<span style="color:red;">Dağlıq Qarabağ – 30:  <b>Münaqişənin anatomiyası –  </b><span style="color:red;">IV YAZI
25 yanvar 2018 14:28 (UTC +04:00)

Dağlıq Qarabağ – 30: Münaqişənin anatomiyası –  IV YAZI

 

Əvvəli bu linkdə:

 

http://news.lent.az/news/292984

 

Qarabağ münaqişəsinin dördüncü mərhələsi olan erməni iddialarına Azərbaycanın cavab reaksiyasının son akkordu Sumqayıtda vuruldu. Sözsüz ki, Sumqayıt hadisələri planlaşdırılmış və idarə olunan bir proses idi. Prosesin arxasında Kremlin kölgəsi aydınca görünürdü. Amma Kremldən idarə olunan bu proses kimə - SSRİ-ni dağıtmaq istəyənlərə, yoxsa SSRİ-ni qorumaq istəyənlərə daha sərfəli idi sualı hələ də açıq qalır.

 

1988-ci il fevralın sonunda başa verən Sumqayıt hadisələri barədə bu cinayət işi üzrə məhkəmədə ittihamçı-prokuror kimi çıxış etmiş Aslan İsmayılov “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabında hadisələri detallı şəkildə göstərib. Sumqayıt hadisələrinin idarə olunma mexanizminin detalları, əsas fiqurlardan birinin erməni millətindən olması və sairə hamısı bu kitabda əksini tapıb.

 

Amma Sumqayıt hadisələri ilə bağlı bir sıra suallar var ki, bunlar bu gün də açıqdır və zaman keçdikcə onlara cavab tapılması müşkülləşir.

 

Birinci və ən ciddi sual yuxarıda diqqətinizə çatdırdım: Sumqayıt hadisələri kimə lazım idi – SSRİ-ni dağıtmaq istəyənlərə yoxsa, SSRİ-ni qorumaq istəyənlərə?

 

İkinci, niyə məhz erməni millətindən olan residivist hadisələrin episentrində kütləni idarə edənlərdən biri olmalı idi? Axı onu başqa millətdən olan biri ilə əvəz etmək mümkün idi.

 

Sözsüz ki, bu hadisələr üçün Sumqayıt təsadüfən seçilməmişdi. Hələ 1964-cü ildə Xruşşov hakimiyyətinə qarşı çörək qiyamı qaldırmış bir şəhərin reputasiyası yaxşı deyildi. 1964-cü il hadisələrinin yekunu ilə bağlı hazırlanmış hesabatda Sumqayıtda kriminal elementlərin çoxluğu xüsusi vurğulanır. Şəhərin inkişaf dövründə, zavodların tikintisində  və sənaye nəhənginə çevrilməsində fəhlə qüvvəsinin əsasını təşkil edən buradakı cəzaçəkmə müəssisələrindəki kütlənin neqativ istiqamətə yönəldilməsi çox da çətin deyildi. Və bu imic 1988-ci ilin fevralında təşkilatçıların əsas dayaq nöqtəsi idi.

 

Məhz buna görə də həmin dövrdə Ermənistandan qovulmuş az sayda da olsa azərbaycanlı izolə edilmək əvəzində Sumqayıta yönəldildi. Və son nəticə təşkilatçının istədiyi kimi oldu.

 

Sumqayıt hadisələrindən çox danışılıb, yazılıb və yəqin ki, bundan sonra da bu ermənilərin sevimli mövzusu olaraq gündəmdən düşməyəcək. Amma bu günə qədər heç kimin diqqət yetirmədiyi və Qarabağ münaqişəsi üçün çox mühüm bir dönüş nöqtəsi məhz Sumqayıt hadisələrindən sonra başladı.

 

Erməni iddiaları başlayanda, məhz bu cür “ermənilərin torpaq iddiaları” kimi təqdim olunurdu. Hətta Ağdamda baş verənlər, Əsgəran ətrafında iki nəfərin ölümü də münaqişəyə başqa ad verilməsi üçün bəhanə vermirdi.

 

Məhz Sumqayıt hadisələri ermənilərin ərazi iddialarının yeni müstəviyə, milli münaqişə müstəvisinə keçirtdi. Bununla da Dağlıq Qarabağ münaqişəsini dördüncü mərhələsi olan Azərbaycanın cavab reaksiyası sona çatdı.

 

Münaqişəni beşinci mərhələsi başladı: Daşlaşma mərhələsi.

 

Amma beşinci mərhələnin detalları barədə danışmazdan əvvəl ərazi iddiaları və milli münaqişə müstəvilərinin mühüm fərqlərini, eyni zamanda milli münasibətlərin bəzi detallarını diqqətinizə çatdırım.

 

Bu birmənalıdır ki, ərazi iddialarını həll etmək daha asandır, nəinki milli münaqişəni.

 

Sözsüz ki, ermənilərin də fəaliyyətlərinin kökündə ərazi iddiaları dayanır. Bu iddiaları gerçəkləşdirmək üçün ermənilərin təşkilatlandığı və bu təşkilatlanmanın tarixinin daha qədim olması faktdır.

 

Hələ ötən əsrin əvvəllərində Mir Möhsün Nəvvab erməni “qımdatxanaları” haqqında yazırdı: “Bunlar (ermənilər – A.Q.) hər şəhərdə qımdatxanalar təşkil edirdilər. İlk dəfə Osmanlı şəhərlərində, sonra isə Rusiyanın ayrı-ayrı şəhərlərində belə qımdatxanalar yaratmağa başladılar... Bu qımdatların icmasının müşavirəsində bir qərar qəbul olunurdu ki, hər bir iş sahibi qımdatxanalara pul verməlidir”.

 

Həm Mir Möhsün Nəvvabın əsərlərində, həm də digər mənbələrdə belə erməni mərkəzləri barədə məlumatlar var və bu mərkəzlərin əsas məqsədi erməni dövləti yaratmaq, onun hüdudlarını maksimum genişləndirmək idi. Bir çox hallarda isə sadə ermənilər bu qımdatxanaların məramını təqdir etmirdi. Çünki sadə ermənilərin həyatı bu fəaliyyətdən asanlaşmırdı. Əksinə, problemlər yaranırdı.

 

Bu yerdə sadə ermənilər və azərbaycanlıların münasibətlərinə bir daha diqqət yetirmək lazım gəlir. Müxtəlif misallar gətirmək olar. Amma indi çəkəcəyim iki misal çox ciddi düşünməyə əsas verir.

 

Milli Qəhrəman Allahverdi Bağırov 1992-ci ildə “215 KL” studiyasının əməkdaşına verdiyi müsahibədə belə bir söz deyir: “Elə bilirsiniz ki, burdakı (Qarabağdakı – A.Q.) ermənilərin xoşu gəlir baş verənlərdən. Onların da canı boğaza yığılıb. Deyirlər ki, bizi bunların (qımdatların – A.Q.) əlindən qurtarın”.

 

Milli Qəhrəman Asif Məhərrəmov (Fred Asif) “Qrad” qurğularından atəş açmazdan əvvəl əlini göyə qaldırıb deyirdi: “Ya Seyid Lazım Ağanın cəddi, bu mərmilər uşaqlara, qocalara, günahsız insanlara ziyan verməsin”. Məhz bu dualardan sonra Asif Məhərrəmov atəşə icazə verirdi.

 

Allahverdi Bağırovu və Asif Məhərrəmovu tanıyan hər bir kəs bilir ki, onlar sözü elə belə söz xatirinə demirdilər. Onların sözünün arxasında həqiqət dayanırdı.

 

Azərbaycanlılar və ermənilərin münasibətlərini bu iki sitat tam əks etdirir. Və Qarabağ düyününü ərazi iddiaları müstəvisindən milli münaqişə müstəvisinə keçirənlər də bu iki sitatda ifadə olunan reallığı yaxşı bilirdi.

 

Lakin Sumqayıt hadisələri sadə insanlara təzyiq etmək və onları yönəltmək üçün ilk növbədə erməni xalqını idarə edənlər üçün yeni üfüqlər açdı. Sözsüz ki, ermənilərin aqressivliyi cavabsız qalmırdı. Və beləliklə, münaqişənin daşlaşma mərhələsi gün-gündən vüsət alırdı. 

 

Azərbaycanlıların bu mərhələdə ən çox ehtiyac duyduğu təbii ki, təşkilatlanma idi. 1988-ci ilin fevralında ermənilərin uyuyan hücrələri (qımdatxanalrı və qımdatları) artıq fəaliyyətdə idi. Azərbaycanlılar isə hələ bu işə yenicə başlayırdı...

 

 

# 262
avatar

Asəf Quliyev

Oxşar yazılar