İmişlidə ölən fransız gözəlin son anları: “Ölmək istəmirəm...” - <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
24 yanvar 2018 11:22 (UTC +04:00)

İmişlidə ölən fransız gözəlin son anları: “Ölmək istəmirəm...” - SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

- Adam harda qaldı, deyin də mənə. Hanı o adam, niyə gəlmədi?

 

Yan-yörəsindəkilər, oğul uşaq, nəvə-nəticə əslində o adamın kim olduğunu bilirdilər. Nə yazıqlar ki, əlləri çatmırdı heç nəyə. Daha doğrusu, o adama.

 

Lent.az-ın qəhrəmanı məşhur İvonna nənənin evindəyik. Ölüm ayağında olan, ayağı qanqrenli İvonna nənəgildə. Canı ağrıyır, nəfəsi güclə gedib-gəlir, amma ikimizi də tanıdı. Məni və rejissor Elçin Musaoğlunu.

 

Elçinlə maraqlı zarafatları olub həmişə. Elə indi də zarafatlarından qalmadılar. Hərdən də mənə tərəf baxıb gülümsəyirdi...

 

73 il əvvəl azərbaycanlı partizan Şəmməd Şirməmmədova qoşularaq Azərbaycana gəmişdi İvonna nənə. Fransanın cənubundakı La Fayet qəsəbəsindən İmişlinin Murğuzalılar kəndində gəlin köçmüşdü 17 yaşında. Amma Şəmmədlə bir yerdə çox yaşamamışdılar. Tez vəfat etmişdi əri. 1 yaşlı oğlu Rəfaeli də götürüb Fransaya getmək istəmişdi. Sovet hökuməti onu buraxmamışdı. “Oğlun sovet vətəndaşıdır, qoy, get” demişdilər ona. Bax, o bir yaşlı uşağa görə Azərbaycanı tərk etməmişdi. Sonradan ikinci dəfə ailə qurmuşdu, bu izdivacdan bir neçə uşağı da olmuşdu.  

 

Amma İvonna nənə bir də Fransaya 64 ildən sonra gedəcəkdi.

 

2011-ci ildə İvonna nənənin həyat hekayəsi Lent.az-da dərc ediləndən sonra Avropa Azərbaycan Cəmiyyəti onun taleyi ilə maraqlanmışdı. Məhz TEAS-ın dəstəyi ilə 64 ildən sonra İvonna nənə öz vətəninə gedə bilmişdi.

 

Fransada onun həyat hekayəsi barədə yazmayan qəzet və jurnal qalmamışdı. Fransanın əksər telekanallarının baş qəhrəmanıydı İvonna həmin günlər. Lionda, Parisdə yaşayan qohumları onu sanki ovuc içində gəzdirirdilər. Xüsusən də o adam. Yuxarıda adını çəkmədiyimiz adam.

 

Adı Marseldi onun. İvonnanın əmisi qızı. Uşaqlıq rəfiqəsi. Düz 64 ildən sonra görüşmüşdülər. O səhnəni təsvir etməyə acizəm, üzrlü bilin. Bircə onu deyəcəm; onlar qucaqlaşıb öpüşmədilər 64 ilin ayrılığından sonra. Hər ikisi əllərini bir-birinin üzünə sürtüb bir müddət dayandılar. Sanki barmaqlarının ucuyla bir-birin sifətini oxşayırdılar. Sanki “doğrudanmı bu sənsən İvonna, doğrudanmı bu sənsən Marsel” deyirmiş kimi. Və…

 

Və birdən bir-birinin boynuna sarılıb qulaqbatırıcı bir ağlaşma...

 

...İndi Marselə əli çatmırdı. İndi nə övladlarının, nə mənim, nə də Elçinin əlinə ehtiyacı vardı. İndi Marselin əli, onun sığalı lazım idi ona. O əllər də ki, Murğuzalıdan min kilometrlərlə uzaqlıqda.

 

- İki gün əvvəl danışmışam Marsellə, dedim ölürəm, hardasan? Dedi İvon, biz hələ 100 il yaşayacağıq. Gəlib çıxacaq səncə? Elə edin gəlsin də.

 

- Nənə, bəlkə səni aparaq ora?

 

- Prezident mənə pasport da verdi, dedi gəl.

 

Keçmiş Fransa prezidenti Fransua Olandı deyir.

 

4 il əvvəl Oland Bakıya rəsmi səfərə gələrkən İvonna nənəylə də görüşmüşdü. Yadımdadı, Oland çıxışına belə başlamışdı:

 

- Bu gün madam Botto (İvonnanın qızlıq familiyası) bizə şərəf verib, bura gəlib. Xahiş edirəm, hamınız onu alqışlayasınız. Madam Botto, haqqınızda eşitmişəm. Hətta onu da bilirəm ki, keçmiş prezident Mitterana ünvanladığınız məktubda nədənsə onun adını “Veteran” kimi qeyd etmisiz. (Zada gülüş) Amma gec də olsa, 2011-ci ildə tarixi vətəninizə gəlib çıxdınız. O vaxt bütün Fransa mətbuatı sizdən yazırdı, sanki Fransaya bir ulduz gəlib. Siz doğrudan da ulduzsunuz. Siz Azərbaycan və Fransa münasibətlərində rol oynadınız.

Mən sizin məhəbbətinizin yolunda nələrdən keçdiyinizi, Fransanı tərk edib Azərbaycana gəldiyinizi, burda hətta 7 uşağınızın olduğunu (Gülür, alqışlar) danışmaq istəmirəm. Dünyanın hər hansı yerində bir fransız varsa, o bizimdir, Fransanındır. Biz onları heç vaxt darda, köməksiz qoymarıq. Çünki o, bizim vətəndaşımızdır.

Təşəkkür edirəm, madam Botto. Siz bizə Azərbaycan və Fransa arasında dostluq münasibətlərinin necə də möhkəm olmasına bir əminlik yaratdız (alqışlar).

Nə vaxt istəsəz, gəlin. Siz bizim qonağımız deyilsiniz, öz evinizə, vətəninizə gəlirsiz.

 

- Fransaya gələndə gəlim yanına? Məni buraxarlar yanına?

 

Oland və qonaqlar yenə  gülüşmüşdülər... Prezident ardıyca da “bax, birdən gələrsiz, məni görməmiş gedərsiz, bu yaxşı olmaz” - deyə zarafat edib, İvonannı qucaqlamışdı.

 

 

***

 

İvonna nənə qanqrenin çürütdüyü ayaqlarını göstərir:

 

- Bu ayaqla hara gedim. Mənim ki də elə buracanmış...

 

Kövrəlir, səsi titrəyir.

 

- Nənə, təyyarədə uça bilərsənmi 5 saat.

 

- Uçaram, niyə uçmayım ki?

 

- Onda hazırlaş bir neçə günə səni aparacam La Fayetə.

 

Gözləri gülür.

 

İlahi necə bir işıq var gözündə.

 

- O daşları da atdım getdi.

 

 

Hə, qəfil yadıma düşür. Nənə La Fayetdəki qəbiristanlıqda ata-anasının, qardaşının qəbirlərini ziyarət etmişdi. Hər qəbirin yanından da bir kiçik daş götürmüşdü. Bizə də deyirdi ki, mən öləndə o daşları mənim qəbrimin üstünə qoyarsız.

 

- Niyə atdın ki?

 

- Ölmək istəmirəm…

 

…Çölə çıxırıq. Onu müayinə edən həkimlərlə danışırıq. Biri cərrahdı.

 

- Sol ayağı qanqrendən qapqaradır. Amputasiya eləmək də mümkün deyil. Çünki ürəyi zəifdir. Dözməz.

 

Mən sadəlövhcəsinə soruşaram:

 

- Bəs təyyarədə uça bilər?

 

- Mümkün deyil. Onun ömrünün son saatlarıdır…

 

...Və o saatlar bu gün səhər 8-də başa çatdı. Uçdu, getdi İvonna nənə…

 

 

# 776
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar