Brejnev Hitler və sevgilisinin külünü niyə göyə sovurdu? - <span style="color:red;">TARİXİ DOSYE
05 aprel 2018 16:08 (UTC +04:00)

Brejnev Hitler və sevgilisinin külünü niyə göyə sovurdu? - TARİXİ DOSYE

 
48 il əvvəl bu gün, bəlkə də elə bu saatlarda sovet KQB-si Almaniya ərazisində “Arxiv” adlı əməliyyat keçirdi. Adolf Hitler və onun sevgilisi Yev Braunun cəsədləri torpaqdan çıxarıldı, yandırıldı və külləri Elba çayına səpildi. 
 
Həmin vaxt əməliyyat planını şəxsən KQB sədri, sonralar sovet dövlətinin də başına keçəcək Yuri Andropov özü hazırlamışdı. Moskvadan gedəcək xüsusi qrupa Maqdeburq şəhəri yaxınlığında meyitlərin basdırıldığı yeri tapmaq, qazıb çıxarıb yandırmaq və necə deyərlər, külünü də göyə sovurmaq tapşırığı verilmişdi. Və qrup verilən tapşırığın öhdəsindən uğurla gəlir.
 
***
 
Baş verən hadisələr Hitler və Braunun ölməsindən 25 il sonra baş verir. Bəs niyə sovet hökuməti 25 il sonra qəfildən belə qərar vermişdi? Söhbət ondan gedir ki, 1960-cı illərin sonlarından başlayaraq bir çox nüfuzlu dünya nəşrləri Hitlerin ölmədiyini, onun sevgilisi Yevayla birgə Cənubi Amerikaya qaçması barədə sensasion məqalələrlə çıxış edirdilər.
 
 
Bir tərəfdən də argentinalı yazıçı Abel Basti “Hitler Argentinada” adlı kitabını satışa çıxarmışdı. Bu kitabda fürerin Yeva Braunla birgə Argentinaya qaçdığı, 1964-cü ilə qədər orada yaşadığı yazılırdı. Üstəlik, yazıçı ABŞ kəşfiyyatının arxivinə istinad edirdi. İddiaya görə, Hitler və digər faşist liderləri Almaniyaya məxsus sualtı qayıqla Argentinanın Rio-Neqro əyalətinin Kaleta-de-los-Loros sahillərinə yan alıblar. Hitlerin içərisində olduğu sualtı qayıq əlavə iki submarinlə müşayiət olunub. Kitabda bundan başqa, Hitlerin evində qulluqçu işləyən Katalina Qameronun xatirələri də yer alıb. Katalinanın sözlərinə görə, Hitler Eykhormlar ailəsinə məxsus villada yaşayıb. Yeri gəlmişkən, Eykhorm cənubi Amerikada faşist Almaniyasının maliyyə agenti kimi də məşhur idi.
Ümumiyyətlə, bu tip şayiələr sovetləri, xüsusən də Stalini narahat etməyə bilməzdi. Doğrudanmı Hitler sağdır? Doğrudanmı faşist lideri ölməyib?
Ona görə də 1970-ci ildə Hitlerin ölümü ilə bağlı bütün deyilən və yazılanlar son qoymaq qərarına gəlinib.
 
 
Arxiv sənədlərindən bəlli olur ki, 13 mart 1970-ci ildə Yuri Andropov SSRİ rəhbəri Leonid Brejnevə xüsusi əhəmiyyətli məktub yazır:
 
“1946-ci ildə fevral ayında Hitler, Yeva Braun, Gebbelslər və onların övadları (cəmi 10 cəsəd) DTK Xüsusi şöbəsinin hərbi şəhərciyinin ərazisində, Maqdeburqda dəfn edilib. Hazırda sözügedən hərbi şəhərcik alman hakimiyyətinə təhvil verilir. Tikinti və ya digər torpaq işlərinin aparılması zamanı qalıqların tapılması imkanını nəzərə alaraq, bu ərazidən qalıqların çıxarılması və onların yandırılması yolu ilə məhv edilməsi məqsədəuyğun olardı. Tədbir Dövlət Təhlükəsizlik Komitəsinin Xüsusi şöbəsinin əməliyyat qrupu tərəfindən tam gizli şəkildə icra olunacaq və lazımınca sənədləşdiriliəcək”.
 
***
 
 
Aprelin 4-dən 5-ə keçən gecə meyitlərin basdırıldığı Klauzenerştrasse yaxınlığında çadırlar qurulur. Səhərə qədər bu işi bitirmək lazım idi. Meyitlər isə az qala iki metr dərinlikdə basdırılmışdı.
 
Qazıntıdan sonra torpağa basdırılmış 5 yeşik tapılır. Təbii ki, cəsədlər çoxdan çürümüşdü. Yeşiklərdən ikisi Hitler və Yeva Brauna aid idi. Digər 3 yeşikdə isə onların sevimli itləri basdırılmışdı.
 
Qalıqlar mühafizə olunan xüsusi qutulara qoyulur, qazılmış yerin əvvəlki görünüşü bərpa olunur. 1970-ci il aprelin 5-i günorta saatları Maqdeburq şəhərinin 11-ci kilometrliyində, çöldə sümük qalıqları tonqalda yandırılır. Qalıqlar yanıb kül olur, torpağa qarışmış kül toplanaraq, Elba çayına atılır. Baş verənlərə bağlı akt tərtib edilir. Təcili Andropova göndərilir.
 
İstər sovet xalqı, istərsə də bütün dünya bu əməliyyatdan bir də SSRİ arxivləri açılandan sonra xəbər tutur. Və bu gün bəşəriyyətin ən qanlı diktatorunun külünün göyə sovrulmasından 48 il keçir...
 
# 492
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar