Hədələməyin, qorxmurlar
05 may 2018 10:04 (UTC +04:00)

Hədələməyin, qorxmurlar

 

 

“Ən ali şöhrətə qalib gəlmək yox, inandırmaq layiqdir”
                                                                            Viktor Hüqo

                                                                                    

Ermənistanda baş verənlərin tezliklə yekunlaşacağını söyləmək olmaz. Hətta mayın 8-də keçiriləcək səsvermədə Ermənistan parlamenti baş nazir seçsə də, yeni kabinetin formalaşmasından doğacaq intriqalar gərginliyin uzanacağını deməyə əsas verir.

 

Baş nazir Paşinyan olsa, onu hakimiyyətə gətirən kütlənin gözləntilərinin girovuna çevriləcək. Baş nazir Paşinyan olmasa, kütlə öz məqsədinə çatmamış qalacaq, bu isə yeni dalğanın başlanğıcı ola bilər.

 

Əgər ikinci cəhddə də Ermənistan parlamenti baş nazir seçə bilməsə növbədənkənar parlament seçkiləri gündəmə gələcək. Deməli, siyasi gərginlik yenə artacaq.

 

Beləliklə, Ermənistanda siyasi sabitliyin tezliklə yaranmayacağı aydındır.

 

Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistanda baş verənlərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı gözləntilər ola bilər? Və hansı addımlar atıla bilər?

 

“Fürsətdir hücum etməliyik”, “Ermənistan Qərbə tərəf istiqamətlənsə, Rusiyanın dəstəyi ilə Qarabağı qaytara bilərik” və sair bu kimi fikirlər indi Azərbaycan cəmiyyətinin əsas müzakirə mövzusudur. Bu, təbiidir. Amma səslənən bu fikirlərin ciddi əsası yoxdur və sadəcə, xalqın arzusudur.

 

Reallıqda vəziyyət bir az fərqlidir.

 

İndiki şəraitdə müharibə məqbul deyil. Əgər məqbul olsaydı, yəqin ki, başlayardı. Rusiya da heç vaxt Qarabağı ermənilərdən geri almaq üçün bizə yardım etməyəcək.

 

Baş verənlərdən sonra Ermənistan bir dövlət kimi yox olmayacaq. Əksinə, dəyişikliklərdən sonra Ermənistana beynəlxalq yardımlar arta bilər və sairə...

 

Bəs o zaman Azərbaycan hansı addımları atmalıdır?

 

İndiki situasiyada ancaq Ermənistanın iqtisadi təcrid həlqəsini daraltmaq lazımdır. Belə olan halda Sarkisyanı devirmiş və hakim elitadan islahat və sosial problemlərin həllini gözləyən sadə erməni vəziyyətin daha da ağırlaşdığını görməli və Qarabağın işğalda saxlanmasının heç bir perspektivi olmadığını dərk etməlidir.

 

Bunun üçün iqtisadi təcrid rıçaqlarını sıxmaqla yanaşı, erməniləri inandıra biləcək informasiya resursuna ehtiyac var. Bu gün Azərbaycanda sadə erməninin inana biləcəyi informasiya resursu yoxdur. Azərbaycan informasiya resursları indi ancaq hədə-qorxu gəlməklə məşğuldur.

 

Sadə erməni Azərbaycan tərəfindən hədələndikcə ümidini müharibə adamlarına bağlayır. Belə situasiya isə problemin həllinə yox, uzanmasına xidmət edir.

 

Bu gün Paşinyanın etiraz hərəkatına qoşulan və onun ardınca gedənlərin böyük əksəriyyəti erməni cəmiyyətinin nisbətən azad düşüncəli təbəqəsidir. Əlbəttə, onların da təfəkküründə Qarabağ mövzusu önəmli yer tutur. Amma onları inandırmaq təfəkkürü stereotiplərlə dolu olan mühafizəkar ermənini inandırmaqdan daha asandır.

 

Əgər bundan sonra da hədələməkdə davam etsək, vəziyyət bir qədər də çətinləşəcək.

 

Doğrudur, erməniləri inandırmağa müəyyən zaman lazım ola bilər. Ancaq bunu bacarsaq, münaqişənin həlli üçün açar ola bilər.

 

Hədələməklə hədələyirik, amma heç nəyə nail ola bilmirik. Çünki qorxmurlar.

 

 

# 453
avatar

Asəf Quliyev

Oxşar yazılar