Fərhad Bədəlbəylinin yubiley konserti keçirildi- <span style="color:red;"><b>FOTOLAR</b>
14 dekabr 2017 02:13 (UTC +04:00)

Fərhad Bədəlbəylinin yubiley konserti keçirildi- FOTOLAR

Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış musiqiçi, xalq artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunan yubiley konserti keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yubiley konserti Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, "Roskonsert", Moskva Filarmoniyasının təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub. Yubiley konsertinin aparıcısı Rusiyanın xalq artisti Vladimir Berezin olub.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bu gün Moskva Filarmoniyasında Azərbaycanın görkəmli sənətkarı Fərhad Bədəlbəylinin 70 illik yubiley gecəsinin keçirilməsinin əlamətdar hadisə olduğunu söyləyib: "Bu gün 60 illik dostum, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin yubiley gecəsi keçirilir. Moskvanın musiqisevərləri, azərbaycansevərləri, bizim mədəniyyətin aşiqləri olanlar bu gün bu konsertə gəliblər. Bu çox gözəl ənənədir ki, bizim görkəmli mədəniyyət xadimləri Rusiya paytaxtında böyük tədbirlər keçirirlər. Mən, fürsətdən istifadə edib böyük dostum Fərhada bundan sonrakı yaradıcılığında da böyük uğurlar arzu edirəm".

 

Daha sonra çıxış Rusiyanın və Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimi, musiqişünas, akademik Janna Dozortseva çıxış edib. O, Fərhad Bədəlbəylinin Rusiya musiqisevərləri tərəfindən çox sevildiyini, sənətkarın ölkəsindən kənarda da böyük nüfuza malik olduğunu bildirib.

 

Alqışlar sədasında səhnəyə çıxan Fərhad Bədəlbəyli yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirib. O, konsertin təşkilinə görə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinə, "Roskonsert"ə, Moskva Filarmoniyasına və Heydər Əliyev Fonduna minnətdarlıq edib.

 

Daha sonra konsert proqramı başlayıb. Fərhad Bədəlbəylini Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri müşayiət edib. Konsertdə Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və orkestr üçün yazdıqları "Ərəb mövzularında konsert", Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyası, Cüzeppe Verdinin "Taleyin gücü" operasından Leonarı ariyası, Fərhad Bədəlbəylinin "Ave Maria", Corc Qerşvinin orkestrlə fortepiano üçün konsert, Sergey Raxmaninovun "İki fortepiano və simfonik orkestr üçün” 2 nömrəli süita əsərləri səslənib.

 

Konsertdə yubilyar Fərhad Bədəlbəyli ilə eyni səhnəni Azərbaycanın tanınmış musiqiçiləri, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə, xalq artisti Yalçın Adıgözəlov, hazırda İtaliyada musiqi təhsili alan opera müğənnisi Azər Rzazadə (tenor), italiyalı opera müğənnisi Kyara İzotton (soprano), dirijor əməkdar artistlər Fuad İbrahimov və Eyyub Quliyev bölüşüblər.

 

Yubiley konsertində SSRİ xalq artisti, opera müğənnisi Tamara Sinyavskaya, TASS informasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman, tanınmış kinorejissor Yuli Qusman,  Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, hər iki ölkənin incəsənət və mədəniyyət xadimləri, tanınmış simaları iştirak ediblər.

 

Konsert proqramı Rusiya tamaşaçılarının böyük marağına səbəb olub.  

# 489
avatar

Oxşar yazılar