Bakıda gənc rəssamın fərdi sərgisi açıldı
16 dekabr 2017 19:39 (UTC +04:00)

Bakıda gənc rəssamın fərdi sərgisi açıldı

Bakıda gənc rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb. APA-nın məlumatına görə, sərginin açılış mərasimində sənətşünaslar, rəssamlar, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rüstəm Məmmədov Leyla Şahbazovanın əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. O, qeyd edib ki, gənc rəssamın təqdim etdiyi əsərləri onun bədii dünyasının təzahürüdür: “Mandala janrı bir çox rəssamların çəkindiyi, baş vurmadığı janrdır. Leyla Şahbazova çox böyük uğurla, yüksək peşəkarlıqla bu işlərin öhdəsindən gəlir. Bu sərgi münasibəti ilə Leyla xanımı təbrik edir, ona yaradıcılıq uğurları arzu edirəm”.

 

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Leyla Şahbazovanın mandala janrında işlədiyi əsərlərinin özünəməxsusluğu ilə diqqət çəkdiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, rəssamın mandaları forma-biçim və məna-məzmun tutumuna görə kifayət qədər fərqlidirlər: “Onun mandala janrında yaratdığı əsərlər sənət tariximizdə yeni səhifənin açılışıdır. Leyla Şahbazovanın ümumi forması obrazlı görkəm almış mandalarında məna-məzmun daşıyıcılığının düşündürücülüyə köklənməsi də onun bədii axtarışlarının alt qata malik olmasından xəbər verir. Yüksək bədii-estetik dəyərinə görə zamansızlığa və məkansızlığa qovuşduğunu sərgiləyən gənc rəssamın mandaları milli təsviri sənət məkanımıza yeni rəng qatmaq gücündədir. Ona görə də həm qədim, həm də müasir olan mandalanın rəssamlığımıza yeni qayıdışını yalnız alqışlamaq olar”. 

 

Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz Leyla Şahbazovanın təqdim olunan əsərlərə yanaşmasındakı peşəkarlığa diqqət çəkib: “Leyla xanımın mandala janrına müraciəti, professional yanaşması məni çox sevindirir. Bu sərgi dünyaya çıxarılmalı sərgidir. Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir. Ona görə də öz tərəfimdən bu sərginin İstanbulda təşkil olunacağına sizin qarşınızda söz verirəm”.

 

Gənc rəssam Leyla Şahbazova sərgidə iştirak edən və onun əsərləri haqqında fikir bildirənlərə təşəkkürünün bildirib. Rəssam hüquq təhsili aldığını, bu sahəyə marağının hələ uşaqlıqdan yarandığını diqqətə çatdırıb: “Mən bu gün təqdim olunan işlərimi təhsil alarkən yaratmışam. Əvvəllər rəssamlıqla xobbi kimi məşğul olurdum. Daha sonra dostlarımın fikirləri məni inandırdı ki, öz işlərimi geniş ictimaiyyət qarşısına çıxara bilərəm. Özümü rəssam, yaxud sənət adamı kimi qələmə verməyə hər zaman çəkinmişəm. Mən hüquq sahəsində çalışıram. Bundan sonra rəssamlıqla daha böyük həvəslə məşğul olacağam. Çünki təqdim etdiyim işlər haqqında eşitdiyim fikirlərdən çox şad oldum”. 

 

Qeyd edək ki, Leyla Şahbazova 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. Əsərlərini libasların, yaylıqların və ev tekstilinin dizaynında tətbiq etməyi təklif edir. 

# 310
avatar

Oxşar yazılar