[b]Dağlıq Qarabağ – 30: Münaqişənin anatomiyası – II YAZI[/b]
15 yanvar 2018 11:33 (UTC +04:00)

[b]Dağlıq Qarabağ – 30: Münaqişənin anatomiyası – II YAZI[/b]

 

 

Əvvəli bu linkdə: http://news.lent.az/news/292196

 

 

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin ilk 3 mərhələsindən (iddianın ortaya atılması; pıçıltı; tələblərin açıq şəkildə səsləndirilməsi) sonra daha gərgin bir mərhələ başladı. Bu mərhələ sadəcə Azərbaycanın ermənilərə cavab reaksiyası deyildi. Bu, həm də Azərbaycanda iddialara cavab vermək təpəri olan mövcud qüvvələrin üzə çıxması ilə yadda qalan bir mərhələ idi.

 

Ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə və İrəvanda keçirdiyi mitinqlərə səsləndirdiyi tələblərə Bakıda açıq etiraz aksiyası ilə cavab verilmədi. Daha doğrusu, belə bir cəhd oldu. Məndə olan məlumata görə, bu cəhdin əsas təşkilatçılarından biri yazıçı Anar olmuşdu. Amma bu cəhd uğurlu və yadda qalan olmadı.

 

Bakıda Azərbaycanın milli dəyərlərinə yaşatmaqda iddialı olan müəyyən təşkilatlar var idi. Amma bu uyuyan hücrələr ermənilərin iddialarına açıq cavab vermirdi. Doğrudur, artıq həmin vaxt Zori Balayanın “Ocaq” kitabı və ona İsa Qəmbərin “Köhnə bayatılar və təzə əfsanələr” cavabı mövcud idi. Amma nə bu kitab, nə də Ziya Bünyadovun Abel Aqanbekyana cavabı kütlənin malı və kütləni yönəldəcək bir reallıq deyildi.

 

Bu məsələdə çox mühüm bir məqam da Azərbaycan SSR rəhbərliyinin məsələyə münasibəti idi. Azərbaycanın siyasi elitası məsələyə ancaq Kremlin təlimatları çərçivəsində reaksiya verirdi. Ona görə də ermənilərin istər Ermənistanda, istərsə də Azərbaycandakı fəallığı fonunda Azərbaycan çox sönük və müti görünürdü. Bu isə erməniləri bir az da həvəsləndirirdi.

 

Yaranmış durumun ilk dönüş nöqtəsi Ağdamda qoyuldu. 21 fevral 1988-ci ildə Ağdamda ilk mitinq keçirildi. Bu mitinq, sözsüz ki, xalq kütlələrinin iradəsinin ifadəsi idi. Amma birmənalıdır ki, bu mitinq Bakının razılığı və yerli icra strukturlarının təşkilatçılığı ilə keçirilirdi. Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədov, Ağdam rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayevin və digər rəhbər şəxslərin iştirakı birmənalı deməyə əsas verir ki, bu mitinqi Azərbaycan hökuməti təşkil eləmişdi. Amma Azərbaycan SSR rəhbərliyinin bununla bağlı Kremllə razılaşıb-razılaşmadığı sualı hələ də açıq qalır.

 

Mitinq baş tutdu. Münaqişənin dördüncü mərhələsi başladı.

 

İstər çıxışlar, istər əhval-ruhiyə, şər şey Azərbaycanın maraqlarına cavab verirdi. Maraqlı məqamlardan biri də tribunada Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədov, Ağdam rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayevin dayanmasına baxmayaraq, istənilən adamın oraya çıxmaq və söz almaq imkanı olması idi.

 

Yəni hazırlanmış çıxışlar olsa da, böyük əksəriyyəti hazırlanmamış ekspromt nitqlər idi. Hətta mən də, 19 yaşlı fəhlə, nə baş verdiyini anlamaq üçün tribunaya qalxdım. Ağdam rayon Milis Şöbəsinin rəisi, rayon prokuroru geri çəkilib mənə tribunaya qalxmağa şərait yaratdı. Təbi ki, mən çıxış etmədim və bir az dayanıb, qayıtdım meydana. Bütün bunları situasiya barədə geniş təsəvvür yaranması üçün yada saldım.

 

Həmin gün beləcə icazəsiz-filansız tribunaya qalxanlardan biri də Əfqanıstan müharibəsinin veteranı Eldar Səmədov idi. Eldar qısa çıxış elədi və heç kəsin gözləmədiyi halda bildirdi ki, sabaha qədər vaxt veririk. Ya hökumət bu məsələyə son qoymalıdır. Ya da sabah yığışaq gedək Stepanakertə, məsələni həll edək.

 

Təbii ki, bu çıxışdan sonra təlimatlanmış adamlar söz aldı. Və belə bir təklifin lazımsız olduğunu bildirdi. Hətta çıxışçılardan biri Sadıq Murtuzayevi basıb belə bir addım atmayacaqlarını söylədi. Amma Eldar Səmədovun təklifi alqışlanmışdı və meydan bu fikirlə səmimi həmrəyliyini bildirmişdi.

 

Mitinq yekunlaşdı.

 

22 fevral 1988-ci il. Səhər saatlarından insanlar yenə meydan axışmağa başladı. Bax, bu, rəhbərliyin planlarına daxil deyildi. Və 21 fevral mitinqini təşkil edənlər 22 fevralda baş verənləri nə təsəvvür edirdi, nə də buna hazır idi. Amma 22 fevral günü Ağdam rayon partiya komitəsinin binasında Azərbaycan SSR Mərkəzi Komitəsindən başqa bir heyət vardı. Birinci katib və bu heyətə daxil olan şəxslər xalqın qarşısına çıxdı. Artıq dünənki həmrəylik yox idi. Çünki təlimat başqa idi. Rəhbərlik insanlara dağılışmağı tövsiyə etdi.

 

Meydana toplaşan insanların bir hissəsi dağılışdı. Amma üzü Stepankertə gedənlər çoxluq təşkil edirdi. Bu anda təbii bir sual yarandı: “Bəs Stepanakertə nə ilə gedək?” Bilməyənlər üçün xatırladım ki, Ağdamın Stepanakertin arasındakı məsafə 20 km-dir.
Cavab sadə və aydın idi: “Piyada və yürüşlə”.

 

Beləliklə, yürüş başladı. Doğrudur, insanların bir hissəsini müəyyən məsafəyə qədər yük maşınları apardı. Amma yollar yerli milis tərəfindən nəzarətə götürüldüyündən bu müəyyən məsafəyə qədər və qısa zaman kəsiyində mümkün oldu. Əsasən piyada hərəkət edən insanları saxlamaq mümkün deyildi. Milis əməkdaşları bütünlüklə yolları bağlamağa səfərbər olunmuşdu. Rayon rəhbərliyi yaranmış situasiyada bütün vasitələrdən istifadə edərək, insanların qarşısını kəsməyə çalışırdı.

 

Bu yerdə qısa bir aydınlaşmaya ehtiyac var. Həmin dövrdə rəhbər vəzifədə işləmiş və insanların qarşısını kəsmək üçün təlimat almış və bu təlimatla hərəkət edən şəxslər inandırmağa çalışır ki, həmin gün Əsgəran istiqamətində SSRİ Daxili Qoşunlarının əsgərləri varmış və onlar atəş aça bilərmiş. Daha çox itki ola bilərmiş və sairə.

 

Bütün bu məlumatlar yalandır və kimlərinsə özünə bəraət qazanmaq üçün uydurduğu nağıllardır. Həmən gün Əsgəranda heç bir hərbi qüvvə olmayıb. Əsgəranda yerli əhalidən kimlərsə ov silahları ilə, milis isə tabel silahı olan tapançalarla silahlanmış olub. Bu isə çox da böyük qüvvə olmayıb. Yürüşdə iştirak edən Ağdam sakinlərində isə heç bir odlu silah yox idi və ola da bilməzdi. Amma insanların qarşısını kəsməyə səfərbər olmuş milis işçilərində tabel silahı vardı.

 

Qısa desək, situasiya belə idi: Əli yalın yürüş edən azərbaycanlılar, onların qabağını kəsmək istəyən silahlı Ağdam milisi, bu insanlardan müdafiə olunmaq üçün səfərbər olunan silahlı Əsgəran milisi və qismən silahlı erməni əhalisi.

 

Məntiqli bir sual yaranır: Ağdam sakinləri hara gedirdi, silahsız-filansız?

 

(Davamı olacaq)

 

 

 

# 444
avatar

Asəf Quliyev

Oxşar yazılar