Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin konserti keçirilib - <span style="color:red;">FOTOLAR
27 mart 2018 12:09 (UTC +04:00)

Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin konserti keçirilib - FOTOLAR

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi “Baharın səsi” adlı ikihissəli konsert proqramını təqdim edib. Lent.az-ın məlumatına görə, konsertin əvvəlində duyğularını bölüşən Azərbaycanın xalq artisti Fidan Hacıyeva, tələbələrinin çıxış etdiyi konsertlərin onun üçün daha həyəcanlı və məsuliyyətli olduğunu bildirib: “Hər zaman arzu etmişəm ki, davamçılarımız olsun, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini həm ölkəmizdə, həm də xaricdə tanıtsınlar”. Tələbələrinə dəstək olmaq üçün elə səhnədə də ilk ifanı özü edib. Xalq artisti dahi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ilə konserti açıq elan edib. 
 
İki saatdan artıq davam edən konsertdə istedadlı uşaqların ifasında “Ave Maria”, “Yesterday”, “Şən Azərbaycan”, “Santa Lucia” və digər əsərlər səslənib. Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin tələbələri Sevil Əsədullayeva “Ave Maria” (“Pərvərdigara”, Fərhad Bədəlbəyli), Hüseyn Əliyev “Yesterday” (Pol Makkartni), Rəna Cəfərzadə “Şən Azərbaycan” (Polad Bülbüloğlu), Orxan Şərifov “Santa Lucia” (Neapolitan xalq mahnısı), Aylin Qasımova, Selcan İsazadə, Məryəm Səfərova, Leyli İbrahimova “Qızların mahnısı” (Tofiq Quliyev), Leyla Qürbətova “Kansonetta”, beynəlxalq müsabiqələr laureatı Əli Abdullayev “Despasito”, Leyli İbrahimova “Gözəlim, yar gözəlim” (“Arşın mal alan” operettasından), Xədicə Əhmədova “Ana” (Sevil Əliyeva) və digər əsərləri səsləndiriblər.
 
Konsert boyu səhnəyə çıxan hər bir tələbəsi ilə eyni həyəcanı keçirən Fidan Hacıyeva, yerindəcə tələbələrinə hər an dəstək olmağa çalışırdı. Konsertdə müxtəlif yaş kateqoriyalı uşaqların səhnədə öz istedad və bacarıqlarını nümayiş etdirmələri Azərbaycan vokal sənətinin inkişafına bir töhfədir. “Baharın səsi” adlı konsertdə, Vokal Musiqi Məktəbinin digər tələbələrindən, həmçinin Adnan Əsgərzadə, Melisa Ağacanova, Selcan İsazadə, Məryəm Səfərova, Zöhrə Dəmirbağ, Tamerlan Ağayev, Orxan Şərifov, Ariz Əliyev, Cavidan Ağayev və başqaları Avropa klassik musiqisini, Türkiyə, Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyev, Müslüm Maqomayev və başqalarının əsərlərini ifa ediblər.
 
Azərbaycanda ilk özəl musiqi məktəbi Vokal Musiqi Məktəbini xalq artisti Fidan Hacıyeva bir il yarım öncə yaradıb. Burada 6 yaşından başlayaraq uşaqlar, yeniyetmələr, gənclər, böyüklər sənətin sirlərini öyrənirlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində professor Hüseyn Əliyevin sinfində təhsil alıb, İtaliyada Bruno Balioninin yanında üç il ustad dərsi keçmiş Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin yaradılmasında onu dəstəkləyən Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib. Xalq Artisti Fidan Hacıyevanın tələbələri ilə duetləri “Baharın səsi” konsertin yaddaqalan məqamlarından olub. Vokal Musiqi Məktəbinin 60 yaşlı şotlandiyalı tələbəsi Bob Petrinin çıxışı, Türkiyədən Emre Yücelen və Serdar Şengülün ifasında Çanaqqala qələbəsi ilə bağlı mahnı alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, məktəbin tələbələri sırasında musiqi təhsili olanlarla yanaşı, ayrı-ayrı sahələrdə çalışan, lakin vokal ifanı sevən, bu sənəti gələcəkdə davam etdirmək istəyənlər də var. Sonda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi kollektivinin ifasında “Azərbaycan” mahnısı səslənib. “Baharın səsi” adlı proqramın konsertmeysteri Şahin Yəhyazadə və Leyla Əliyeva olub.
 
# 412
avatar

Oxşar yazılar