Azərbaycanlı violonçelist beynəlxalq festivalda çıxış edəcək
16 fevral 2018 00:20 (UTC +04:00)

Azərbaycanlı violonçelist beynəlxalq festivalda çıxış edəcək

Tanınmış azərbaycanlı violonçel ustası Camal Əliyev İstanbulda keçiriləcək 46-cı musiqi festivalında çıxış edəcək. APA-nın Türkiyə bürosunun  məlumatına görə, bu barədə 46-cı musiqi festivalına hazırlıq işləri ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib. Beynəlxalq musiqi festivalının daimi təşkilatçısı İstanbul Kültür və Sənət Vəqfinin başqanı Bülənt Əczacıbaşı mətbuat konfransındakı çıxışında bu ilki festivalın virtuoz ifaçılar konsertində azərbaycanlı violonçelist  Camal Əliyevin də öz məharətini nümayiş etdirəcəyini deyib.

 

46-cı  musiqi festivalında Avropa Birliyi ölkələrindən, keçmiş sovet respublikalarından, Amerika qitəsindən, Uzaq Şərq ölkələrindən və Türkiyədən  bir çox sənətkar, kamera orkestrləri, musiqi qrupları iştirak edəcək.

 

23 may-12 iyun tarixlərində keçiriləcək festivalda solo ifaçılar, orkestrlər, musiqi qrupları İstanbulun müxtəlif konsert salonlarında, dəmiryolu vağzalında, kilsə və sinaqoqlarında çıxış edəcəklər. Sənətşünas alimlər və jurnalist-yazarlar sənətseverərlərin qarşısında çıxış edəcəklər. “Ailə bağları” adı altında keçiriləcək 46-cı İstanbul  musiqi festivalında ilk dəfə uşaqlar üçün də maraqlı proqramlar hazırlanıb. 2016-cı ildən bəri İstanbul beynəlxalq musiqi festivalına Elginkan Vəqfi sponsorluq edir.

 

Qeyd edək ki, İstanbul Kültür və Sənət Vəqfi 1971-ci ildə Əczaçıbaşı Holdinqin qurucu sahibi Nezaj Əczaçıbaşı tərəfindən yaradılıb. İKSV hər il müntəzəm şəkildə musiqi, film və caz festivalları keçirir.

# 430
avatar

Oxşar yazılar