<b><span style="color:red;">İqor Rabiner : “Şeydayev səhv etdi, indi Rusiya yığmasında oynayırdı" -<span style="color:red;"> MÜSAHİBƏ </b>
09 mart 2018 12:13 (UTC +04:00)

İqor Rabiner: “Şeydayev səhv etdi, indi Rusiya yığmasında oynayırdı" - MÜSAHİBƏ

 “Futbol+”in qəzeti məşhur rusiyalı jurnalist İqor Rabinerdən müsahibə götürüb. Lent.az həmin müsahibəni ixtisarla təqdim edir.

- Bildiyiniz kimi, Azərbaycan futbolu tarixində ilk dəfə ÇL-də komandayla təmsil olundu. “Qarabağ”ın turnirdəki çıxışı haqda nə deyə bilərsiz? Rusiyada Ağdam klubunun bu uğuru haqda danışılırdımı, yoxsa vətəninizdə buna elə də önəm vermədilər?

- Rusiyada buna xüsusi önəm verildiyini söyləyə bilmərəm. Amma tarixdə ilk dəfə bir Azərbaycan klubunun ÇL-in qrup mərhələsinə vəsiqə qazanmasına diqqət ayırdılar. “Qarabağ” ÇL-in ikiqat finalçısı “Atletiko” ilə iki heç-heçə etməklə madridliləri pley-offa yüksəlməyə qoymadı ki, bu da diqqətdən kənarda qala bilməzdi. Məlum məsələdi ki, “Qarabağ” bu qrupdan çıxa bilməzdi, amma istənilən halda bu komandaya döyüşdüyünə görə “əhsən” düşür.

- SSRİ dönəmində “Neftçi” Tiflis “Dinamo”su və “Ararat”ın kölgəsində qalmışdı. Sizcə, hazırda Azərbaycan futbolu Gürcüstan və Ermənistan futbolunu üstələyirmi?

- Avropadakı nəticələrə baxmalı olsaq, üstələdiyini söyləyə bilərəm. Amma lap dərindən mühakimə etməkdə çətinlik çəkirəm. Bu haqda dəqiq fikir bildirmək üçün gərək o ölkələrdən və liqalarından yaxşı baş çıxardasan. Yuri Syominin “Qəbələ”ni çalışdırdığı dönəmi yaxşı xatırlayıram. Mən onda Yuri Pavloviçlə görüşmək üçün Qəbələyə də gəlmişdim. Qəbələ çox xoşuma gəlmişdi. Klubun infrastrukturu da məni heyran etmişdi. “Qəbələ” bu mənada istisna deyilsə (“Qarabağ”ın nəticələri də göz önündədi), onda Azərbaycan çempionatının səviyyəsinin artdığını söyləmək olar. Bildiyimə görə, siz maliyyə cəhətdən qonşuluğunuzdakı ölkələri də üstələyirsiz. Əsas odu ki, pullar kimlərinsə cibinə yox, doğru yerə xərclənsin. Məsələn, biz Rusiya futbolunda pulların doğru yerə xərclənmədiyini bəzən görürük.

- Azərbaycan millisi DÇ-2010 və 2014-ün seçmə mərhələsində Rusiya ilə eyni qrupa düşmüşdü. Bakıda keçirilən hər iki oyunda bizimkilər sizinkilərdən bir xal qopara bilmişdi. Bunu sırf təsadüf kimi qiymətləndirirsiz, yoxsa Azərbaycan yığmasında son illər inkişaf görürsüz? 

- Burda onu xatırlatmaq lazımdı ki, həmin oyunlara qədər Rusiya yığması qrupdakı məqsədinə, demək olar ki, çatmışdı. Bu mənada yığmamızın kapitanı Andrey Arşavinin həmin matçlara çıxmazdan öncə “turist səfərləri” sözünü yada salmaq kifayətdi. Buna rəğmən, Rusiya millisi həmin oyunlara güclü motivasiya olunanda belə azərbaycanlılarla oyunlar bizim üçün elə da asan keçmirdi. Xatırlayıram, 2009-cu ildə “Lujniki”dəki oyuna 62000 tamaşaçı gəlmişdi. Oyun Moskvada keçirilirsə, üstəlik rəqib də top-komanda deyilsə, stadiona bu qədər adamın gəlməsi fantastik göstərici idi. Əslində bunu  Rusiya yığmasının AÇ-2008-dəki uğurlu çıxışıyla da əlaqələndirmək olar. Azərkeşlər yığmanın oyununu arenadan izləməkdə həvəsli idi. Çoxları elə fikirləşdi ki, Quus Hiddinkin başçılığı altında millimiz azərbaycanlıları gəzişərək üstələyəcək, amma biz qələbəni çətinliklə qazandıq.– 2:0.  Oyunumuz da baxımlı alınmadı. Məlum məsələdi ki, Rusiya yığmasının postsovet məkanı ölkələrinin milliləriylə oyunu həmişə belə gərgin alınır. Belə komandalar Rusiya yığmasına ciddi müqavimət göstərir və hətta öz gücündən də artığını oynayır. Bir sözlə, Azərbaycan millisiylə oyun Rusiya üçün çətin keçir.

- Bildiyiniz kimi, Emin Mahmudov və Ramil Şeydayev vaxtilə Rusiyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında oynayıb. Amma sonradan onlar seçimi Azərbaycan millisinin xeyrinə etdilər. Hər iki futbolçu bir müddət AFFA-nın dəstəyi ilə legioner həyatı da yaşadı. Hazırda Emin premyer-liqada 8 komandanın mübarizə apardığı çempionatda 5-ci yerdə gedən və əski günlərindən uzaqda qalan “Neftçi”nin şərəfini qoruyur. Şeydayev isə “Qarabağ”da ehtiyat oyunçular skamyasını qızdırır. Necə fikirləşirsiz, onlar Azərbaycan millisini seçməklə səhvə yol verdilər?

- Mahmudov səhv etmədi. Çünki onun Rusiya yığmasına düşmək baxımından heç bir şansı olmayacaqdı.  Şeydayev isə Azərbaycan yığmasını seçməklə səhvə yol verdi. Rusiyanın yeniyetmələr yığmasında rekord göstərici ona məxsus idi. Ramil U-19 yığmasında seçmə və final mərhələlərində 11 qol vurub! Ümumiyyətlə, Rusiyada heç bir yerdə hansısa futbolçunun belə statistikası yoxdu. Aydın məsələdi ki, Rusiyada yeniyetməlikdən böyük futbola keçid edərkən maksimum dərəcədə çətinliklə üzləşirsən. Bu, Rusiya futbolunun ən böyük problemlərindən biridi. Ancaq Sankt-Peterburqda böyüyən Ramil emosiyalara qapıldı. Çünki doğma klubu olan “Zenit” ona şans vermədi. Bu azmış kimi, icarə əsasında yollandığı “Rubin”də də möhkəmlənə bilmədi. Buna  Ramili komandaya götürən Rinat Bilyaletdinovun Valeri Çalıy ilə əvəzlənməsini səbəb kimi göstərmək olar. Ümumiyyətlə, mən Şeydayevi Azərbaycana buraxmaq üçün sənədləri imzalayan  Rusiya Futbol İttifaqının əməkdaşından ciddi hesab sorardım. Ramil Almaniya millisiylə oyunda ustalığını işə salaraq gözəl qol vurdu. Bu onun nəyə qadir olduğuna sübutdu. Onun Rusiya yığmasında oynamaq üçün hər cür şansı var idi. Amma artıq gecdi.

- Ötən əsrin sonlarında SSRİ və sonra da Rusiya çempionatında Nazim Süleymanov və Vəli Qasımov kimi ünlü azərbaycanlı futbolçular top qovurdu. Bəs nə üçün indi azərbaycanlılar ölkə kənarında oynaya bilmir? Hardasa 10 milyona yaxın ölkənin əhalisi arasından güclü liqada oynayacaq bir futbolçu çıxmır. Bunu nə ilə əlaqələndirərsiz? Nəzərə alaq ki, Gürcüstan yığmasında Kankava, Ananidze, Kverkveliya, Ermənistan millisində isə Mxitaryan kimi güclü liqalarda oynayan futbolçular var…

- Azərbaycanda futbolçular Gürcüstan və Ermənistanda top qovan oyunçulardan daha çox məvacib alır. Rusiyalı oyunçular Avropaya nəyə görə getmir? Azərbaycanlılar da eyni səbəbdən Rusiyaya gəlmir. Bütün bunlar da milli futbolda böhrana yol açır. Belədə ölkə futbolunun “qan dövranı” zəifləyir. Təcrübəli futbolçular heç yana getmir, gənclər də getməyə yer tapmır.

- İdmandan və konkret futboldan danışmalı olsaq, sovet dağılandan sonra sizə nə qaldı, bizə nə qaldı?

- Gəlin obyektiv danışaq: SSRİ-nin varisi olmaqda Rusiyanın birbaşa bəxti gətirdi. Biz böyük turnirlərdə SSRİ yığması üçün ayrılan yeri tutduq. Elə bunun hesabına bir neçə aparıcı ukraynalı futbolçunu ələ keçirdik. Axı, 1980-cı illərdə sovet futbolunda Valeri Lobanovskinin Kiyev “Dinamo”su dominantlıq edirdi. O zaman SSRİ yığmasının aparıcı üzvləri kiyevlilər idi. Rinat Dasayevi və bir neçə futbolçunu istisna etməli olsaq, məhz “Dinamo”nun oyunçuları hesabına SSRİ millisi AÇ-1988-in gümüş medalına sahib çıxdı. “Dinamo” özü isə 1986-cı ildə Kuboklar Kubokunun qalibi olmuşdu. Bütün bunlar SSRİ-nin dağılmasından bir neçə il öncə baş verdi. Bununla yanaşı, həmin ərəfədə Rusiyada istedadlı gənclər də yetişirdi. Həmin  nəsil 1990-cı ildə gənclər arasında Avropa çempionu  oldu. Təbii ki, söhbət Mostovoy, Şalimov, Kolıvanov, Kiryakov və başqa oyunçulardan gedir. Sonra onlar legioner həyatı yaşamaq üçün ölkə xaricinə üz tutdular. Amma Rusiya millisində böyük uğurlara imza ata bilmədilər. SSRİ səviyyəsində böyük uğura imza ata bilməyən Azərbaycan futbolu da sovet dağılandan sonra böyük futbol nəhəngi ola bilmədi. Sadəcə, lokal qələbələrlə kifayətləndilər. Amma buna görə qəmgin olmağa dəyməz. Sovet dönəmində möcüzəvi nəticələrə imza atan Gürcüstan belə SSRİ dağılandan sonra heç nə edə bilmədi.

 

# 287
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar