Dağlıq Qarabağ – 30: [b]Münaqişənin anatomiyası –[/b] V YAZI
01 fevral 2018 14:05 (UTC +04:00)

Dağlıq Qarabağ – 30: [b]Münaqişənin anatomiyası –[/b] V YAZI

 

Əvvəli bu linkdə:

 

http://news.lent.az/news/293176

 

 

Dağlıq Qarabağ münaqişəsinin beşinci mərhələsini epidemiya ilə də müqayisə etmək olar. Şərti olaraq “daşlaşma mərhələsi” adlandıra biləcəyimiz bu dövrdə baş verən hər bir insident özündən sonra mütləq neqativ əks-səda verirdi və yeni insidentlərin törədilməsinə səbəb olurdu. 

 

Məhz bu mərhələdə insanlar arasında milli ədavət qızışır və ermənilər üçün azərbaycanlıların, azərbaycanlılar üçün isə ermənilərin düşmən obrazı formalaşırdı. Amma həmin dövrdə erməni və azərbaycanlılar arasında təmaslar tam kəsilməmişdi. Münaqişənin atəşkəsdən sonrakı mərhələsini nəzərə almasaq, “daşlaşma mərhələsi” adlandırdığımız beşinci mərhələ ən uzunmüddətli idi.

 

Sözsüz ki, münaqişənin indiki duruma gəlməsinin qarşısını almaq həmin dövrdə daha asan ola bilərdi. Amma buna cəhd edilmirdi. Tərəflərin başbilənləri süni beynəlmiləlçilik nümayiş etdirən qruplarla nəyəsə nail olacağını zən edirdi. Lakin Azərbaycan tərəfi anlamırdı ki, Kremlin xeyir-duası ilə yaradılan beynəlmiləlçilik görüntüsü erməniləri məqsədinə çatdırmaq üçün oynanılan tamaşadır. Ermənilər isə anlamırdı ki, Azərbaycan istənilən halda və şəraitdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSRİ-nin tərkibinə keçməsinə razılıq verməyəcək. Məhz buna görə də münaqişənin beşinci mərhələsi uzanır və millətlər arasında körpülər yandırılırdı.

 

Amma bu mərhələ tək daşlaşma ilə yadda qalmırdı. Erməni tərəfi hər cəhdlə baş verənlərə hüquqi don geyindirməyə çalışırdı. 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə səs verir. 1989-cu il dekabrın 1-də isə Ermənistan Ali Soveti Dağlıq Qarabağ ermənilərinin yaratdığı Milli Şura birləşmək haqqında birgə bəyanat qəbul edir. Amma təbii ki, bu qərar və bəyanatlar məsələni həll edəcək qüvvədə deyildi. Bu halda ermənilər qüvvələri yeni bir ideya ətrafında birləşdirir və SSRİ-nin dağılmaq ərəfəsində Dağlıq Qarabağda müstəqillik haqqında referendum keçirir. Və bundan sonra ermənilər müstəqillik oyununu oynamağa başlayır.

 

Münaqişənin beşinci mərhələsinin başqa bir özəlliyi isə təşkilatlanma idi. Bundan əvvəlki yazılarda da qeyd etdiyim kimi, ermənilər bu hadisələr başlayana qədər təşkilatlanmışdı. Və iddialara da təşkilatlanmış formada başlamışdılar. Sözsüz ki, bu təşkilatlanma bütövlükdə erməni xalqını əhatə etmirdi. Amma münaqişənin “daşlaşma mərhələsi” sadə erməniləri də bu təşkilatlar ətrafında birləşdirirdi.

 

Azərbaycan isə münaqişə başlayandan sonra təşkilatlanmağa başladı. Sözsüz ki, belə təşkilatlanma Azərbaycan Xalq Cəbhəsi cildində zühur elədi. AXC-nin mərkəzdəki özəyini isə istiqlalçılar təşkil edirdi. Bu təşkilatlanma miqyasına görə çox böyük idi. Amma qarşıya qoyduğu məqsədlər baxımından ermənilərlə qarşı-qarşıya duracaq qüvvədə deyildi.

 

Məsələ onda idi ki, ermənilərin yüz ildən artıq formalaşdırdığı təşkilatların məqsədi ərazilərini genişləndirmək, Azərbaycandan torpaq qoparmaq idi. Sözsüz ki, Ermənistanda da istiqlalçılar vardı. Amma bunlar iki ayrı, paralel xətt idi və müxtəlif yerlərdən idarə olunurdu. Azərbaycanda isə erməni iddialarından hiddətlənərək xalqın təşkilatlanmaq istəyi ilə yaratdığını zənn etdiyi təşkilatın əsas şüarı “İstiqlal” idi. Bu, Azərbaycanı torpaq məsələsindəki məqsəddən yayındırırdı.

Sadə bir misal: İnsanların Topxana meşəsində ermənilərin apardığı tikintiyə etirazının ifadəsi kimi başlayan 1988-ci il mitinqi sonradan müstəqillik arzularının ifadə olunduğu aksiyaya çevrildi.

 

Beləliklə, ermənilərin iki istiqamətli təşkilatları milli maraqlar naminə birgə mübarizə aparır, Azərbaycanda isə bir təşkilat iki istiqamətdə mübarizə aparacağını bəyan edir və qüvvələri parçalanırdı. Xalqın Qarabağı qorumaq üçün yaratdığı AXC hakimiyyət uğrunda mübarizə aparırdı. Bax bu, Azərbaycan milli oyanış dövrünün ən ciddi yanlışı idi.

 

Münaqişənin beşinci mərhələsinin daha bir özəlliyi Kremlin Dağlıq Qarabağda müxtəlif idarəetmə üsulları tətbiq etməsi idi. Və hər belə eksperiment Dağlıq Qarabağı Azərbaycandan uzaqlaşdırırdı.

 

Növbəti mərhələyə keçid 20 noyabr 1991-ci ildə baş verdi.

 

Bu faciənin miqyası, baş vermə səbəbləri, baş vermə yeri, əsas personajları önəmli idi. Bundan əvvəl də Azərbaycan rəsmilərini Şuşaya aparan vertolyot vurulmuşdu. Amma itki olmamışdı. Bu hadisədə isə artıq bütün körpülər yandı. İki xalq arasında qalan SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları bu hadisədən bir ay sonra - 1991-ci ilin dekabrından münaqişə zonasını tərk etdi. Dağlıq Qarabağda qalan yeganə hərbi kontingent 366 saylı hərbi hissə idi. Münaqişənin beşinci mərhələsində müharibə aparacaq qədər hərbi sursat əldə etmiş tərəflər üz-üzə qaldı...

 

Münaqişənin altıncı mərhələsi başladı - Müharibə.

 

(Davamı olacaq)

 

# 310
avatar

Asəf Quliyev

Oxşar yazılar