Prezident Xalq rəssamının ölümü ilə bağlı nekroloq imzaladı
02 may 2018 18:49 (UTC +04:00)

Prezident Xalq rəssamının ölümü ilə bağlı nekroloq imzaladı

 

Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Tokay Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Lent.az AzərTAC-a istinadən bildirir ki, ölkə başçısı xalq rəssamı Tokay Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

mətndə deyilir: Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Tokay Həbib oğlu Məmmədov 2018-ci il mayın 2-də ömrünün 91-ci ilində vəfat etmişdir.

Tokay Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra o, 1942-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, 1945-1951-ci illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayan Tokay Məmmədov 1958-ci ilədək burada çalışmışdır. O, 1966-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə “Heykəltəraşlıq” kafedrasının müdiri, 1992-2001-ci illərdə həmin kafedranın professoru vəzifələrində işləmişdir. Tokay Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının professoru olmuşdur.

Tokay Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələr tutmuş, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. O, 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olmuşdur.

Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmişdir. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazmışdır. Sənətkar Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirmişdir. Onun sənətin əbədi mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləri Azərbaycan heykəltəraşlığının mükəmməl nümunələridir.

Tokay Məmmədovun yaradıcılığının məhsulu olan, Bakının küçə və meydanlarını bəzəyən əsərlər paytaxtımızın görkəminin ayrılmaz hissəsini təşkil edir. Doğma torpağa, xalqına bağlı olan sənətkar kimi onun müstəqil Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə verdiyi töhfələr əvəzsizdir. Mahir heykəltəraş hələ gənclik illərindən etibarən öz fitri istedadı sayəsində mütəxəssislərin böyük rəğbətini qazanmış, ölkəmizdə və onun hüdudlarından kənarda tanınmışdır. Sənətkarın dünyanın bir çox ölkələrində nümayiş etdirilən əsərləri Azərbaycan mədəniyyətinin şöhrətini daha da artırmışdır.

Tokay Məmmədov heykəltəraşlığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək gənc heykəltəraşlar nəslinin yetişdirilməsi işində əvəzsiz xidmətlər göstərmişdir. Onun zəngin irsi bir çox heykəltəraşın bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynamış, onların peşəkarlığının təşəkkülündə böyük əhəmiyyət kəsb etmişdir. Tokay Məmmədovun 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai fəaliyyəti də təqdirəlayiq olmuşdur.

Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilmişdir. O, bir çox ölkələrin mükafatları ilə təltif edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

Böyük sənətkar Tokay Həbib oğlu Məmmədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Fərhad Xəlilov
Tahir Salahov
Ömər Eldarov
Ağəli İbrahimov
Salxab Məmmədov
Altay Hacıyev
Fazil Nəcəfov
Fuad Salayev
Arif Hüseynov
Xanlar Əhmədov
Nazim Bəykişiyev

 

 

# 373
avatar

Oxşar yazılar