardan bəlkə də çoxlarına asan gəlir. Deyirlər, nağara çalır. Amma elə deyil. Bunlar zərb alətinin it-bat olmaması naminə edilir. Həm də tariximizin təbliğatıdı. Etdiyim hər iş Azərbaycan nağarasının dünyada uğuru deməkdir.

 

- Bir nağaranın hazırlanması neçə günə və neçəyə başa gəlir?

 

- Fərqlidi. Eləsi var 3-5 günə, eləsi var 1 aya, 1 ilə hazır olur. 2 metrlik nağaranı hazırlamaq 2 il çəkdi. Hamı təəccüblənirdi ki, o boyda nağara ola bilər. Amma oldu. Əl nağaram yarım ilə düzəldi. Saxsı nağaranı hazırlamaq 2-3 il çəkdi, çünki partlayırdı. Qiymət olaraq 200-300 manatdan baha başa gəlmir. Amma onun mənəvi dəyərinin, səsinin tembrinin, gözəlliyinin qiyməti yoxdu. Adətən heyvan dərisi, plastik dəri ilə hazırlanır. Materiallar xaricdən gəlir, amma burda düzəlir. Mənim öz ustam var, fikrimi deyirəm, o hazırlayır. Təbii ki, nağaranın ümumi quruluşuna dəyməmək şərtilə.

 

 

- Məşqləriniz hər gün olur?

 

- Mütləq. Əvvəllər 10-12 saat məşq edərdim. 24 saatın 3-4 saatını yatardım. Sonra həyat elə gətirdi ki, tanınmış insan oldum, dünyanın müxtəlif yerlərindən konsertlərə dəvət aldım, Azərbaycanda mənə tələbat artdı. Tələbatı ödəmək, tədbirlərə, toylara, konsertlərə getmək lazımdır. Bir də görürsünüz, ayla Bakıda olmuram. Buna görə gündəlik məşq saatlarım azalıb. Hətta bəzən cəmi 1 saat çala bilirəm. Çünki işim həddindən artıq çox olur. Amma adətən hər gün 11-dən 3-ə kimi məşq edirik. Onsuz mümkün deyil. Yeməyi, çayı elə burda yeyib-içirik.

 

- Bilirik ki, musiqi notlara köçürülür. Bəs ritmi necə yazırsız?

 

- Notlara yazıram. Notu bilməsən, musiqini yaza bilməzsən. Ritmin də əsasını rəqəmlər təşkil edir. Rəqəmi bilməsən, ritmi düzgün qura bilməzsən. 10 ildən çoxdu kitab yazıram. Hələ də yekunlaşdıra bilməmişəm. İş o qədər çoxdur ki... Həm də o kitab elə yazılmalıdır ki, kimsə dəyişə bilməsin. Mən sənətə başlayandan sonra nağara ifaçılığına yeni barmaq vuruşları gətirdim. Sonra başladım nağaranın iplərilə çalmağa. Nağaranın üzərində əslində 7 ip var – 7 nota bərabər. Mən səsin zilini artırmaq üçün iplərin sayını 8, 10-a qədər artırdım. Beləcə, ritmləri böyütməyə başladım. Bununla ritm bəstəkarlığı, ritm bəstəkarı ifadəsi yarandı. Bu gün hamının əlində nağara ola bilər, hamı ritm vura bilər. Amma ritm sözünün açıqlamasını verə bilməyən insan ritmdən danışır. Hər sənət elmə əsaslanmalıdı. Elmlə qurulan iş əbədidi. Ona görə biz də bunun elmini yaradırıq. Master-klasslar keçirik. Tələbələrim var. Amma ritm olaraq biz o biri xalqlardan cılızıq. Azərbaycan musiqilərinin çoxu 2-3 ritm üzərində qurulub. Bir də olub xalq mahnılarının ritmi, vəssalam. Halbuki mən 4-70 ölçüdə ritmi bağlamışam. Hind məktəbini oxuyandan sonra bildim ki, orda 360 ritm var. Amma bu illər ərzində mən kitaba 1056 ritm daxil etmişəm.  

 

 

- Siz ritmlərin elmi izahını verirsiniz. Üstəlik, bunun kitabını da yazırsınız. Halbuki ali təhsiliniz yoxdur...

 

- Mən 6 nömrəli musiqi məktəbində oxumuşam. Nağaranı ilk dəfə nota köçürən şəxs - Əhməd Bakıxanovun bacısı oğlu Azər Əliyev müəllimim olub. Amma ali təhsil almadım, istəmədim. Eləcə nağarayla məşğul oldum. Görünür bu, fitri istedaddı, yaxud allahın vergisidi – mən belə olduğuna inanıram. Həmişə deyirəm, əsl sənətçilərin qəlbinə dəyməyin, onların qəlbinə dəyəndə günaha batırsız. Çünki onlara allahdan bir vergi verilir. 34 ildi bu sənətdəyəm. Natiq Ritm Məktəbini açdığım elə bu ərazidə dünyaya gəlmişəm. Buralar bilirsiz nə gündəydi? Hamısını özüm təmir eləmişəm.

 

- Bakıda dünyaya gəlmisiz. Amma bildiyim qədər Aşıq Şəmşirin, Aşıq İdrisin nəslindənsiniz. Bəs nə əcəb sazı yox, nağaranı seçdiniz?

 

- Ata tərəfdən də, ana tərəfdən də aşıq nəslindənəm. Ata tərəfim Göyçə mahalındandır. Aşıq Şirinin oğlu - babam Aşıq İdris Göyçə mahalında Aşıqlar Birliyinin sədri olub. 1941-ci ildə müharibəyə gedib qayıtmayıb, qara kağızı gəlib. Ondan sonra bircə bibimin ürəyi partlayıb ölüb. 6 qardaş qalıblar. Aşıq Şəmşir isə ana nənəmin əmisi oğlu olub. Aşiq İdrislə Aşıq Şəmşir dost olublar. Aşıq İdrisin evində 9 sazı olub. Niyə doqquz? Nənəm deyirdi, bunlar onun udduqları sazlardı. Kimin qafiyəsini bağlayırmışsa, sazını alıb gətirərmiş evə. Deyilənə görə, o vaxt 30-luq lampa babamın səsinin gurultusundan sönərmiş. Bizim evdə yüzlərlə aşıq kasetləri var, anam indi də qoymur onlara əl vuraq. Deyir onlara atanızın əli dəyib... Sadəcə, mən aşıq deyil, nağara ifaçısı oldum. Bircə qardaşım Namiq bizim qrupda qarmon çalır. Atam özü də Teyyub Dəmirovun tələbəsi olub. Amma 3 gündən sonra atamı qovub ki, sən elə öz bildiyini çalırsan. Atam musiqini sevsə də, istəmirdi mən sənətlə məşğul olum. Özü elm adamı idi. Riyaziyyatdan şifahi vurma qaydaları haqqında bir kitab da yazmışdı. Ailədə 7 uşaq idik. Məndən başqa bütün uşaqlar ali təhsil aldı, nə qədər elədi, məni oxuda bilmədi, nağaradan əl çəkmədim. Atamın vaxtında artıq sənətə qiymət azalmışdı. Bir ara sənətçilər içkiyə qurşanırdılar, qumarbaz, narkoman olurdular. Elə mən də cavan vaxtlarımda içirdim. Atam da bunu görürdü və narahat olurdu. Buna görə məni nağaradan ayırmaq üçün çox çalışdı, amma istəyi baş tutmadı. Nağaradan əl çəkmədim, get-gedə tanınmağa başladım. 2001-ci ildə 26 yaşımda AzTV haqqımda film çəkirdi. Fikirləşdim ki, yəqin atam heç nə danışmayacaq, özü də xəstə idi. Amma özü AzTV-yə getdi və məndən çox razılıq etdi. Dedi, 7 uşağımın içində ən çox Natiqlə fəxr edirəm, inanmazdım, bu qədər məşhur olar. Çox sevindim, kövrəldim.  

 

- Dediniz cavan vaxtı içki içirdiz. Bəs necə oldu içkini tərgitdiniz?

 

- Həyat yoldaşımın sayəsində. 16-17 yaşım olardı. Nağara ifaçısı kimi gələcək qaynımın nişanına getmişdim. Məclisdə dedilər, bəylə kim içər, dedim mən. 1 butulka içdim. Bununla da qayınanamın yadında çox içən kimi qaldım. Yoldaşımı da orda, qardaşının nişanında gördüm. O vaxtkı telefonlar yadınızdadı da, barmaqla yığılırdı. Telefonun üstünə evin nömrəsi yazılmışdı. O nömrəni tez əzbərlədim. İndiyə kimi də nömrə yadımdan çıxmayıb. Hərdən evdə nömrəni deyirəm, gülürük. Başladım qıza zəng vurmağa. Zəng edəndə qayınanam deyirdi, yenə o oğlandı zəng edən? Qohumları hərdən görünüşümə lağ edirdilər. Zəngləşirdik, söhbət edirdik. Bircə dəfə görüşdük. Görüşə "Quran" kitabıyla gəlmişdi. Dedi, ailə qurmağımızı istəyirsənsə, içkiyə tövbə et, ya içki, ya da mən. Onunla da tövbə etdim, içkiyə son qoydum. 1996-cı ildə evləndik. 2004-cü ildən ibadətə başlamışam. 10 dəfə Məşhəddə olmuşam. 2013-cü ildə yoldaşımla Həcc ziyarətinə getmişəm. Amma namaz qılmaq insan olmaq demək deyil. Gərək əvvəl insan olasan.

 

 

- İlk nağaranızı xatırlayırsız?

 

- Hərdən zarafatla deyirəm ki, mən elə nağara çala-çala dünyaya gəlmişəm. Anam deyir, evdə qab, qazan, vedrə qoymurdun, götürüb çalırdın. O qədər adama yalvarırdım ki, mənə bir nağara alın, nolar. İlk nağaramı 4-5 yaşımda mənə dayım almışdı 17 rubla. Sobanın üstündə isidirdik ki, səsi zil olsun. Elə sobada yandı. Ondan sonra ardı gəldi. Artıq 9 yaşında toylara gedirdim, toyxananı dağıdırdım. 1998-ci ildə toylara getməyi dayandırdım. Peşəkar sənətə yönəldim. 24 yaşımda Alim Qasımovun dəvətilə onunla çalışmağa başladım. Birlikdə müxtəlif ölkələri gəzdik. 2001-ci ildə “Natiq” Ritm qrupunu yaratdım. Ardınca müxtəlif müsabiqələr, festivallar, konsertlər, albomlar... Düzdü, indi də toylara gedirəm. Amma hamısına yox, seçirəm. 

 

- Toya neçəyə gedirsiz? Deyilənə görə, az məbləğ deyil.

 

- Ömrümü qoysam, o pulla müqayisədə heç nədi. Bir dəfə biri mənə dedi, nə bahadı toy qiymətin. 5 dəqiqə üçün məndən 5 min pul istəyirsən. Dedim a kişi, sən mənim 34 il ömrümün pulunu verə bilərsən? O 5 dəqiqəni çala bilmək üçün mən 34 ildi işləyirəm. Bax o 5 dəqiqə 34 ildə yaranıb. Bir də ki, toya mənimlə bərabər 10-dan çox adam gedir. Bəzən rəqqaslarla birlikdə 45 nəfər oluruq. Bu qədər adama o pul nədi k? Sən oxuya bilməyən adamın yarım saatına 8-10 min verəndə o pul gözünə görünmür heç. Dediyim kimi, indi də gedirik toylara, açılış edirik. Həm çörək pulu qazanırıq, həm də xalq arasında gündəmdə qalmaq üçün lazımdı.

 

- Pul demişkən, birinci dəfə nağaradan qazandığınız böyük məbləğ nə qədər idi?

 

- Hələ qrup yaranmamışdı. Toya 5 nəfər bir yerdə gedib nağara çalardıq, ən çoxu 50 dollar pul verərdilər. Bir dəfə bir oğlan bizi toya çağırdı. Atası dedi bu nədi, bir belə nağaraçalanı neynirik? Bizi qovmaq istədi. Oğlan yalvar-yaxarla kişini sakitləşdirdi. Amma kişi dedi başımı dəng eləsələr, qovacam bunları. Xoşbəxtlikdən ifamız xoşuna gəldi. 50 dolların üstünə 50 də qoyub 100 dollar verdi. Sevindiyim anlardan idi. İlk qazanc yerim toylar olub. Amma sənətə təzə gələndə o qədər çətinliklərim olub ki. Karyerdə daş daşımışam. Küçələrdən butulka yığıb, təhvil verirdim, əvəzində pul alırdım. Yeşik düzəldib, 15 qəpikdən satırdım. Əllərimi yaraladım deyə dayandırdım. Evlənəndən sonra 11 il evim olmayıb. Bunların heç birindən utanmamışam, indi də fəxrlə danışıram. Mənim o çətinliklərimi ailəm, yoldaşım, uşaqlarım mənimlə birlikdə çəkib. Əsl sənətkarlar, sənət xəstələri aclıqdan yetişir. Həyatda əziyyətsiz heç nə yoxdu. Əziyyətimin bəhrəsini görürəm, şükürlər olsun. Çıxışıma görə ilk qonorarımı isə 2004-cü ildə Tayvan festivalında qazandım. Belə-belə, dünyaya çıxmağa başladıq.

 

 

- Elə o festivalda barmaqlarınız zədə almışdı. İndi vəziyyət necədi?

 

- Zərbələrdən zədə aldığım vaxtlar çox olub. Amma Tayvanda 23 günlük festivalda zərbədən barmağımın ikisində yara açıldı və qanamağa başladı. Səhnəyə 4 nağara qoyulmuşdu. Sonra nağaraların sayını artırdılar. Orda bir məqamda əlim sürüşdü, nağaranın kənarına dəydi. Biri var nağaraları görüntü üçün çoxlu sayda qoysunlar, bir də var, ritmləri bölüşdürüb ifa edəsən. Onu çatdırmaq çox çətindir. Əlim dəriyə deyil, dəmirə düşəndə, qapqara qaraldı. Amma dayanmadım, çıxışımı davam etdirdim. Sonra gördüm, əlim açıldı, kapliyarların hamısı əzilmişdi. Dedilər, konsertdən imtina et, evə qayıt. Razılaşmadım. Orada ermənilər də vardı, ona görə festivalı yarımçıq buraxa bilməzdim. Konserti birtəhər başa vura bildim. Qayıdandan sonra bir çox həkimlərə müraciət etdim, İrana da getdim. Barmaqlarım çürüyə bilərdi. Sağ olsun həkimlər, problemi aradan qaldırdılar. Bir neçə dəfə əməliyyat oldum. İndi elə bir ciddi narahatlığım yoxdu. Amma uzun müddət zərblə çalanda yenə zədə olur. Qarşısını almaq üçün hər il həkim müayinəsindən keçirəm.

 

- Heç təsəvvür eləmisiz ki, barmaqlarınıza nəsə olsa, sənəti davam etdirə bilməsəniz, həyatınız necə olar?

 

- Yaşım artdıqca mənə elə gəlir ki, nağarada ifa etməsəm, ömrüm qısalar, çox yaşamaram. Nağara, ritm həyatımın əsas parçasıdı. Nağaranı çox sevirəm. Övladlarımdan öncə onu qucağıma almışam. Bütün həyatımı onunla qurmuşam, bütün dünyanı onunla gəzmişəm. Nağara mənə çox şey qazandırdı – həm mənəvi, həm maddi. Ən əsası, xalqın sevgisini. Boş vaxtım olan kimi bura gəlirəm, nağaranı əlimə alıb, çalmağa başlayıram. Bu ritmlərlə yaşayıram sanki. Hər gün nağara çalmasam, bu ritmlərimi vurmasam, həyat da maraqsız olar, anlamını itirər. Ritm varsa, həyat da var mənim üçün. Ritm yoxdursa... Ömrüm harda, nə vaxt bitsə, qoy elə nağarayla bitsin.

 

 

# 468
avatar

Xəyalə Muradlı

Oxşar yazılar