“Xəbər gəldi ki, can verir, onun da qəbrini qazın” - <span style="color:red;">Səbuhi Məmmədli məhv olmuş ailədən yazır
03 aprel 2018 15:31 (UTC +04:00)

“Xəbər gəldi ki, can verir, onun da qəbrini qazın” - Səbuhi Məmmədli məhv olmuş ailədən yazır

 

 

...Yas mərasiminə gələnlərin ardı-arası kəsilmir. Hamı azacıq da olsa Aslanovlara təskinlik verməyə çalışır. Martın 31-də Lənkəranda baş vermiş  dəhşətli qəzanın şokundan ayılmayıb hələ Ləj kəndi. Nəinki 7 üzvünü itirmiş bu ailəyə, həm də bir-birinə təskinlik verir kənd camaatı.

 

Hə, 31 mart soyqırım günü bütöv bir ailə naşı və əbləh bir sürücünün ucbatından “soyqırıma” məruz qaldı.

 

***

 

- Lənkəranın tarixində belə dəhşətli qəza olmayıb. Mənim 65 yaşım var, bu boyda faciəyə ilk dəfədir rast gəlirəm. Allah heç kimə belə müsibət yaşatmasın. Bir gündə 7 nəfəri apar basdır. Təsəvvür edirsən bu nə deməkdir? Elə bil, yox imişlər.

 

Bunu kənd sakinlərindən biri deyir. Etiraf edim ki, həm hadisənin ağırlığı, həm də bölgə camaatının bir qədər mühafizəkar olması işimi xeyli çətinləşdirdi. Hamı susur, danışmaq istəmir, sanki şokdan ayılmamış kimi. Əslində insanları qınamaq da olmaz. Sanki üzərlərində ağır bir daş asılmış kimiydilər.

 

Yerli icra nümayəndəsi Bayram Cəfərov Lent.az-a açıqlamasında deyir ki, hələ də stress içindəyəm.

 

- Məsciddə 7  meyit yan-yana qoyulub. Bunlara yu, kəfənlətdir, basdır. Sizə adi gəlməsin. Bunlara əsəb lazımdır. Normalda ürək dözməzdi buna. Allaha dua edirdik ki, o uşaq salamat qalsın heç olmasa. O da dünən səhər getdi.  

 

Hə, 7 yaşlı Ülvi sağ qalmışdı təkcə qəzada. Onu dərhal xəstəxanaya yerləşdirmişdilər.

 

***

 

…Martın 31-də saat 17:30 radələrində Cəfərov Natiq Təvəkkül oğlu Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Ford Cargo” markalı 99-JF-224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, avtomobilini qarşı hərəkət zolağına çıxararaq, həmin yolla hərəkətdə olan Aslanlı Faiq Tofiq oğlunun idarə etdiyi “Mitsubishi İO” markalı 42-BS-634 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, bundan sonra yolun kənarında hərəkətsiz dayanmış “VAZ-21154” markalı 10-VF-815 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.

 

Kənd sakinlərindən onu da öyrəndik ki, qəzada ölən şəxslər bir ailəyə mənsubdurlar. Sürücü Aslanov Faiq Tofiq oğlu ilə Fikrət və Namiq Aslanovlar əmioğludurlar. Gülxanım Aslanova Faiqin, Rəziyyə Aslanova isə Fikrətin həyat yoldaşıdır. Vəsimə xala isə Fikrət və Namiqin anasıdır. 
 
Hadisədən 1 gün sonra xəstəxanada vəfat edən 7 yaşlı Ülvi isə Faiq Aslanovun oğludur.

***

 

Həmin gün ailə Avrora qəsəbəsinə gedirmiş. Bibilərinə dəyməyə. İnfarkt keçiribmiş bibiləri. Ona yoluxub evə qayıtmalıymışlar. Amma bibini görə bilməyiblər. Gərmətük kəndində Faiqin idarə etdiyi maşını ağır tonnajlı “Ford” xıncım-xıncım edib.

 

- İçində yük 70 tonluq maşın 70 metr sürüyüb avtomobili. Sonrada şiferlə dolu anbara çırpıb. FHN, təcili yardım dərhal hadisə yerinə gəldi. Amma gec idi. Heç 30 dəqiqə keçmədi ki, maşını kəsib-doğrayıb, içəridəkiləri çıxardılar. Ülviylə Faiq can verirdilər. Az sonra Faiq keçindi. Ülvini isə dərhal xəstəxanaya apardılar.

 

Yük maşının sürücüsü əvvəl qaçmaq istəyib. Sonra özünü yaralanmış kimi göstərib. Onu da xəstəxanaya aparıblar. İlkin müayinədən sonra məlum olub ki, heç burnu da qanamayıb. Elə oradaca qandallayıblar.

 

- O, əslən Lerikdəndir. Qohumları yasa gəlmişdilər. Barışığa. Kənddən qovdular. Bir ailəni məhv edib, hələ utanmadan gəliblər də.

 

Bunu da bizə kənd sakinləri deyir.

 

Hadisə baş verən gün bütün Ləj Lənkəranda morqun qarşısındaymış. Heç kim belə bir faciənin baş verdiyinə inanmaq istəmirmiş. Meyitləri morqdan birbaşa kəndə gətiriblər. İcra başçısı Taleh Qaraşov, Lənkərandan deputat seçilmiş Hadı Rəcəbli və Cavanşir Paşazadə də yas mərasiminə qatılıblar. Ailəyə yardım edəcəklərini bildiriblər.

 

- Amma bu ailənin yardıma ehtiyacı yoxdur. Qasımı nəylə sakitləşdirmək olar axı? Bunu da kənd sakini deyir.

 

Qasım bu qəzada ata və anasını itirib. Evin tək oğludur. Atası Fikrət və anası Rəziyyə qəzanın qurbanları olublar. Hə, nənəsi Vəsimə də eləcə.

 

- Bütün qəbirlər yan-yanadır. Bircə Vəsimə xaladan başqa. Onun əri rəhmətə gedib. Vəsiyyət eləyibmiş ki, yanında basdırsınlar. Dünən 7 qəbir qazdıq. Bir qəbiri qazmaq istəmirdik. Ülvinin qəbrini. Amma xəbər gəldi ki, can verir, qalmayacaq, onun da qəbrini qazın.

 

Namiq və Fikrət Aslanovların Natiq adında bir qardaşı isə şəhid olub. Hazırda Ləj kənd məktəbi də elə Natiqin adını daşıyır.

 

***

 

Qəbiristanlıqda isə yanaşı qəbirlərə baxmağa dəmir əsəb gərək. Hamısının üstünə qərənfil düzülüb. Su çilənib. Bir azdan qəbir üstünə gələcək bütün kənd. O kənd ki 31  mart soyqırımının ağrılarını hələ üzərlərində yaşayacaqlar.

 

Hə, bibinin, həmin o bibinin isə baş verənlərdən xəbəri yoxdur. Heç kim, heç kim cürət edib bunu ona deyə bilmir. Necə desinlər? Nə desinlər?...

 

Səbuhi Məmmədli

Lənkəran, Ləj

# 453
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar