“Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı konsert keçirilib -<span style="color:red;"> FOTOLAR
07 may 2018 16:28 (UTC +04:00)

“Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı konsert keçirilib - FOTOLAR

Xalq artisti Fidan Hacıyeva Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar Ədilə Hüseynzadənin romanslarından ibarət “Duyğular” adlı konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, konsertdə xalq artisti Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazmış olduğu romanslarını səsləndirib. Bu, ifaçının “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim etdiyi ilk konsertdir. Onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edib.

Konsertin aparıcıları isə bəstəkarın tələbələri – Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə və əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova olublar. Xalq Artisti Fidan Hacıyevanın ideyası və təşəbbüsü ilə ərsəyə gələn konsert proqramı şəhərimizin sakinlərinə və qonaqlarına unudulmaz anlar yaşadıb.

Konsert çərçivəsində tamaşaçılara bəstəkarın yaradıcılığı, səsləndiriləcək romanslar haqqında məlumatlar da verilib. Professor Zümrüd Dadaşzadə çıxışında A.Çexovun “İnsanda hər şey gözəl olmalıdır: həm üz, həm geyim, həm ürək, həm fikirlər” kəlamını Ədilə Hüseynzadəyə şamil edərək, onun musiqiyə, sənətə hədsiz vurğunluğunu qeyd edib. Azərbaycan musiqisini ölkəmizdə və xaricdə uğurla təmsil edən Fidan Hacıyevanın da sənət sevgisini bu məqamda qeyd etməyimiz yerinə düşər. Yəni, sənət sevgisi Fidan xanımı daim axtarışlara, müasir musiqi mədəniyyətimizə fayda vermək naminə fəaliyyət göstərməyə, onilllər öncə yazılmış əsərlərə novatorcasına yanaşmağa yönəldir.

Konsertdə “Mənim arzum”, “Kövrək budaq”, “Yaşamaq”, “Yenə, yenə ürək haqqında” (sözləri: Rəsul Rza), “Günəşdən gənclik istədim” (sözləri: Nigar Rəfibəyli), “Bülbül” (sözləri: A.Puşkin, tərcüməsi: Məmməd Rahim), “Yadigar” (sözləri: İsmayıl Soltan) və digər romanslar səsləndirilib. Tamaşaçı kimi Fidan Hacıyevanın bu gün də özünə müəllim hesab etdiyi tanınmış vokalçı, əməkdar artist Hüseyn Əliyev də konsertdə iştirak edib. Konsertdə səsləndirilən romanslardan biri də Rəsul Rzanın sözlərinə yazılmış “Gözlərin matəmi Xirosima” əsəri olub. Şeir konkret hadisəyə həsr olunsa da, onu bugünkü münaqişələrin, müharibələrin baş verdiyi dünyada körpə ikən həyata göz yuman, yaxud da şikəst qalan balalara aid etmək olar. Azərbaycan xalqı isə Xocalı faciəsini yaşayıb. Yaxud Suriyada günahsız uşaqlar müharibənin qurbanı olur. “Bu şeir - nüvə silahından gözləri kor olmuş, lakin görməməsini anasının otaqda işığı söndürməsi kimi başa düşən, ondan gözünün yanğısını söndürmək üçün su istəyən uşağın söylədikləri Ədilə Hüseynzadəyə də bir ana kimi təsir etmişdi. Bu sözlər o qədər ürək ağrıdır ki, Fidan xanım layihəyə başladığı günlərdə dedi ki, “mənə imkan verin, bu romansın oxunması üçün özümdə güc toplayım”, - deyə bəstəkar Zümrüd Dadaşzadə diqqətə çatdırıb.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və əməkdar artist Aleksey Miltıx Ədilə Hüseynzadənin “Sonatina”sını səsləndiriblər.

Xalq Artisti Fidan Hacıyeva konsertdə “Vəslin həvəsi” (sözləri: Nizami Gəncəvi, tərcüməsi Əliağa Vahid), “Gül” (sözləri: A.Puşkin, tərcüməsi: M.Rzaquluzadə),“Məhəbbətlə doğulmuşam” (sözləri: Nigar Rəfibəyli), “Bahar” (Bəxtiyar Vahabzadə), “Əziz ana” (sözləri Ramiz Məmmədov) romanslarını da səsləndirib. Tamaşaçılar sırasında Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Kalmar şəhərinin meri Gilbert Meyer də olub. Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin rəhbəri Mirvari Fətəliyeva səhnəyə çıxaraq bildirib ki, Fransada Azərbaycanın Dostları Assosiasiyası 31 nəfərlik nümayəndə heyəti ilə konserti izləyirlər. Xatırladıb ki, keçən il

iyulun 14-də Fransanın Milli Bayramı münasibətilə “Azərbaycan evi” Parisdə Fidan xanımın konsertini təşkil edib və ifaçının çıxışı böyük maraqla qarşılanıb. Xalq artisti Fidan Hacıyevanın sonda ifa etdiyi “O gözü ceyran” (İsmayıl Soltan) mahnısı isə xüsusi alqışlarla qarşılanıb. Sonda hər kəsə təşəkkürünü bildirən Fidan Hacıyeva təəssüratlarını da bölüşüb: “Ədilə Hüseynzadənin ailəsi dəstək göstərməsəydi, bu konsert də təşkil edilməzdi. Mən bəstəkarın qızı Cəmilə xanıma, nəvəsi Səbinə xanıma təşəkkürümü bildirirəm. Əməkdar İncəsənət Xadimi, bəstəkar Ədilə Hüseynzadənin əsərlərini oxumaqdan qürur duyuram və bu əsərləri dünyanın müxtəlif ölkələrində təbliğ etmək missiyamı davam etdirəcəyəm”.

Xalq artistinin “Azərbaycan Xalq Cümhuriyyəti-100” layihəsi çərçivəsində növbəti konsertləri mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək.

Qeyd edək ki, tədbirdə professor Zümrüd Dadaşzadənin Ədilə Hüseynzadə haqqında monoqrafiyada yazdığı da vurğulanıb.

 

# 359
avatar

Oxşar yazılar