“Bilirdim, ölüblər... dedim, bəlkə möcüzə olar...” – <span style="color:red;">Məhv olan ailənin “13 dekabr” yazısı
13 dekabr 2017 16:30 (UTC +04:00)

“Bilirdim, ölüblər... dedim, bəlkə möcüzə olar...” – Məhv olan ailənin “13 dekabr” yazısı

 

"Simran, tez gəl, başımıza daş düşdü, evimiz yıxıldı, tez, özünü yetir!!!"

 

Dayısı Eldarın səsinə yüyürüb Simran. Və gördüklərindən dəhşətə gəlib. Dayısı qızı Ləman iki gül balasıyla birgə hamamda yan-yana uzanıbmış. Ölmüş halda...  

 

- Dayım başını tutub, ağlayırdı. Bir an nə baş verdiyini anlamadım. Dayım da hey qışqırır, fəryad edir. Amma gördüklərimdən dəhşətə gəldim. Dayım qızı və uşaqları böyür-böyürə uzanmışdılar. Birtəhər özümə gəldim. Əllərimlə toxundum. Hər üçü daş kimiydi. İlk ağlıma gələn o oldu ki, nəfəs verim. Əvvəlcə 3 yaşlı Yusifə nəfəs verməyə başladım. Ağzımı ağzına tutub, var gücümlə nəfəs verirdim. Bir də gördüm ağzından köpük gəlir. Üçü də ölmüşdü. Amma mən dayanmadan həm Ləmana, həm də 4 yaşlı Firuzəyə nəfəs verirdim. Bilirdim ölüblər, amma Allahın möcüzəsinə inanmaq istəyirdim. Dedim bəlkə gözlərini açdılar, tərpəndilər. Amma daş kimiydilər. Bütün gecəni hamamda qalmışdılar. Bütün gecəni...

 

Simran danışdıqca həyəcanını, göz yaşlarını saxlaya bilmir. Dizlərinə döyür, əlləri əsir...

 

Hacıqabulda baş verən bu faciə bütün rayonu şoka salıb. Söhbət 33 yaşlı Ləman Əliyevanın yaşadığı evin hamamında qızı – 4 yaşlı Firuzə Əliyeva və oğlu – 3 yaşlı Yusif Əliyev ilə birgə dəm qazından boğularaq ölməsindən gedir.

 

***

 

Balaca dalanda maşın və adam əlindən tərpənmək mümkün deyil. Hüzrə axışanların ardı-arası kəsilmir. Bu gün bu rayonda hamı bir adı da “əzrayıl” olan dəm qazının aldığı bu canlardan  danışır.

 

Bizi yas yerinə dəvət edirlər. Yas çadırında isə onca dəqiqə oturmaq mümkün deyil. Çadıra verilən qaz o qədər keyfiyyətsizdir ki, içəridə 10 dəqiqə oturmaq kifayətdir ki, gözlərin göynəsin, təngnəfəs olasan. Bax, Ləman və iki fidanı da bu qazın qurbanı olublar.

 

***

 

Ləmanın bibisi oğlu Simran danışır:

 

- Ləman əri Vaqiflə iki ildir ki, bir yerdə yaşamırdı. Ayrılmışdılar. Uşaqlarına baxmırdı, münasibətləri korlanmışdı. Ayrılandan sonra Eldar dayım Ləmanı və balalarını götürüb öz evinə gətirmişdi. Heç yerdə işləmirdi Ləman. Onu da, nəvələrini də dayım dolandırırdı. Vaqifin isə uşaqlardan xəbəri belə yox idi. Heç hüzrə də gəlməyib hələ. Deyirlər, guya qəbir üstə gedib. Ən dəhşətlisi o deyil e. Ən dəhşətlisi odur ki, bu gün, hə məhz bu gün dekabrın 13-də Hacıqabul rayon məhkəməsi onların boşanması haqda qərar çıxarmalıydı. Allah özü boşadı, apardı yanına Ləmanı da, balalarını da.

 

Bunu deyib də göz yaşlarını saxlaya bilmir.

 

Simran deyir ki, həmin gün dayısı Eldar axşam saat 6-da işə gedibmiş. Səhərə qədər növbədə olmalıymış. Axşam saat 20 radələrində Ləman Firuzə və Yusiflə hamama giriblər...

 

- Mən adətən gecə saat 1-də, 2-də yatıram. Dayım evdə olanda onunla söhbət edirik, danışırıq. Biz həm də qonşuyuq. Həmin gün bilirdim ki, dayım işdədi, ona görə onlara keçmədim. Səhər tezdən daymı işdən gəlib. Evə keçib. Görüb nə Ləman var evdə, nə də uşaqları. Elə hamama keçəndə görüb ki, qızı və nəvələri bu vəziyyətdə. Tez məni çağırdı. Təsəvvür eləyin, dayım deyir ki, Ləmanın əli qapının cəftəsində qalmışdı. Qapını açmaq istəyib, amma əli elə tutacaqda qalıb, yıxılıb. Son anda balalarını xilas etmək istəyib. Mən ora çatanda baxdım ki, bədənləri daş kimidi. Bütün gecəni hamamda qalmışdılar, özü də dəm qazının içində. Heç nə etmək mümkün deyildi, heç nə. Amma ümid edirdim ki, bəlkə ayıldılar...

 

Simran deyir ki, dayısı şok içində olduğundan Ləmanı və balalarını bir-bir qucağına götürüb, evə gətirib. Deyir, Yusifin gözlərinə baxa bilmirmiş, sanki canlı kimi gözlərini ona zilləyibmiş.

 

***

 

Simranın dostu Şəhriyar danışır.

 

- Yusif o qədər şirin uşaq idi ki, bütün bu məhəllə onu sevirdi. Təsəvvür edin, həmin gecə Yusifi yuxuda görmüşdüm. Gördüm ağlayır. Necə oldu, bilmirəm. Yuxudu axı, qəfil özüm də yuxudan oyandım. Özü də gözüyaşlı. Su içib, yenidən yerimə uzandım. Sübh tezdən telefona baxdım, gördüm ki, Simran bir neçə dəfə mənə zəng edib. Yığdım, dedim nə olub? Dedi Ləman hamamda boğulub. Tez qaçdım onlara tərəf. Nə Ləman, balaları da onunla birgə ölüb. Onların qəbirüstünə getdiz? Getməyin, adamın ürəyi dayanar baxsa.

 

***

 

Qəbir üstündəyik. Ana ayrı, bacı-qardaş ayrı basdırılıb. Sanki qucaqlaşıb yatıblar Yusiflə Firuzə. Üzərilərində də qırmızı örpək.  Və kiçik başdaşı... Azca arxada isə nənələri dəfn edilib, Firuzə xanım. 54 yaşında vəfat edib. Anasının adını qoyubmuş Ləman qızına. İndi nənə, ana və bala bir yerdə yatırlar. Həmişəlik...

 

***

 

Ləmanın atası Eldar kişiylə danışmaq istəyirik. Simran deyir ki, dayısını narahat etməyək. Deyir, hələ də özünə gəlməyib. Söz deyən kimi ağlayacaq. Əsəbləri yerində deyil çünki.

 

- 3 gündür, bu həyətə bəlkə də min nəfər gəlib başsağlığına. Hamısını da mən qarşılayıb yola salıram. Dayım qızına və nəvələrinə çox bağlıydı. Sanki onlarla nəfəs alırdı. İndi də belə. Adi bir sual və ya söz tez özündən çıxardır. Ağlayır, bir saata özünə gələ bilmir. İncitmək istəmirəm onu. Mən özüm o gün gördüyüm mənzərəni ömrüm boyu unutmayacam. Bir ömür bəs edəcək həmin gün gördüklərim mənə.

 

 

Elə bizə də...

# 389
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar