Cümhuriyyət parlamentinin üzvü  <span style="color:red;">- Murtuza Axundzadə
28 may 2018 16:49 (UTC +04:00)

Cümhuriyyət parlamentinin üzvü - Murtuza Axundzadə

Cumhuriyyət illəri idi. Bakıda Çadrovı məhləsində 199 nömrəli evdə 7 uşaqlı xoşbəxt bir ailə yaşayırdı. Orucluq ayı idi. Hamı bir nəfər kimi oruc tutardı. Evin şıltaq qızı Mina ilə dəcəli Ələkbər gizlicə paxlavaları “aşırıb”, axşam iftar süfrəsinə əyləşirdilər. Böyük bacı Xanım da bundan şübhələnib anasına şikayət edirdisə də, ana Nəcimə xanım “uşaqları şərləmə, görmürsən rəngləri ağarıb?” deyirdi. Balaca cüvəllağılar da yavaşca gülüşürdülər.

 

Bu ailənin başçısı Azərbaycan Demokratik Cümhuriyyətinin parlament üzvü Murtuza Axundzadə idi. Əslində tariximizin şərəfli səhifələrinə adı yazılmış bu insan 1920-ci ildə “xalq düşməni” kimi güllələnmiş və yalnız 72 il sonra bəraət almışdı.

 

Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəal ziyalılardan idi. Bu səbəbdən də, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulanda, Quba əhalisi parlamentə üzv olaraq onu layiq bilir. Murtuza bəy “Müsavat” fraksiyasına daxil olur və parlamentin 96 üzvündən biri olur. Bu zaman onun 41 yaşı vardı.

Siyasi repressiya qurbanlarının tapılıb üzə çıxarılmasında əvəzsiz rolu olan Səfər İbrahimov deyirdi: “Onun parlament iclaslarındakı çıxışları dolğun və mənalıdır. Çıxışlarının birində deyir ki, bu günlərdə Qubada gördüyüm mənzərədən ürəyim fərəhlə doldu. Bütün evlərin üstündə üçrəngli bayrağımız dalğalanırdı. Amma bunu Bakıda görmürəm”.

 

Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı vardı: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Ən kiçik oğlu Yusif Axundov danışırdı: “Atamı az-az görərdik. Gecə-gündüz işləyirdi. Qapıda bütün gün növbə ilə gözətçilər dayanırdı. 1920-ci ilin fevralında bizi Fətəli xan Xoyskinin vaqonunda Xaçmaza yola saldı. Atamın yanında böyük qardaşımla bacım qaldı. Novruz bayramında atam gəldi. Mənə bayram paltarı da almışdı. Bir gün qalıb qayıtdı. Və bu onunla  son görüşümüz oldu. Bir daha atamı görmədim...”.

 

1920-ci ilin aprelin 28-də ADC üzvləri müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdilər. Lakin az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər. Artıq hakimiyyət tamamilə bolşeviklərin əlində idi. Belə olduqda yeni hakimiyyət əvvəlki iqtidarın izlərini silməyə başlayır. Cümhuriyyətlə bağlı olan hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında “xalq düşməni” damğası ilə güllələnərək Xəzərin sularına qərq olurdu.

 

Yusif bəy danışırdı: “Böyük qardaşım Məmmədağa deyirdi ki, atamın dostları onunla müntəzəm əlaqə saxlayır, dönə-dönə təkid edirlər ki, onu Türkiyəyə keçirsinlər. Amma atam qəti etiraz edir. Deyir ki, mən qaçsam, ailəmi, uşaqlarımı incidəcəklər. Qoy məni tutsunlar, bəlkə uşaqlarla işləri olmaz”. Artıq fədakar ata aqibətini bilirdi və bunu gözləyirdi.

İyunun 15-də gecə Murtuza bəyin narahatlıqla “gözlədiyi” qapı zəngi çalınır. Bolşeviklər onu aparmalı olduqlarını deyirlər. Oğluna, qızına təskinlik verib gedir. Qızı Mina o günü belə xatırlayırdı: “10 yaşındaydım. Saçlarım buruq-buruq idi. Atamı aparmağa gələnlər saçlarımı sığalladılar. Sonra birlikdə evdən çıxdılar. Sonuncu dəfə atamı onda gördüm”. Bundan sonra nəinki övladlarına görüş vermirlər, heç gördüm deyən də olmur.

 

Balaca Yusifin onda 9 yaşı vardı. Hələ dünyanın acısını dadmamışdı. Qubada babası Hacı Şıxhəsənin yanında,  geniş, rahat mülklərində qalırdı. Amma gözü fayton yolundan yığılmazdı, atasını gözləyərdi. Hacı Şıxhəsənin Qubada səkkiz gözlü, böyük ticarət mərkəzi vardı: “Babam xeyirxah kişi idi. Tez-tez məsciddə ehsan verər, ziyarətə gedənlərə kömək edər, kasıblara əl tutardı. Xeyir-şər məclislərindən köməyini əsirgəməzdi. Aclıq, qıtlıq illərində babam “biz alverçi deyilik, tacirik, qəndi, çayı camaata həmişəki qiymətə satacağıq” deyirdi” - Yusif bəy babasını belə xatırlayırdı.

 

Murtuza bəyi apardıqları gündən il yarım sonra Məmmədağaya deyirlər ki, fövqəladə komissiyanın qərarı ilə ataları 1920-ci ilin avqustun 21-də Nargin adasında güllələnib... Onda Murtuza bəyin cəmi 43 yaşı vardı.

 

1922-ci ildə Murtuza bəyin Bakıdakı mülkünü müsadirə edirlər, əmlakdan onun övladlarına quru çöp də düşmür.

 

Yusif bəy deyirdi: “Qardaşımla bacım Qubaya qayıtdılar. Ailəmizin narahat günləri artdı... Elə həmin il daha bir zərbə aldıq. Babam Hacı Şıxhəsən rəhmətə getdi. Qubada Tuti Bikə küçəsindəki 13 nömrəli ev bizim mülkümüz idi. 1924-cü ildə onu da müsadirə etdilər. Əmlakı daşıyıb apardılar, bizi də evdən çıxardılar. Əynimizdəki paltardan başqa heç nə çatmadı bizə. Babamın evinə getdik, nənəmlə qaldıq. Hələ onda nənəmə atamın güllələndiyini deməmişdik. Ölənədək oğlunun yolunu gözlədi”.

 

Elə həmin il baba mülkünü də, ticarət evini də müsadirə etdilər. Doqquz baş ailəyə rahat yatmaq üçün yorğan-döşək də qoymadılar. Artıq o xoşbəxt ailədən əsər qalmamışdı. Çox çətin və ağır günlər yaşayırdılar. Bütün bunlar azmış kimi, qaldıqları ev də 1934-cü ildə başdan-başa yanıb kül oldu. Amma həyat davam edirdi.

 

Uşaqlar artıq böyümüşdü, özlərini dolandıra bilirdilər. Böyük oğlu Məmmədağa ticarətlə məşğul olub. Yusif isə müxtəlif illərdə Qonaqkənd, Xaçmaz, Xızı və Bakıda müəllim, məktəb müdiri işləyib. Demokratiyanın ab-havası duyulanda Yusif bəy atasının günahsız olduğunu təsdiq edən bir sənəd almaq üçün döymədiyi qapı qalmayıb. Çox vaxt da cavab bu olub: “arxivdə atanız haqqında heç bir məlumat yoxdur!”. Axır ki, köməyinə Səfər İbrahimov çatıb. Səfər İbrahimovun əvəzsiz köməyi sayəsində 1992-ci ildə Mutuza Axundzadə bəraət aldı. 72 il sonra.

Nargin adası Cümhuriyyət dövründə fəaliyyət göstərən neçə-neçə ziyalımızın və dövlət xadimimizin faciəli sonunun “şahidi olmuş” kimsəsiz ada idi o zaman. 72 il fəxr edə, qürur duya biləcəyimiz insanları bizə “xalq düşmanı” kimi tanıtsalar da, illər sonra o işıqlı insanların xatirəsi yaşayır.  Könül istərdi ki, o böyük cəsarət, ürək sahibi ziyalılarımızın hamısını “Cümhuriyyət qurucuları fəxri xiyabanı”-nda ziyarət edə biləydik. Tariximizin ən şanlı səhifələrini yazmış bu insanları gələcək nəsillərə daha yaxından, layiq olduqları kimi fəxarətlə tanıda biləydik.

 

Allah rəhmət etsin!

 

 

P.S.: Murtuza bəyin yazıda adı çəkilən övladları artıq vəfat ediblər.

 

Mənbə:  1. İmanov Vahid, “Xalq qəzeti”, 1992-ci il, 17 oktyabr (Murtuza Axundzadə ilə bağlı Yusif Axundovla müsahibə, araşdırma)

              2. Murtuza bəyin nəvəsi Rima Rüstəmovanın danışdığı xatirələr.

                                                                                                                               

 

Aysel Babayeva

 

# 503
avatar

Oxşar yazılar