Qənirsiz gözəl, dəli sevgi, Ucardakı tənha qəbir - <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
07 mart 2018 15:46 (UTC +04:00)

Qənirsiz gözəl, dəli sevgi, Ucardakı tənha qəbir - SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

Belələri haqda deyirdilər - qənirsiz gözəl idi. Bəlkə bu gözəllikdən idi, ya da istedadlı olmasından, rejissorlar əksər baş rolları ona verirdilər. Gözəlliyinə də, uğurlarına da qibtə edənlərin, paxıllığını çəkənlərin sayı çox olub. O isə heç kimə fikir vermirmiş. Arxasınca danışılan dedi-qodulara da, haqqında yayılan söz-söhbətlərə də. Zahirən xoşbəxt görünürdü. Amma… Amma gözlərində qəribə bir kədər vardı qəribə həyatı olan bu gözəlin. Azərbaycanın ikinci Leyla Bədirbəylisi adlandırılan Xuraman Hacıyevanın. Bu gün onun anadan olmasından 73 il keçir.

 

***
 

Əslən ucarlıydı. Amma Bakıda doğulub boya-başa çatmışdı. Orta məktəbdə oxuyarkən dram dərnəklərində iştirak edirdi. Məktəbi bitirən kimi isə sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verir. Valideynlərini qəti etirazına baxmayaraq. İmtahandan isə uğurla çıxır. Qəbul olunur.

 

İkinci kursda oxuyanda günlərin bir günü auditoriyaya rejissor Tofiq Tağızadə girir. “Arşın mal alan”ı çəkirmiş. Asya roluna aktrisa axtarırmış. Elə ilk cərgədə oturan 19 yaşlı Xuramanı görən kimi qəfil dillənir: “Tapdım”. Və onu heç bir tərəddüdsüz Asya roluna dəvət edir. Film və Xuramanın möhtəşəm oyunu o qədər uğur qazanır ki, küçədə-bacada onu görənlər “Asya” deyə çağırmağa başlayırlar. Hətta kinostudiyaya gələn minlərlə məktubda belə onun adını Xurman kimi yox, Asya kimi qeyd edirmişlər.

Və bu roldan sonra istər televiziyanın, istərsə də əksər teatrların qapıları onun üzünə taybatay açılır.

 

Amma 1966-cı ildə təhsilini yarımçıq qoyur. Hə, sevgi, özü də qısqanc bir sevgi ucbatından. Gəncəyə köçür. Həyat yoldaşı orada yaşadığından Bakıda yox, yanında görmək istəyir onu. Amma burada da boş dayanmır. Gəncə teatrında onlarla maraqlı rola imza atır. Amma ailə həyatı da uzun sürmür. Bakıya qayıtmalı olur. Özü də Gənc Tamaşaçılar Teatrına. Düz ömrünün axırına kimi bu teatrda çalışır. O teatrda ki 2015-ci ildə onun 70 illik yubileyini belə keçirmədi…


***

 

“Əslində, onun çox rolları olub. Özü də teatrda. Amma təəssüflər olsun ki, onların hamısı lent yazısına alınmayıb. Xuraman Hacıyevanı indinin özündə belə unudulmuş sənətkar saymaq olar. Hə, Ucarın Müsüslü kəndindəki təmtəraqsız sadə qəbir daşını ziyarət edən belə tək-tük tapılar. Sanki belə bir sənətkar olmayıbmış”.

 

Bunu bizə Xuraman xanımın həmyerlisi, Bakı Şəhər Kino Xidməti idarəsinin rəis müavini Cəmil Xəlilov deyir. Cəmil müəllimin dediyinə görə, Xuraman xanım sözün həqiqi mənasında unudulub. “3 il qabaq onun yubileyi keçirilməliydi. Amma heç kimin yadına düşmədi. Sanki Azərbaycanda bu boyda sənətkar olmayıb. Adamı ən çox incidən də elə budur”.


***

“Xuraman Hacıyeva ilə mən tərəf-müqabili kimi çox rollar oynamışam. Bizim rolları o qədər sevirdilər ki, elə bilirdilər biz həyat yoldaşıyıq. İndi də məndən tez-tez onu soruşurlar. Hətta biz o vaxt Xuraman Hacıyeva ilə o qədər sevgi rolları oynamışdıq ki, elə bilirdilər Xuraman xanımla hansısa münasibətimiz var. Biz ailəliklə dost idik, mənim də sevdiyim aktrisa idi”.

 

Bunu isə mətbuata açıqlamasında xalq artisti Tariyel Qasımov deyib. Tariyel-Xuraman cütlüyü sözün həqiqi mənasında 70-80-ci illər Azərbaycan televiziyası və teatrında möhtəşəm idi. Tamaşaçılar onların ər-arvad, sevgili və ya sözün həqiqi mənasında aktyor kimi tərəf-müqabili olduqlarını ayırd edə bilmirdilər.

 

Aktyor deyir ki, bizim həmişə bir yerdə olmağımız, dostluğumuz, eyni səhnəni paylaşmağımız insanları çaş-baş salırdı.

 

“Çox adam elə bilirdi ki, mən onunla qeyri-rəsmi evliyəm, guya o mənin ikinci arvadımdır. Hətta bizə yazılan çoxsaylı məktublarda da sevgili olduğumuzu düşünürdülər. Gizlətmirəm, mən onu bir aktrisa kimi dəlicəsinə sevmişəm, amma aramızda qadın-kişi münasibəti olmayıb”.

 

***

 

Səhnə həyatı nə qədər uğurlu alınsa da, şəxsi həyatı alınmamışdı. Bir qızı dünyaya gəlmişdi. Leyla adında. Hazırda Leyla Türkiyədə yaşayır. Nə işlə məşğul olduğu belə bilinmir. Bir sözlə illərdir ondan xəbər yoxdur.

 

***

 

60 yaşının tamam olmasına iki ay qalmış dünyasını dəyişib. 13 il əvvəl, fevral ayının 14-də.

 

Həmin gün teatra gəlibmiş. Çox əsəbiymiş. Rəngi də qapqara. Kimsə nə baş verdiyini soruşub ondan. Deyib heç nə, qızıma hirslənmişəm. Gəldim sizi görəm, gedirəm evə.

 

***

 

Və o gedən gedir. Əvvəl evə, sonra isə əbədi evinə…

 

# 562
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar