Mən Qəşəm Nəcəfzadəyəm
30 may 2018 13:08 (UTC +04:00)

Mən Qəşəm Nəcəfzadəyəm

Yaxın günlərdə, səhər verilişlərinin birində əyləşmişdim xalq artistlərinin arasında. Təbəssümlərindən hiss etdim ki, ya məni yaxşı tanıyırlar, ya da tanınmış yazıçı, nəğməkar şair Baba Vəzirioğluna oxşadırlar. Çünki bir neçə dəfə belə hadisələr başıma gəlib.

 

Bir dəfə ATV kanalında bir xalq artisti çəkilişdən əvvəl yaxınlaşdı mənə ki, salam, siz  Baba müəllimsiniz?

 

İstədim deyəm Babayam, ürək eləmədim. Elə birbaşa dedim ki, yox, mən Baba müəllim  deyiləm, Qəşəm Nəcəfzadəyəm. O da pərt olmasın deyə dedi ki, hə, yəqin səni Baba müəllimin yanında çox görmüşəm.

 

Daha heç nə demədim, çünki Baba mənim dostumdur, gözəl yazıçıdır, nəğməkar şairimizdir. Amma ildə bir-iki dəfə onunla görüşək, ya görüşməyək. Elə bir az keçmişdi ki, gördüm xalq artistinin pərdənin arxasından bərk səsi gəlir:

 

- Siz bu boyda verilişin redaktorusunuz, bilməlisiniz ki, verilişə kimi çağırırsınız? Belə tanınmayan adamları niyə dəvət edirsiniz? Verilişin reytinqi aşağı düşür. Mən elə bilirdim şair qonağınız Baba Vəziroğludur, ona görə gəldim, yoxsa yayın bu cırhacırında şəhərdə nə işim vardı?

 

Xalq artisti elə bunu demişdi ki, ayağı səhnənin qaldırımına ilişdi, tappıltıyla ağzı üstə yerə sərildi, iri və qırışlı alnı səhnəyə qoyulmuş stolun üçbucaq tininə necə dəydisə, qan fışqırdı. Xalq artisti xırıltı bir səslə məni çağırdı:

 

- Qəşəm müəllim, köməyə gəl.

 

Dəsmalımı çıxarıb basdım qan axan yerə. O biri işçilər də köməyə gəldi. Xalq artistini qaldırdıq ayağa. Qan kəsmədi ki, kəsmədi. Həkim çağırdılar, baş dairəvi şəkildə sarındı. Xalq artistimiz əməlli-başlı İmadəddin Nəsiminin portretiydi, yıxıldığını görməyən və bilməyən olsaydı, deyərdi ki, Nəsiminin özüdür.

 

Redaktor gördü ki, laçın duruşlu xalq  artistimiz verilişə çəkiləsi deyil, taksi tutub göndərdilər evə.

 

Sonra söhbət düşdü mənim seyidliyimdən. Dedilər, kişiyə cəddin qənim oldu. Həmişə beləmi olur? Seyidsənmi? Seyid şəcərəniz haqqında  verilişdə məlumat verərsənmi?

Nə hə dedim, nə yox. Başımı aşağı, yuxarı, sola, sağa hərləməklə bunları yola verdim. Çünki “Seyidəm” desəydim, gərək bunların verilişinin növbəti çəkilişi seyidlərdən olaydı, mən də ağır seyid kimi oturaydım səhnənin yuxarı başında.

 

Sözüm bunda yox, indi də Speysdəyəm. Xalq artistlərinin arasında. Tez-tez mənə baxıb  gülümsünürlər. Bilirəm ki, ya məni tanıyırlar, ya da  kiminləsə  səhv salıblar. Ürəyimdə  düşünürəm: “Sən öl yenə bunların birini qan hərriyir”. Alınları da iridir, sifət də qıpqırmızı.

 

Səhnə hələ qaydaya salınmayıb, yerdə ayaq ilişəsi çox şeylər var. Xalq artistinin biri əlini mənə tərəf uzadıb, nəyisə tapıbmış kimi inadcıl bir şəkildə:

 

- Hə tapdım, siz Qazaxdansınız, Barat Vüsalsınız?

 

- Yox, - deyib başımı yelləyirəm, - mən Qəşəm Nəcəfzadəyəm.

 

- Yeni yazanlardansınız?

 

Başqa bir xalq artisti:

 

- Hə bildim, Kəramət Böyükçölün atasısınız. Oğlunuzun yerinə üzr istədiniz.

 

Əsəbiləşən kimi oluram. Gör bunlar məni nəylə tanıyırlar: “Üzr istəyən adam”

 

Xalq artistləri ciblərindən oxuyacaqları mahnıların disklərini çıxarıb rejissora verirlər. Mahnıların sıra nömrələrini qışqıra-qışqıra deyirlər:

 

-5-ci, 12-ci, 4-cü, 8-ci.

 

Veriliş başlayır və bitir.

 

Mən televiziyadan bir az gec çıxıram. Xasiyyətimdi, verilişin efir vaxtını, təkrarını və sair şeyləri soruşan adamam.

 

Həyətə çıxanda, bayaq mənə “Barat Vüsal” deyən xalq artistimizin yenidən televiziyanın binasına daxil olduğunu görürəm.

 

- Qardaş xeyir ola, niyə qayıdırsan?

 

Utana-utana deyir:

 

- Müəllim, bağışla, səsim televiziyada qalıb, rejissordan diski götürməyi unutmuşam, indi də “Lider” də qonağam...

 

# 1264
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar