Edison şirkəti “Şahdəniz”dən qaz alacaq
18 aprel 2018 17:57 (UTC +04:00)

Edison şirkəti “Şahdəniz”dən qaz alacaq

“Şahdəniz-2” layihəsi çərçivəsində qaz satışlarına dair İspaniyanın Gas Natural Fenosa şirkəti ilə imzalanmış saziş üzrə hüquqlar İtaliyanın aparıcı enerji şirkəti olan Edisona ötürülüb.
 
 
 
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, İtaliyanın qazpaylayıcı şəbəkəsinin alınması da daxil olmaqla daha böyük razılaşmanın bir hissəsi kimi həyata keçirilib. SOCAR Tower-də baş tutan imzalanma mərasimində SOCAR, Azərbaycan Qaz Tədarükü Şirkəti (AGSC), Edison və Gas Natural Fenosa şirkətlərinin nümayəndələri iştirak etmişlər. Edison “Şahdəniz-2” layihəsi çərçivəsində 25 illik qaz tədarükü hüququ almışdır. Tədarükə 2020-ci ildə, Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi tamamlandıqdan sonra başlanılması planlaşdırılır.
 
 
 
2017-ci il oktyabrın 13-də Edison və Gas Natural Fenosa arasında İtaliyanın mühüm qazpaylayıcısı olan Gas Natural Vendita Italia-nın (GNVI) transferi haqqında razılıq əldə olunmuşdur. Fenosanın “Şahdəniz-2” qaz satışı sazişinin Edisona ötürülməsi də bu sövdələşmənin şərtlərindən biridir. Fevralda Avropa Komissiyası sövdələşməni anti-inhisar qaydalarına uyğun hesab edərək təsdiqləmişdir. Nəticə etibarı ilə GNVI-nin alınması və qaz tədarükü sazişinin transferi baş tutmuşdur. Bu transfer Avropanın əsas enerji oyunçularının Azərbaycan qazına marağının daim artmasını göstərir.
 
 
 
Baş ofisi Milanda yerləşən Edison İtaliyanın elektrik və təbii qaz təchizatı sahəsində fəaliyyət göstərən əsas enerji şirkətidir. Onun bütün qitədə filialları vardır. Edison karbohidrogen sektorunda təbii qaz və xam neftin hasilatından tutmuş paylanması və satışına qədər geniş bir spektrdə fəaliyyət göstərir. 2017-ci ildə İtaliyada qaz idxalının 22%-i və qaz istehsalının 6%-i Edisonun payına düşmüşdür.
# 327
avatar

Oxşar yazılar