<b>Prezidentdən yazıçı Anarla bağlı </b><span style="color:red;">SƏRƏNCAM
13 mart 2018 16:29 (UTC +04:00)

Prezidentdən yazıçı Anarla bağlı SƏRƏNCAM

 
 
Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.
 
 
Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, o, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb. 
 

Prezident həmçinin yazıçı Anarı 80 illik yubileyi münasibətilə təbrik də edib.

 

Təbrikdə deyilir:

Hörmətli Anar müəllim!

Sizi – Azərbaycanın görkəmli yazıçısını və tanınmış ictimai xadimini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

 

Sizin istedadlı nasir, publisist və dramaturq olaraq çoxəsrlik ənənələrə malik ədəbiyyatımızın daha da zənginləşməsində müstəsna xidmətləriniz vardır. Ən müxtəlif janrlarda qələmə aldığınız əsərlərdə Siz söz sənətkarlarına məxsus yüksək məharətlə müasirlərimizin mənəvi aləminin dolğun təsvirinə nail olub, ardıcıl ədəbi-fəlsəfi axtarışlarınızla bədii fikrimizin yeni inkişaf mərhələsinin yaradıcılarından biri kimi səmərəli fəaliyyət göstərmisiniz.

 

Mövzu aktuallığı, üslub fərdiliyi, dil səlisliyi və dərin həyatiliyi ilə səciyyələnərək yüksək əxlaqi keyfiyyətlər aşılayan nəsr əsərlərinizin geniş oxucu auditoriyasının zövqünün formalaşmasında təsiri təqdirəlayiqdir. Daim rəğbətlə qarşılanan səhnə əsərləriniz və dahi şəxsiyyətlərimizin ömür yolunu özünəməxsus parlaq boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi daha da artırıb. Hər biri uzunmüddətli araşdırmanın məhsulu olub ədəbi-mədəni fikir tariximizin bütün məqamlarını ehtiva edən məqalə və esseləriniz intellektual potensialınızın aydın təzahürüdür.

 

Dilimizin saflığının qorunması uğrunda mübarizə yaradıcılığınızın mühüm istiqamətlərindən birini təşkil edib. Xalqımızın böyük sənətkarlarının övladı olmaqla yeni tarixi şəraitdə azərbaycançılıq məfkurəsinin inkişafında xidmətləriniz danılmazdır.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində Siz otuz ildən bəri uğurla çalışmaqdasınız. Ümidvaram ki, ölkəmizin mədəni-ictimai həyatında bundan sonra da fəal iştirakınızla gənc ədəbi nəslin milli ideyalara bağlılıq ruhunda yetişməsi üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz.

 

 

# 454
avatar

Oxşar yazılar